Bakı turistləri qəbul etməyə tam hazırdır - Dünyanın diqqəti yenidən Azərbaycana yönələcək - VİDEO

Bakı turistləri qəbul etməyə tam hazırdır - Dünyanın diqqəti yenidən Azərbaycana yönələcək - VİDEO

Bir çox mötəbər idman oyunlarına ev sahibliyi edən paytaxt Bakı bu dəfə futbol azarkeşlərini qəbul etməyə hazırlaşır. UEFA Avropa liqasının final oyunu ərəfəsində paytaxtımıza bir çox ölkələrdən həm də turistlər gəlir. Turistlərin səmərəli vaxt keçirmələri üçün rəngarəng parad da təşkil olunur.

 

Rusiya, Almaniya, Xorvatiya, Hollandiya, Hindistan və digər ölkələrdən ölkəmizə gələn turistlər Bakı haqqında ağız dolusu danışır. İçərişəhərdə gəzintiyə çıxan turistlər üçün Bakının müxtəlif tarixi məkanlarına, o cümlədən Azərbaycanın rayonlarına səyahət paketləri təklif olunur.

 

Turistlərin əyləncəli vaxt keçirmələri üçün Azərbaycan futbol federasiyaları Assosiasiyası tərəfindən UEFA Avropa Liqasının final matçına həsr edilmiş bayram həftəsinə start verilib. Mayın 22-dən başlayan parad çərçivəsində paytaxtın mərkəzi küçə və parklarında İngiltərənin tanınmış sima və personajlarının oxşarlarından ibarət aktyor heyəti tərəfindən yürüş keçirilir. Paradın son dayanacağı isə mayın 29-da böyük derbinin keçiriləcəyi Bakı Olimpiya Stadionu olacaq. Bundan əlavə may ayının 25-dən 29-na dək Dənizkənarı bulvar ərazisində futbol azarkeşləri və turistlər üçün xüsusi fan zona fəaliyyət göstərəcək.

 

UEFA Avropa Liqasının final oyunu iki İngiltərə klubu “Arsenal” və “Çelsi” komandaları arasında Bakı Olimpiya Stadionunda 29 may tarixində keçiriləcək. Bu oyun Avropanın 48, digər qitələrin 156 ölkəsində birbaşa yayımlanacaq.

 

Mahmud Rövşənoğlu

 

ATV.az

 

Mənbə: www.atv.az