Dünya iqtisadiyyatı dəyişəcək: İstehsalın robotlaşdırılması... - Müsahibə

Dünya iqtisadiyyatı dəyişəcək: İstehsalın robotlaşdırılması... - Müsahibə

Beynəlxalq maliyyə qurularının proqnozuna əsasən, pandemiya nəticəsində qlobal iqtisadiyyat 2020-ci ildə 3 faiz azalacaq. Hazırda böhranın dərinləşməsinin qarşısı alınsa da, normallaşma yolunda addım atan ölkələrin iqtisadi cəhətdən bərpası istiqamətində qeyri-müəyyənliklər var.

İqtisadçı-ekspert Vüsalə Əhmədova ilə bu mövzu ətrafında söhbət etdik. Teleqraf.com onunla müsahibəni təqdim edir.

- Vüsalə xanım, pandemiyadan sonra sürətli iqtisadi canlanma gözləmək olarmı?

- Şübhəsiz ki, pandemiya ilə mübarizədə böyük maliyyə vəsaiti tələb olunur. Bunu həll etməyə çalışan dövlətlər iqtisadiyyatdakı bütün oyun qaydalarını da dəyişirlər. İnsanların və əmtəələrin hərəkət azadlığı məhdudlaşdırılmış vəziyyətdədir. Demək olar ki, bütün iqtisadi fəaliyyət sahələrinin normal həyata nə zaman qayıdacağı ilə bağlı qeyri-müəyyənlik var. Buna görə də, böhrandan sonrakı dayanıqlı iş modeli mütləq dövlətin qərarlarına əsaslanacaq.

Ənənəvi büdcə doldurucuları olan enerji şirkətləri enerjiyə tələbatın düşməsi səbəbindən ciddi maliyyə problemləri ilə üzləşmiş vəziyyətdədir və bu proses qalıcı ola bilər. İqtisadiyyatın çoxdan gözlənilən diversifikasiyası hələ lazımi sürəti əldə etməyib. Eyni zamanda xammal bazarındakı böhran səbəbindən struktur dəyişikliklərinin stimullaşdırılması üçün kifayət qədər maliyyə mövcud deyil.

Rəqabət iqtisadiyyatın səmərəliliyini artırmağa kömək edən əsas vasitədir ki, bazarda rəqabət apara biləcək çox az sayda şirkət qala bilər. Pandemiyadan sonra biznes sahəsini böhrandan sonrakı modelə keçirmək üçün investisiyalara ehtiyac var. Nəticədə dövlət iqtisadiyyatda öz mövqeyini genişləndirəcək və bu şəraitdə məşğulluq, minimum zəmanətli gəlir və vahid dövlət İT infrastrukturunun yaradılması məsələləri ön plana çıxacaqdır. Bu kimi problemləri həll etmək üçün stabil vergi daxilolmaları, sabit büdcə tələb olunur.

- Qorxulu məqamlardan biri də qarşıdakı aylarda pandemiyanın təkrarlanmasıdır. Əgər ikinci dalğa olarsa, dövlətlər pandemiyanı dəf etmək üçün maliyyə vəsaitini haradan əldə edəcək?

- İstehsal sahələrinin davamlı robotlaşdırılması daha yüksək işsizliyə səbəb ola bilər. Belə olan şəraitdə isə sosial təminata tələb artacaq və iqtisadi münasibətlər daha az kapitalist və daha çox sosialist olacaqdır. Nəticədə iqtisadi artım tempi və böyümə, tənəzzül kimi problemlər arxa plana keçə bilər. Əsas diqqət stabilliyə, ilk növbədə əhalinin təməl ehtiyaclarını ödəməyə yönləndiriləcək. Bütün bu səbəblərdən bir çox ölkələr üçün çox böyük dövlət borcu problemi ortaya çıxa bilər.

Odur ki, qarşıdakı aylarda COVİD-19 təkrarlanarsa, dövlətlər pandemiyanı dəf etmək üçün bənzər metodlara əl atmağa məcbur olacaq. Hələ ki əsas dövlət borcu istiqrazlarla deyil, dollar və avro kimi xarici valyutalarla ödənir. Əgər onlara da inam itirilsə, böhrandan çıxış mümkünsüzləşə bilər.

- Pandemiyanın yaradacağı yeni dünya düzəni haqda nə demək olar?

- Pandemiya bitdikdən sonra böyük şirkətlərdən tutmuş kiçik və orta sahibkarlara qədər yeni biznes modelinə keçid üçün strategiyalar hazırlamağa başlayacağı ehtimalı yüksəkdir. Artıq “Home-ofis”lər və virtual əvəzedicilərdən istifadədə artım müşahidə olunur. Səbəbsiz deyil ki, hazırda internet modemlərə tələbat kəskin artıb. Deyərdim ki, pandemiya nə qədər çox davam edərsə, dəyişiklik də bir o qədər güclü olacaq.

Nəticələr göz qabağındadır: uzaqdan fəaliyyət mümkün olduqca yeni normaya çevrilməkdədir. Bunun qeyri-mümkün olduğu sahələr var. Məsələn, turizm, ictimai iaşə, sərnişin daşıma, hava nəqliyyatı, hansı ki, ən ciddi zərbəni də onlar aldı və bu böhrandan nə vaxt və necə çıxacaqları bəlli deyil.

- Turizmdən söz düşmüşkən, bu sektorda fəaliyyət göstərənləri və eləcə də hava nəqliyyatında işləyən insanları nə gözləyir?

- Səyahət çox güman ki, əvvəlki kimi olmayacaq. Termal kameralar, əşyaların dezinfeksiyası və bir çox digər səbəblərdən aviadaşımaların qiymətlərinin qalxacağı gözlənilir. Buna görə insanlar səyahət etməyə qərar verməzdən əvvəl dəfələrlə götür-qoy edəcək. Neft və qaz hasilatı, maşınqayırma, daşınmaz əmlak və bank sektorundan sonra dünyanın ən böyük gəlirli sahələrindən biri turizmdir.

Hazırda turizm praktik olaraq varlığını dayandırmış vəziyyətdədir və hava nəqliyyatının əvvəlki səviyyədə nə vaxt və necə canlanacağı bəlli deyil. Həm turizm, həm də hava nəqliyyatı ilə bağlı vəziyyət enerji sənayesi və neft hasilatında nələrin baş verəcəyini təxmin etməyə imkan verir.

- Daha hansı dərin dəyişikliklər gözləmək olar?

- Bir pandemiyanın iki ay davam edəcəyini təsəvvür etsək – dünya iqtisadiyyatı iki ay dondurulur, əhali və biznes sahələri ödənişlərlə dəstəklənir, sonra isə ÜDM-da müəyyən qədər itkiləri çıxmaq şərti ilə iqtisadi həyat təxminən əvvəlki vəziyyətinə qayıdır. Belə olsaydı iqtisadi modellər böyük dəyişikliklərə məruz qalmazdı. Ancaq görünən odur ki, vəziyyət daha ciddidir.

- Sosial məsafə şəraitində iqtisadiyyatın irəliləməsi nə dərəcədə mümkündür?

- Bu, mövcud iqtisadi modelin bir növ yenidən qurulması deməkdir. Məsələn, rəqəmsal uzaqdan idarəetmə modelinə keçid, “onlayn” alış-veriş, çatdırılma və s. Pərakəndə satışın öz yerini “onlayn” sifarişlərə verdiyini isə inkişaf etmiş ölkələrdən daha çox Çində müşahidə edirik.

- Sənaye sahələrinin necə, “onlayn” idarə olunacağı ilə bağlı təxminlər də etmək olar?

- Avtomatika və robot texnikası inkişaf edir, fiziki əməyin payı azalır, kapitalın payı isə artır. Sosial məsafə qaydasına görə fabrik və zavodlarda daha az adamın olması tələb olunur. Bir insanın robotla əvəzlənməsi daha ucuz və təhlükəsizdir.

- Görünən odur ki, pandemiya insan əməyini ikinci plana keçirir. İşsiz insanlara kompensasiya necə həyata keçirilə bilər?

- Keçid dövrlərində hər zaman bir çox insanın işini itirdiyi müşahidə olunub. Sanki vəziyyət XIX əsrdə istehsalın mexanikləşdirilməsi zamanı baş verənlərə bənzəyir. Tektonik dəyişikliklər baş verir, çox sayda insan əvvəlki peşəsi ilə qazanmaq imkanından məhrum olur. Bu isə inqilablara, xoşagəlməz siyasi nəticələrə səbəb ola bilər.

Buna görə də, siyasi baxımdan dövlətin rolu hazırkı şəraitdə itirən insanların itkisini kompensasiya etməkdir. Bu isə dövlətin necə inkişaf etməsindən asılıdır.

İqtisadi tarazlıq modelini çəksək, fiziki təmas tələb olunan xidmətlərin qiymətinin (məsələn, bərbərlər) artacağını və nəticədə iqtisadiyyatdakı bu xidmətlərin payının azalacağını, yəni lüks məhsullara çevriləcəyini demək olar. Fiziki təmas tələb edən malların nisbi qiymətlərinin artması səbəbindən bu məhsulların istehsalı da azala bilər. İnternetlə əlaqəli sahələr isə daha ucuzlaşacaq. Hazırda qida təhlükəsizliyi baxımından inkişaf etdiriləcək sahə kənd təsərrüfatıdır, bölgələrin rolu da bu baxımdan artacağı gözlənilir.

- Pandemiyadan iqtisadi olaraq hansı ölkələr qazanclı çıxa bilər?

- “COVİD-19” pandemiyasının əsas təsiri əlbəttə, qlobal iqtisadiyyat üzərindədir. Görülən tədbirlər iqtisadiyyatdakı durğunluğu hələ ki aradan qaldırmayıb, çünki real bazarlarda hərəkətlilik durmuş vəziyyətdədir. Bu belə davam edərsə, növbəti 2 il boyunca dünya iqtisadiyyatının bərpa olacağını gözləmək olmaz. Pandemiyanın hətta dünya iqtisadiyyatını tarixi böhran səviyyəsinə sürükləməsi mümkündür. Bəzi elm adamları qlobal iqtisadiyyatdakı dalğalanmaların nəticədə daha böyük ölkələrə təsir edəcəyini, zəif iqtisadiyyatların isə çox şey itirməyəcəyini qeyd edirlər.

Ancaq mən belə düşünmürəm. Dünyanın bütün aparıcı ölkələri müasir dünya nizamının mümkün çökməsi halında fəaliyyət planlarının nə olacağını artıq müəyyən ediblər.

ABŞ tərəfindən son dövlərdə tətbiq edilən sanksiyalar Avropa, Asiya və Afrikada ABŞ-a bağlı olmayan regional iqtisadi ittifaqların yaradılmasını bir baxımdan təşviq etdi. Əgər pandemiyadan əvvəl ABŞ məhdudlaşdırıcı tədbirlər tətbiq etmək üçün əsas bəhanə olaraq “milli təhlükəsizlik maraqlarına” istinad edirdisə, hazırda qlobal pandemiya şəraitində ABŞ-ın sanksiyalar tətbiq etməsi üçün bəhanə axtarmasına ehtiyac yoxdur. Bütün dünya təcrid olmuş vəziyyətdədir.

Beləliklə, pandemiya proteksionizm (milli iqtisadiyyatın stimullaşdırılmasına, daxili bazarın xarici rəqabətdən qorunmasına yönəldilmiş dövlət siyasəti) üzərində qurulan dünya nizamını qanuniləşdirmək üçün uyğun bir fürsət verdi. Artıq milli maraqlara fokuslanan proteksionist siyasəti qlobal mənzərənin təbii bir hissəsi kimi qəbul edə bilərik. Ancaq liderlik mövqeyini itirmək istəməyən ABŞ-ın beynəlxalq ticarət müqavilələrinə qoşulmanın üstünlüklərini gözardı edərək, özünü ikitərəfli ticari münasibətlərlə məhdudlaşdıracağını da gözləmək olmaz.

Çin istehsalçıları isə dəyişən bazar şərtlərinə digərlərindən daha sürətli uyğunlaşma qabiliyyətlərini dəfələrlə nümayiş etdiriblər. Ehtimal ki, Çin pandemiya ilə mübarizədən uğurla çıxa biləcək. Birja indeksləri Çində yüksəlişdədir, lakin ABŞ və Avropa üçün əsl çətinlik hələ öndədir.

- Hesab etmək olarmı ki, neft erası başa çatır və gələcəkdə “qara qızıl”ı nə əvəz edə bilər?

- Neft sənayesi pandemiyanın Avropa və ABŞ-da sürətlə yayılmasının və OPEC+ ölkələrinin apardığı uğursuz danışıqların ardınca xammal qiymətləri demək olar ki, dibə vurdu. Tələbatın demək olar ki, 20%-ə düşməsi, bütün stokların və mövcud bütün tankerlərin dolması həddən artıq hasilat böhranına səbəb oldu. Belə bir vəziyyətin uzun sürməsi yalnız şist neft quyularının deyil, çox sayda quyunun məcburi şəkildə bağlanmasına səbəb olacaq.

Ancaq bu, həm də yeni layihələrə investisiya qoyuluşunun dondurulması, o cümlədən mövcud layihələrin dayandırılması deməkdir. Bu isə daha böyük problem sayılır. Neft erasının başa çatdığını demək isə hələ tezdir.

- Qlobal iqtisadiyyatın post-pandemiyadan sonrakı vəziyyəti ilə bağlı müsbət proqnozlar vermək olarmı?

- Virusun iqtisadiyyat üzərindəki təsirinin müsbət olacağını düşünsək, iqtisadi artımın az da olsa davam edəcəyini, aparıcı mərkəzi bankların pul təklifini artıracağını söyləmək olar. Bunlar isə iqtisadiyyatların tənəzzülə uğramadan artım templərini sürdürmələrinə kömək edə bilər, yəni qlobal böhran olmayacaq.

Tənqidi yanaşsaq, pandemiyanın qlobal iqtisadi artım üçün dağıdıcı ola biləcəyi sirr deyil. “Sosial məsafə siyasəti”nin böhranı artıracağı və gələcəkdə əlavə problemlər yaradacağı ehtimalı yüksəkdir. Dövlətlər istehlakçılar vasitəsilə şirkətlər üzərində siyasi təzyiq həyata keçirirlər. Bir çox ölkə strateji əhəmiyyət daşıyan sektorlarda, o cümlədən qida və tibb sənayesində milli istehsalın bərpası üçün səy göstərir. Daxili bazarlar üçün dəstək siyasəti yenidən populyarlıq qazanır. Bu, müsbət haldır.

Pandemiyanın qlobal iqtisadiyyat üzərində təsirlərini qiymətləndirmək hələ tezdir. Ancaq bütün böyük ölkələrin əksəriyyəti bugünkü çətinliklərə qarşı strategiyalarını müəyyənləşdiriblər. Əvvəla, vəziyyətin ciddiliyi Beynəlxalq Valyuta Fondunun (BVF) icraçı direktoru Kristalina Georgievanın 80-dən çox inkişaf etməkdə olan ölkənin Fonddan ümumilikdə 2,5 trilyon dollar məbləğində maliyyə yardımı istəməsi barədə açıqlamasında təsvir olunur.

İkincisi, əksər xammal qiymətlərində enmə, əsasən CRB indeksində 30%-dən çox enmə bazarları 20 il əvvəlki qiymət səviyyəsinə qaytardı.

Üçüncüsü, dünyanın ən böyük mərkəzi bankları faiz dərəcələrini minimuma endirdikdən sonra dünyada faiz dərəcələrinin səviyyəsi 2008-2009-cu illərdə olduğu vəziyyətə qayıtdı.

Dördüncüsü, G-20 ölkələri martın 26-da keçirilən “virtual” iclasda dünya iqtisadiyyatına monetar və fiskal stimul formasında 5 trilyon dollardan çox vəsait əlavə etmək barədə razılığa gəldilər.

Hazırda əsas sual dünya iqtisadiyyatının və ya konkret hər hansı bir ölkənin nə qədər gerilədiyi deyil, iqtisadiyyatın pandemiyanın ardından necə görünəcəyidir. Əksər ölkələrdə iqtisadi artımın geriləməsinə baxmayaraq iqtisadiyyatın əvvəlki vəziyyətə qayıda biləcəyi sual altındadır. İnsanların böhrandan əvvəlki həyat tərzinə qayıdacağı, yoxsa, evdə oturarkən formalaşdırdıqları yeni vərdişlər və işgüzar münasibətləri inkişaf etdirəcəyi də həmçinin. Hər kəsi eyni sual maraqlandırır.

Mənbə: teleqraf.com