Əkinçilər susuzluqdan dad çəkir: “Suyun qabağını əjdaha kimi kəsən kimlərdir?”

Əkinçilər susuzluqdan dad çəkir: “Suyun qabağını əjdaha kimi kəsən kimlərdir?”

Xocavənddə su problemi məsuldarlığa ciddi təsir göstərir.

Cebhe.info əməkdaşı ilə söhbətdə əkinçilər problem səbəbilə məhsuldarlığın aşağı düşəcəyini bildiriblər.

“Ümumiyyətlə, bizim əkdiyimiz ərazilərdən keçən su arxlarına ehtiyac olmadığı zaman su buraxılır. Bəzi vaxtlar su gəlsə də, çox az olur. Onunla suvarma mümkün olmur. Yaşadığımız çətinliklərin nəticəsini biçin vaxtı görürük. Demək olar ki, əkdiyimiz məhsulun yarısı yanır”,- deyə Aslan Quliyev vurğulayıb.

Aslan Quliyev Xocavənd rayon Muğanlı kənd sakinidir. O, digər həmyerliləri kimi işğaldan sonra Haramı düzü adlanan ərazidə məskunlaşıb. Əsas məşğuliyyəti əkinçilik olan xocavəndlilər uzun müddətdir ki, suvarma suyunun olmadığından şikayətlənirlər: “Xocavənd əhalisi əsasən dənli və yem bitkilərinin əkini ilə məşğul olur. Torpağın münbit olması bol məhsula imkan versə də, Füzuli rayon Yuxarı Mil Muğan Hidroqovşağının rəhbərliyi tərəfindən suvarma suyu ilə imtahana çəkilmişik. Dəfələrlə lazımı ünvanlara müraciət edildiyi halda, hələ də Xocavənd sakinlərinə qarşı olan bu münasibətin səbəblərini anlaya bilmirik. Belə ki, ətrafdan keçən Yuxarı Qarabağ, Aşağı Mil kanalları daim dolu olduğu halda, Yuxarı Mil kanalı Yalnız Xocavənd ərazisinə qədər bol sulu olur. Bu da əhalinin suvarma suyuna olan ehtiyacını ödəyə bilmir. Mənbəyini Horadiz qəsəbəsi yaxınlığından götürən Yuxarı Mil kanalının üstündə quraşdırılan böyük həcmli su nasosları səhər tezdən işə salınır və axşam söndürülür. Həmin vaxt ərazində Xocavəndə bir damcı da suyun gəlməsinə imkan vermir”,- Aslan Quliyev deyib.

Onu da iddia edir ki, su nasosları regionda böyük əkinçilik təsərrüfatı ilə məşğul olan məmurlara məxsus olması barədə söhbətlər gəzir. Həmin qurğular axşam söndürüldükdən sonra əraziyə səhərə yaxın su çatdır:

“Axşam nasos söndürüldükdən sonra artıq qalan su səhər saatlarında Xocavənd ərazisinə çatır. Səhər isə yenidən işə salınan matorlar suyu çəkir. Bəs Xocavənd rayonunda olan əhaliyə ayrılmış su fondu necə olub? Bu, ayrılmış fonddan kimlər istifadə edir? İstifadə edilmədiyi halda yığılan su pulları nə üçündür? Əjdaha kimi kanalın qabağını kəsənlər kimlərdir? “İran su vermir, Arazda su yoxdur” deyirlər. Əhalinin tək gəlir mənbəyi əkinçilikdir, onu da belə puç edib, bizi möhtac vəziyyətə salırlar”.

Sözügedən problemlə bağlı aidiyyatı qurumlara rəsmi müraciət edilsə də heç bir nəticə əldə edilməyib.

Xatırladaq ki, suvarma siyu ilə bağlı problemə Prezident İlham Əliyev də dəfələrlə çıxışlarında diqqəti çəkib.

“Azərbaycanda infrastruktur layihələrinin əksəriyyətinin artıq tamamlandığını nəzərə alsaq, bu, infrastruktur layihələri sırasında bir nömrəli layihə olacaqdır ki, onun icrası nəticəsində su ehtiyatlarına nəzarət, idarəedilmə və bərabər bölgü təmin olunacaq. Çünki burada narahatlıq doğuran məsələlərdən biri odur ki, bəzən su ehtiyatlarının paylanılması zamanı yerli icra orqanları bunu qeyri-bərabər şəkildə edirlər və nəticədə müəyyən şirkətlər qrupu əsassız üstünlük əldə edir”,- deyə Prezident İlham Əliyev mayın 15-də CISCO şirkətinin təşəbbüsü ilə bu şirkətin icraçı vitse-prezidenti və baş maliyyə direktoru xanım Kelli Kramer, vitse-prezidenti Qay Ditrix və CISCO rəhbərliyinin digər nümayəndələri arasında videokonfransda deyib.

Suvarmanın ən vacib infrastruktur layihəsinə çevrildiyini deəyn dövlət başçısı “Bu məqsədlə bu yaxınlarda mən dövlət komissiyasını yaratdım və ona keçmiş İqtisadiyyat nazirimiz, yaxşı tanıdığınız Şahin Mustafayev rəhbərlik edir. Maliyyə naziri, İqtisadiyyat naziri, Ekologiya və Təbii Sərvətlər naziri, Kənd Təsərrüfatı naziri, dövlət suvarma qurumunun rəhbəri bu komissiyasının üzvləridir. Əvvəlcə onlar bizim bütün su ehtiyatlarımızı qiymətləndirəcəklər”,- deyib.

Mənbə: cebhe.info