Tükü özündən bahadır...

Tükü özündən bahadır...

Tovuz, 27 iyun, Ruslan Novruzoğlu, AZƏRTAC

Digər ev quşları ilə müqayisədə xəstəliklərə davamlı olan qazlar həm də məhsuldarlığı ilə seçilir. Tovuzun Kür çayının sahilində yerləşən fermer təsərrüfatında yerli cins qazlarla bərabər, Rusiyadan gətirilən qaz cinsləri də saxlanılır. Uzun boynuna, xarici görünüşünə və çəkisinə görə fərqlənən bu qazlar yaxşı bəsləndikdə 7-10 kiloqramadək ət verir. 35-40 yumurta qoyan qazlar əsasən qışın sonlarında, yazın əvvəlində cücə çıxarır.

AZƏRTAC xəbər verir ki, daha çox qış fəslində əti yeyilən bu ev quşlarının tükü özündən bahadır. Belə ki, qaz tükünün 1 kiloqramı 40-45 manata, özü isə 15-20 manata satılır. Yumurtasının qiyməti isə 50-60 qəpikdir.

Təsərrüfat sahibi Qəhrəman Musayev soyuq mühitdə yaxşı inkişaf edən qazlar üçün süni göl də düzəldib.

Qeyd edək ki, bölgədə qazlar daha çox dekabrın sonlarında və yazda Novruz bayramı qabağı satışa çıxarılır. Yerli sakinlər bayram süfrəsinə hazırlanan təamlarda ən çox bu quşun ətindən istifadə edirlər. "Yeyəsən qaz ətini görəsən ləzzətini" - deyimi də əbəs yerə yaranmayıb.

Mənbə: azertag.az