Estoniya COVID-19-un yayılma riskinin yüksək olduğu ölkələrə uçuş qadağasının müddətini uzadıb

Estoniya COVID-19-un yayılma riskinin yüksək olduğu ölkələrə uçuş qadağasının müddətini uzadıb

Tallinn, 7 iyun, AZƏRTAC

Estoniya hökuməti COVID-19-un yayılma riski yüksək olan ölkələrə uçuşlara qoyulan qadağanın müddətini iyunun 21-dək uzadıb.

AZƏRTAC xəbər verir ki, bu barədə İqtisadiyyat və Rabitə naziri Taavi Aas məlumat deyib.

Onun sözlərinə görə, müşahidə olunan vəziyyətə əsasən, iyunun 21-dək uzadılan məhdudiyyət İsveç, İngiltərə, Portuqaliya, Belarus, ABŞ, Rusiya və Belçika kimi dövlətlərə şamil olunacaq.

“Estoniyadan uçuşların həyata keçirilməsinə bu və ya digər ölkədə koronavirusa yoluxma barədə məlumat əsasında icazə verilir. Həmin ölkələrdə virusa yoluxanların sayı son 14 gün ərzində hər 100 min nəfərə 25 yoluxma halını aşmamalıdır”, - deyə T.Aas bildirib.

Estoniya ölkələrdəki epidemioloji vəziyyəti nəzərdən keçirir və gündəlik olaraq məhdudiyyətlərin tətbiq olunduğu ölkələrin siyahısına düzəliş edir.

Qeyd edək ki, ölkədə xarici uçuşlara qoyulan məhdudiyyət əvvəlcə iyunun 7-dək nəzərdə tutulmuşdu.

Asiman Əsədov

AZƏRTAC-ın xüsusi müxbiri

Tallinn

Mənbə: azertag.az