"SOCAR Polymer"in maskalar üçün xammal istehsalı fasiləsizliyi təmin edəcək"

"SOCAR Polymer"in maskalar üçün xammal istehsalı fasiləsizliyi təmin edəcək"

Sumqayıt Kimya Sənaye Parkının rezidenti "SOCAR Polymer" MMC tibbi maskaların hazırlanmasında istifadə olunan xüsusi növ parçalar üçün xammal istehsalına başlayıb.

İqtisadçı-ekspert, millət vəkili Vüqar Bayramov bunun istehsalda fasiləsizliyin təminatı, istehsalın genişləndirilməsi və gələcəkdə ixrac imkanları baxımından əhəmiyyətli olduğunu qeyd edib.

"Tibbi maskaların istehsalı zamanı ən çox müzakirə edilən məsələlərdən biri məhz xammalın necə əldə edilməsi ilə bağlı olub. Dünyada tibbi maskalara tələb artıb, tibbi maska istehsal edən ölkələr ixracını dayandıraraq daxili tələbatı ödəməyə çalışırlar. Maskaların istehsalı zamanı yerli xammalın istifadə edilməsi istehsalda fasiləsizliyi təmin etməyə imkan verəcək", - V.Bayramov bildirib.

O, yerli tələbatın artmasının istehsal tələbini artırdığını, xammalın yerli mənbələr hesabına ödənilməsinin isə istehsalı genişləndirməyə imkan yaradacağını qeyd edib.

Millət vəkili bildirib ki, daha çox tibbi maska istehsalı bir müddət sonra ixrac imkanları deməkdir.

"Hazırda tibbi maska yerli tələbi ödəmək üçün nəzərdə tutulur. Növbəti dövrdə məhsulların bir qisminin həm də ixrac olunması gözlənilir. Regionda tibbi maskalara tələb yüksəkdir. Tələb yüksək olduğuna görə istehsal edilən maskaların bir qisminin ixrac edilərək ölkəyə əlavə valyutanın daxil olması mümkündür. Bu da həmin maska istehsal edən müəssisələrin maliyyə dayanıqlılığının artırılması baxımından vacibdir", - V. Bayramov qeyd edib.

Millət vəkili yerli xammaldan istifadə olunmasının həm də xammal asılılığını aradan qaldırmağa imkan verdiyini əlavə edib. "Dünyada xammal qıtlığı mövcuddur. İstehsal artdıqca xammal qıtlığı yaranır və yerli xammaldan istifadə olunması ilə tibbi maska istehsal edən müəssisələrin xaricdən idxalına ehtiyac yaranmayacaq. Bu da imkan verəcək ki, xammalda idxaldan asılılığı aradan qaldırmaq mümkün olsun. Çünki bir tərəfdən xammal xarici valyuta ilə idxal olunduğu üçün istehsal zamanı xərcin artmasına gətirib çıxardır, digər tərəfdən asılılıq yaranırdı".

Millət vəkili əlavə edib ki, yerli xammal bütövlükdə Azərbaycanda qeyri-neft sektorunda tibbi maska istehsalının davamlı təmin edilməsinə imkan verəcək.
Sonxeber.az

Mənbə: sonxeber.az