Ötən üç ayda İrana 417,4 milyon dollar sərmayə yatırılıb

Ötən üç ayda İrana 417,4 milyon dollar sərmayə yatırılıb

Tehran, 5 iyun, AZƏRTAC

Cari ilin ötən 3 ayı ərzində İrana ümumilikdə 417 milyon 400 min dollar sərmayə yatırılıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İranın İqtisadiyyat Nazirliyi məlumat yayıb. Bildirilir ki, sərmayələr Sistan-Bəllucistan, Əlborz, İsfahan, Kürdüstan və Tehran vilayətlərinə yatırılıb. İrana investisiya yatıran ölkələrdən Almaniya, Avstriya, Çin, İtaliya və Birləşmiş Ərəb Əmirliklərini göstərmək olar. Hazırda İranda həyata keçirilən 18 iqtisadi layihənin 6-sı 100 faiz xarici sərmayə hesabına reallaşır. Xarici sərmayənin 78 faizi İranın sənaye, 11 faizi isə mədən sahəsinə yatırılıb.

İranın sanksiyalara məruz qalmasına baxmayaraq, investisiya cəlb etməsi heç də təsadüfi xarakter daşımır. İran dünya iqtisadiyyatı üçün sərfəli bazar olmaqla yanaşı, həm də böyük xammal potensialına malikdir. İranda neft-qaz resursları ilə yanaşı, mis, dəmir və digər faydalı qazıntılar var ki, bunlar da sərmayə tələb edir.

 

Rabil Kətanov

AZƏRTAC-ın xüsusi müxbiri

Tehran

Mənbə: azertag.az