Babək rayonunda taxıl biçininə 34 kombayn cəlb ediləcək

Babək rayonunda taxıl biçininə 34 kombayn cəlb ediləcək

Babək, 5 iyun, AZƏRTAC

Muxtar respublikanın Babək rayonunda ötən ilin payızında bu ilin məhsulu üçün rekord həddə taxıl əkini aparılıb. Belə ki, 12 min hektara yaxın taxıl sahəsindən yüksək məhsuldarlıq gözlənilir. Artıq yaxın günlərdə biçin kampaniyasına start veriləcək. Bunun üçün rayonda 34 kombayn saz vəziyyətə gətirilib.

AZƏRTAC-ın Naxçıvan bürosu xəbər verir ki, “Naxçıvan Aqrolizinq” Açıq Səhmdar Cəmiyyətinin xətti ilə güzəştli şərtlərlə alınan kombaynlar biçin prosesində istifadə olunacaq texnikalar içərisində çoxluq təşkil edir. Qeyd edək ki, gün ərzində 30-35 hektar taxılın sahəsində biçin apara bilən əvvəlki texnikalar ilə müqayisədə gətirilən müasir kombaynların iş əmsalı daha yüksəkdir. Bu da taxılın itkisiz və optimal müddətdə biçilib götürülməsinə daha əlverişli şərait yaradır. Biçin kampaniyası ərəfəsində həmin texnikalara hərtərəfli baxış keçirilib və onların texniki vəziyyəti yoxlanılıb.

Qeyd edək ki, biçin kampaniyasında mühüm işlərdən biri də yanğın təhlükəsizliyinə əməl olunmasıdır. Bunun üçün Naxçıvan Muxtar Respublikası Fövqəladə Hallar Nazirliyinin yerli qurumu tərəfindən kəndlərdə torpaq mülkiyyətçiləri, icra nümayəndələri, mexanizatorlar və bələdiyyələrin iştirakı ilə görüşlər keçirilib, biçində iştirak edəcək şəxslər yanğın təhlükəsizliyinə qarşı maarifləndirilib. Bir sözlə, taxıl biçininə hazırlıq tam başa çatdırılıb və bu iş yaxın günlərdə ilk olaraq rayonun Şıxmahmud və Nehrəm kəndlərində başlayacaq.

Mənbə: azertag.az