Müqaviləsiz çalışanlar karantin günləri üçün ödəniş alacaqmı? - Ekspert

"Hər hansı bir formada günəmuzd çalışanların işləmədiyi günlərə görə ödəniş almaq ehtimalı sıfırdır”.

Qaynarinfo xəbər verir ki, bu sözləri iqtisadçı ekspert Natiq Cəfərli bu həftə sonundan tətbiq ediləcək xüsusi karantin rejimi ilə əlaqəli olaraq günəmuzd işləyən insanların əmək haqları məsələlərinin necə həll oluna bilməsindən danışarkən deyib.

Ekspert bildirib ki, bu gün çox təəssüf, bir çox müqavilələrdə işçilərin əleyhinə olan məsələlərin qeyd olunmasının şahidi oluruq. Yəni sahibkarlar çox vaxt günəmuzd çalışanların işinə müqabil ödəniş etdiklərinə görə belə fors-major situasiyalarda ödəniş etməkdən imtina edirlər.

"Əgər işləyən şəxs günəmuzd və rəsmi müqavilə ilə çalışırsa və müqavilədə onlara əmək haqqının verilmə qaydası necə nəzərdə tutulubsa, elə də tənzimlənməlidir”.

Natiq Cəfərli qeyd edib ki, bu gün Azərbaycanda ən böyük problem qeyri-rəsmi iş yerləridir ki, (günəmuzd iş yerləri) burda qeyri rəsmi, müqaviləsiz çalışılır.

 

"Çox təəssüf ki, bu da onların gündəlik gəlirlərinə mənfi təsir edəcək. Güman ki, bu situasiya növbəti həftələrdə də davam edəcək. Bu, ay ərzində bir neçə dəfə təkrarlanarsa, insanların qazancına çox ciddi təsir edəcək”.

Ekspertin sözlərinə görə, əgər Azərbaycanda gücləndirilmiş karantin rejimi deyil, fövqəladə vəziyyət elan olunsaydı, onda fors-major qaydalar işə düşəcəkdi və bu, insanların hər birinin bu günlər üçün maaş almasına imkan yaradacaqdı.

"Gücləndirilmiş karantin rejimi olduğu üçün bu rejimdə ancaq bağlanmış müqavilələr qüvvədə qalır. Ancaq fövqəladə vəziyyətlərdə bağlanmış müqavilər qüvvədən düşür, yeni müqavilə öhdəlikləri üçün zəmin yaranır. İndi bu zəmin yoxdur, ona görə də işçilərə ödəniş etmək sahibkarların insafına qalıb”.

Qeyd edək ki, Azərbaycan ərazisində koronavirus pandemiyasının yaratdığı vəziyyətlə əlaqəli olaraq Nazirlər Kabinetinin imzaladağı qərara əsasən 06 iyun gecə saat 00:00-dan 8 iyun səhər saat 06:00-a qədər ölkədə xüsusi karantin rejimi tətbiq olunacaq.

Günay İlqarqızı

Qaynarinfo.az

ƏVVƏLKİ XƏBƏR

“Ümumiyyətlə, istirahət mərkəzlərinə peyğəmbərimiz və onun səhabələrinin adını vermək haramdır...”

SONRAKI XƏBƏR

Azərbaycanın kubokunda 6-cı əvəzetməyə icazə verildi