Azərbaycan ordusunun intriqa nüvəsi

Azərbaycan ordusunun intriqa nüvəsi

Son illər iyun ayı daxil olan kimi Azərbaycanda bütün əsgər və zabitlərin ordu gününə, peşə bayramına hazırlıq ruhunda olduğu açıq-aşkar görünür. Bu il də pandemiya dövrünə düşməsinə baxmayaraq ordu sıralarında döyüş əzmi, bayram əhvalı sezilir.

Maraqlıdır, niyə məhz son illər? Məsələnin mahiyyətini dərindən araşdırmaq üçün hərbçilərin son illər sosial durumu, xidmət şəraitində baş verən müsbət dəyişikliklərə fikir vermək kifayətdir.

Ordu hər zaman bizim fəxr yerimiz, güvəncimiz olub, bizi qoruyan qəhrəman oğullarımıza arxalanıb gecələr rahat yata bilmişik. Bəs həmin hərbçilər də özlərinin xüsusi olduğunu hiss ediblərmi? Onların üzərinə düşən Vətən keşikçisi missiyasını canla başla yerinə yetirməyə ruhlandırılıblarmı?

Yazı hazırlanarkən ünsiyyətdə olduğum, 90-cı illərin sonundan ordu sıralarında xidmət etmiş hərbçilərin danışdıqları adamı, yumşaq desək, dəhşətə gətirir.

Sabiq müdafiə naziri Səfər Əbiyev ordunu intriqa ocağına çevirmişdi. Hətta, xatırlayırsızsa, Milli Məclis deputatları dilə gələrək Səfər Əbiyevin kabinet naziri olduğunu bəyan edirdilər. Bir sıra millət vəkillərilə yanaşı, əksər hərbi ekspertlər də iddia edirlər ki, o, ciddi bir islahatı və ya Dağlıq Qarabağ münaqişəsində əhəmiyyətli taktiki gedişilə fərqlənməyib. Əksinə, məhz Səfər Əbiyevin zamanında orduda idarəçilik böhranı, intriqalar, əsgər ölümləri və sair neqativ hallar daha geniş şəkildə vüsət alıb. Məhz elə buna görə də o, daim tənqid hədəfi kimi gündəmdə olub.

Yüksək rütbəli zabitlərin izlətdirilməsi, sonradan isə şantaj olunaraq müəyyən addımlara təhrik edilməsi Səfər Əbiyev idarəçiliyini səciyyələndirən əsas mənzərə idi. Təbii ki, ordu rəhbərliyində olan bu kimi intriqalar xidmət edən əsgərlərə də sirayət edirdi. Nəticədə, orduda intihar hadisəsi adi hala çevrilmişdi. Təbii ki, daim pusquda duran düşmən də bu haldan xeyli məmnun idi və hər fürsət düşdükcə bundan öz mətbu orqanlarında istifadə edirdi.

Xidmətdə irəliləyən heç bir zabit Əbiyev və əlaltılarının intriqasının qurbanı olacağından sığortalı deyildi. Çünki bir çox peşəkar kadrların küsdürülməsini və ordudan uzaqlaşdırılmasını hər kəs müşaiyət edə bilirdi. Bu isə orduda ruh düşkünlüyü yaradan əsas amil idi.

Digər tərəfdən Səfər Əbiyevin nazir olduğu vaxtlarda orduya ayrılan vəsaitin öz biznes şəbəkəsinə ötürməsi nəticəsində şəxsi heyətin qida və təminatında böyük problemlər yaranırdı ki, bu da əsgərlərin müxtəlif xəstəliklər tapması ilə nəticələnirdi. Övladını əsgərliyə göndərən valideyin onun hansı xəstəliklə qayıdacağını bilmirdi. Bütün bunların da kökündə Əbiyevin dövlət tenderlərini öz biznes ortaqlarına ötürüb, “yuyaraq” xarici ölkələrdə mülklər sahibi olması dayanırdı.

Bununla bağlı xırda bir nümunə. Sabiq nazir Müdafiə Nazirliyinin geyim şifarişlərini öz nəzarətində saxlayırdı. Fabriklərdə istehsal olunan hərbi geyimlərin qiymətləri ikiqat artırılır və orduya, dövlətə külli miqdarda ziyan vurulurdu. Sabiq nazirin qardaşı Rüstəm Əbiyevin "Baki Əyirici-Toxucu" ASC-də direktor müavini olması Səfər Əbiyevin gizli əməliyyatlarının üstünün açılmasına, ona yönəlik ittihamlara səbəb olduğundan sonradan qardaşını oradan uzaqlaşdırdı.

Geyimin hərbçi, xüsusilə də yay-qış düşmənlə üz-üzə səngərdə duran əsgər üçün nə qədər önəmli olduğunu hər kəs bilir. Həmin vaxt başı Çexiyadakı əmlaklara qarışan “kabinet naziri” Səfər Əbiyev, təəssüf ki, dərk etmirdi.

Mənbə Hit.Az

Mənbə: milletinsesi.info