Turizm sahəsində postpandemiya dövrünə hazırlaşmalıyıq- MÜSAHİBƏ-ÖZƏL

Turizm sahəsində postpandemiya dövrünə hazırlaşmalıyıq- MÜSAHİBƏ-ÖZƏL

Ruslan Quliyev: "Hazırkı gedişat onu deməyə əsas verir ki, bu il turizm barədə danışmaq o qədər də asan olmayacaq"

"Təəssüf hissi ilə etiraf etmək lazımdır ki, hər şey əvvəlki kimi olmayacaq"

COVİD-19 pandemiyasının turizm sektoruna təsiri, bundan çıxış yolları, eləcə də postpandemiya dövründə ölkə turizminin mümkün inkişaf perspektivləri ilə bağlı Qlobal Sağlamlıq Turizmi Şurasının fəxri prezidenti, Azərbaycan Sağlamlıq və Termal Turizminə Dəstək İctimai Birliyinin sədri Ruslan Quliyevin "OLAYLAR"-a müsahibəsi

- Ruslan müəllim, öncəliklə sualım dünyanı bürüyən koronavirus pandemiyası ilə bağlıdır. Bu pandemiyanın Azəbaycan turizminə hansı mənfi təsirləri oldu?

-Dünyada qlobal olaraq pandemiya halını alan COVİD 19 virusu dünya həyatını, iqtisadiyyatını böyük bir təhdid altında saxlayır. Təbii ki, bunun turizm iqtisadiyyatına da mənfi təsirləri həddən artıq çoxdur. Belə demək mümkündürsə turizm sahəsini sıfır vəziyyətinə gətirib çıxarıb. Proqnozlar da onu göstərir ki, cari ilin sonuna qədər turizm sahəsində 100 milyondan bir qədər də artıq iş yerlərinin itirilməsinə səbəb olacaq. Ümumdünya Turizm Təşkilatının hesablamalarında göstərilib ki, bu rəqəmin 60 faizini də həmin sahədə fəaliyyət göstərən 25 yaşına qədər gənclər təşkil edəcək. Turizm iqtisadiyyatının itgisi isə təqribən 2 trilyon dolların üzərindədir. Bu da qlobal olaraq milyonlarla müəssisənin yoxa çıxmasına gətirib çıxaracaq.

Azərbaycan da qlobal dünyanın bir hissəsi olduğu üçün, təbii ki, bu təhdidlər ölkəmiz üçün də keçərlidir və davam etməkdədir. Belə ki, ölkələr arasında sərhədlərin bağlanması, aviadaşımaların və digər loqistik xidmətlərin dayanması çox böyük bir problemlər yaradıb. 2017-ci ildən etibarən Azərbaycan böyük bir turizm bumunu yaşayırdı. Əfsuslar olsun ki, qeyd etdiyimiz hadisələr turizmi əngəllədi. Strateji yol xəritəsində də göstərilmişdi ki, 2025-ci ilə qədər Azərbaycan dünyanın ən populyar istiqamətlərindən biri, eyni zamanda 2025-ci ildən sonra ilk iyirmiliyə daxil olmalı idi.

-Turizm sektorunun yaranmış böhranlı vəziyyətdən çıxışı tezliklə mümkün olacaqmı?

-Əlbəttə, burada biz Cənab Prezident tərəfindən istər 19 mart tarixində imzalanmış fərman, istərsə də, ondan sonra imzalanan silsilə sənədləri xüsusi qeyd etməliyik ki, məhz həmin fərmanlar sahibkarlıq subyektlərinin bu dönəmdə özlərini ayaqda tutmasına çox böyük dəstək oldu. Əlbəttə ki, bu alqışlanmalıdır. Əks təqdirdə biz ilin sonuna kimi müflis vəziyyətinə düşmüş böyük bir sahibkar ordusunu görə bilərdik. Bu istiqamətdə tədbirlər planının işlənib hazırlanmasında 1.8-ci maddədə daxili turizmin imkişafı ilə bağlı fikirlər əksini tapıb. Bir faktı da qeyd etmək lazımdır ki, bu gün postpandemiya dövründəki turizmdən danışsaq da, əslində bu prosesə indidən start verməliyik. İlkin mərhələdə daxili və regional turizmin inkişaf etdirilməsi vacib məsələ kimi görünür. Sonrakı mərhələdə isə qonşu dövlətlərə səyahətlərin təşkil edilməsi nəzərdə tutulur.

-Konkret olaraq daxili turizmi inkişaf etdirməyin yollarını Siz necə görürsünüz? Bunun üçün hansı zəruri addımların atılmasına ehtiyac var?

-Daxili turizmin inkişafı ilə bağlı dövlətin antiinhisar fəaliyyətlərinin genişləndirilməsi, daxili turizm sahəsində yerli mütəxəssislərin təcrübəsinin o qədər də qənaətbəxş olmaması ilə əlaqədar, bütün turizmə aidiyyəti olan təhsil müəssisələrində və xüsusi turizm treninq proqramlarında yeni modulların tətbiqi mümküündür.

Bundan başqa şəfaflığın, hesabatlılığın, moritorinqlərin təmin olunması üçün ictimai şuraların yaradılması, daxili və gəlmə turizmin inkişafına dəstək məqsədi ilə Turizmə Dəstək Təşviq Fondunun yaradılması, bölgələrdə fəaliyyət göstərən turizm təsisatlarına diferensial verginin tətbiq olunması vacibdir.

- Həm karantin qaydalarının yumşaldılmasının təxirə salınması, həm həftə sonu qadağaları onu deməyə əsas verirmi ki, Azərbaycanda yay turizmi o qədər də uğurlu olmayacaq.

-Hazırda əsas məsələ vətəndaşlarımızın təhlükəsizliyi məsələsidir. Onu da qeyd edim ki, Azərbaycan pandemiya ilə mübarizədə ilkin mərhələdə çox böyük bir təcrübəyə imza atdı. Həyata keçirilən adekvat tədbirlər virusun daha geniş yayılmasını önlədi. Eyni zamanda Azərbaycan yardım alan deyil, yardım göstərən nümunəvi ölkələr sırasında qərarlaşdı. Bu müsbət amil Ümumdünya Səhiyyə Təşkilatının hesabatında da açıqlanırdı. Ancaq hazırkı gedişat və ikinci dalğa onu deməyə əsas verir ki, bu il turizm barədə danışmaq o qədər də asan olmayacaq. Hətta mərhələli şəkildə turizm obyektləri açılsa belə, proses kortəbii, kütləvi olaraq gedəcək. Bu da bəlli bir vaxtda qiymətlərin artımına gətirib çıxaracaq.

-Ümumilikdə, Azərbaycanın turizm sektoru postpandemiya dövrünə hazırdırmı?

-Qeyd etdiyim kimi indidən postpandemiya dövrünə hazırlaşmalıyıq və bu istiqamətdə müəyyən addımlar atılmaqdadır. Dövlət Turizm Agentliyi tərəfindən SAHMAN proqramının həyata keçirilməsi, COVİD-19-a qarşı mübarizə tədbirləri çərçivəsində standartların tətbiq olunması və s. onu deməyə əsas verir ki, biz nə zaman bu proqramları tətbiq edə bilsək, insanların səfərləri də bir o qədər tez başlayacaq. Təbii ki, ilkin dövrdə bir tərəddüd ayı olacaq və qiymətlərdə də qeyd etdiyim kimi artım müşahidə ediləcək. Hər bir halda biz bu gün postpandemiya dövrünə hazırlaşmalıyıq. Yeni proqramların işlənib hazırlanması, yeni performanslar, təqdimatların həyata keçirilməsi baş verməlidir. Onu da qeyd edim ki, Dövlət Turizm Agentliyi, müxtəlif assosiasiyalarla birlikdə turizm mövzusunda 50-dən artıq vebnarlarda iştirak edirik. Eyni zamanda Azərbaycanın turizm zonaları ilə bağlı müəyyən proqramlar işləyib hazırlayırıq. Bir daha onu qeyd edirəm, bu il turizm mövsümü barədə danışarkən onu deyə bilərik ki, proqnozlar o qədər də ürəkaçan deyil.

- Bu sahədə kifayət qədər təcrübəsi olan biri kimi Siz nə fikirdəsiniz və postpandemiya dövründə turizm sektorunun daha da canlanması üçün təklifləriniz nədən ibarətdir?

-Təəssüf hissi ilə etiraf etmək lazımdır ki, hər şey əvvəlki kimi olmayacaq. Müasir dövrün tələblərinə uyğun olaraq biz turizmi inkişaf etdirməliyik. Burada Bakı-Tbilisi-Qars dəmir yolu xəttinin də turizmin inkişafına böyük bir töhfəsi ola bilər və bunu nəzərə almalıyıq. Bu xəstəliyin lokallaşdırılması və sərhədlər çərçivəsində minimuma endirilməsindən sonra düşünürəm ki, kontinentlərarası və loqistika, aviadaşımalardan daha çox bu tipli qısa səfərlər daha çox gündəmdə olacaq. Bundan başqa təhlükəsiz dəhlizlər layihəsi var ki, bir neçə ölkə öz imkanları və Ümumdünya Səhiyyə Təşkilatının tövsiyələri ilə COVİD-19-a qarşı qaydaların tətbiq olunmasında fəal iştirak edir. Hesab edirəm ki, ölkələrdə tam əminlik yaranadan sonra bu dəhlizlər reallaşa bilər. İlkin mərhələdə Azərbaycan üçün Türkiyə, Gürcüstan marşrutu daha real görünür. Bu istiqamətdə quru və dəmir yolu xətti ilə səfərlərin təşkil edilmıəsi, sağlamlıq və turizmin digər növlərinin inkişaf etdirilməsi imkanları genişdir.

- Siz Assosiasiya olaraq Azərbaycanda sağlamlıq turizminin inkişaf etdirilməsi istiqamətində də bir sıra uğurlu addımlar atıb, görüşlər keçirmisiniz. Ümumiyyətlə, Azərbaycanda bu sahənin inkişaf etdirilməsi nə dərəcədə real görünür? Və sağlamlıq turizminin inkişaf etdirilməsi üçün hansı marşrutlar, regionlar var?

-Siz bilirsiniz ki, Azərbaycan keçən il Ümumdünya Sağlamlıq Turizm Təşkilatının zirvə toplantısına ev sahibliyi etdi. Təxminən 60 ölkə, 5 milyardlıq bir əhali sayını əhatə edən belə bir təşkilatın zirvə görüşünün Azərbaycanda keçirilmıəsi olduqca əhəmiyyətli idi. Zirvə görüşünün yekunu olaraq qəbul edilən Bakı bəyannaməsində də "sağlamlıq həyat tərzi olmalıdır" fikri əsas götürüldü. Yəni, bir il bundan əvvəl biz dünyaya bu mesajı vermişdik. İnsanlar 11 ay işləyib, yalnız 1 ay istirahət etməli deyil, hər gün öz sağlamlıqlarını düşünməlidirlər. Onu da qeyd etmək lazımdır ki, dövlət tərəfindən də Azərbaycanda sağlamlıq turizminin inkişaf etdirilməsi üçün ciddi addımlar atılır. Staretji Yol Xəritəsində də bu istiqamətdə bir sıra mühüm müddüəlar var. Təbii ki, Yol Xəritələri bir təqvim planı deyil və orada qeyd edilir ki, hər hansı xarici təsirlər, təhdidlər zamanı B planı işə düşür. Bu baxımdan düşünürük ki, hazırkı vəziyyətdə tibbi turizm, velnest, termal, sağlıqlı qidalanma, kulinariya, idman, əlçatan sosial turizmi, üçüncü yaş qrupu turizmi kimi sahələrin Azərbaycanda inkişaf etdirilməsi üçün bütün imkanlar var. Xüsusilə sosialyönümlü turizm layihələrinin həyata keçirilməsinə ehtiyac var. Bu kimi sosial layihələrin dövlət tərəfindən və xarici investorlar tərəfindən dəstəklənməsi ön plandadır. Düşünürük ki, bu gün hər kəsin istirahət etmək hüququ var və burada time share (zamanın bölünməsi) sistemi mühüm rol oynayır. Məlumat üçün qeyd edim ki, bu ikinci dünya müharibəsindən sonra turizmin inkişafında çox böyük bir sıçrayışa gətirib çıxardı. Bu baxımdan Azərbaycanda da insanların istəyindən, həmçinin say və gündən asılı olaraq bəlli bir dinamik, sağlamlıq turizm paketlərinin yaradılması vacibdir. Eyni zamanda böhran və inkişaf innovasiyaları Azərbaycanda sistemli şəkildə tətbiq olunmalıdır. Düşünürük ki, sağlamlıq turizmi çox prioritet istiqamətdir. Çünki 365 günə paylanan bir turizm növüdür. Daxili turizmdə də Azərbaycan daha şanslıdır. Amerika, Fransa və İtaliya təcübəsində də daxili turizm çox böyük bir paya malikdir. Bununla bağlı statistikanı nəzərinizə çatdırım. Mərkəzi Bankın açıqlamalarında qeyd olunur ki, 2017-ci ildə Azərbaycan vətəndaşları ölkə daxilində 4 milyard manata yaxın vəsait xərcləyiblər. Eyni zamanda 22 milyon turizm yerdəyişməsi, çıxışlar edilib. Bütün bunları nəzərə alaraq qeyd edə bilərəm ki, pandemiyanın yaratdığı müqayisəli üstünlüklərdən biri də daxili turizmə fokslanmamızdır. Necə ki, 2015-ci il böhranından sonra Azərbaycan xarici turistlər üçün ucuzlaşmış, cazibəli bir bazar halına gəldi, indi də bu fürsətlərdən istifadə etməliyik.

- Dövlət Turizm Agentliyinin yaradılması bu sektorun inkişafına nə dərəcədə müsbət təsir göstərdi?

-Dövlət Turizm Agentliyinin fəaliyyətində yeni innovativ sistemlərin tətbiqi, Azərbaycanın turizm imkanlarının təbliği, dünyada 7-dən artıq turizm nümayəndəliyinin yaradılması, Şəki, Lənkəran, Gəncədə idarətmə ofislərinin açılması bir daha daxili bazar araşdırmasını mükəmməl bir şəkildə həm yerli turizm operatorları, həm də xarici tərəfdaşlarımız üçün çox böyük bir şansdır. Bu gün ən təqdirəlayiq addımlardan biri də dövlətin təşəbbüsü ilə məşvərət şuralarının yaradılmasıdır.

Süleyman İsmayılbəyli

Olaylar.az

Mənbə: olaylar.az