Müəmmalı şirkət bu universitetin üç milyonluq tenderinin qalibi oldu

Müəmmalı şirkət bu universitetin üç milyonluq tenderinin qalibi oldu

Azərbaycan Dövlət Neft və Sənaye Universitetinin 2020-ci ilin may ayının 19-da iki satınalmaya yekun vurub.

Neft və Sənaye Universitetinin iki lot üzrə (Abadlıq işlərinin satın alınması 545.019 manat, cari təmir işləri 2.515.152 manat) sifarişçi olduğu tenderin ümumi məbləği 3.060.141 (üç milyon altmış min yüz qırx bir) manat, tenderin qalibi isə "Tikinti Bərpa Firması" Məhdud Məsuliyyətli Cəmiyyəti (MMC) olub.

"Tikinti Bərpa Firması" MMC 2011-ci ilin mart ayının 3-də Vergilər Nazirliyinin dövlət reyestrində qeydiyyata alınıb. Dövlət reyestrində şirkətin hüquqi ünvanı Quba şəhəri, 16-cı məhəllə göstərilib.

Qlobal.az xəbər verir ki, şirkətin qanuni təmsilçisi Cəfərov Rafiq İmamqulu oğludur. Məlumata görə Qobustan qəsəbə sakini Cəfərov Rafiq İmamqulu oğlu ötən ilin (2019) may ayında sözügedən şirkətin rəhbərliyinə keçirilib.

Məlumatda o da qeyd olunur ki, Cəfərov Rafiqin və onun oğlunun adına çoxsaylı MMC-lər təsis edilib və bu şirkətlər dövlət maliyyəli qurumların satınalmalarında iştirak edərək qalib elan edilirlər.

Neft və Sənaye Universitetinin tenderinin qalibi olan "Tikinti Bərpa Firması" MMC-nin internet ünvanı və faktiki ünvanı barədə məlumat yoxdur.

Neft və Sənaye Universitetində "cari təmir" və "abadlıq" işləri aparacaq "Tikinti Bərpa Firması" MMC-nin mütəxəssisləri, rəsmi müqavilə ilə çalışan işçilərinin sayı, maddi-texniki bazası da qeyri-müəyyəndir.

 

Eyni zamanda "Tikinti Bərpa Firması" MMC-nin "cari təmir" və "abadlıq" işləri aparması üçün müvafiq dövlət qurumlarının hansı lisenziyalarına sahib olduğu barədə də məlumata rast gəlinmir.

"Dövlət Satınalmaları Haqqında" Azərbaycan Respublikasının Qanununun 6-cı maddəsinin 6.2.1 bəndində malgöndərən-podratçı təşkilatların satınalma müqaviləsinin icrasını təmin etmək üçün müvafiq sahədə peşəkarlığının, təcrübəsinin, texniki və maliyyə imkanlarının, işçi qüvvəsinin, idarəetmə səriştəsinin və etibarlığının olmasının vacibliyi qeyd edilir.

Qarşı tərəf mövqe bildirə bilər.

Qlobal.az

Mənbə: qlobal.az