Azərbaycan və İndoneziya enerji əməkdaşlığına dair memorandum imzalayacaq

Azərbaycan və İndoneziya enerji əməkdaşlığına dair memorandum imzalayacaq

 

Azərbaycanın Energetika naziri Pərviz Şahbazov və diplomatik fəaliyyəti başa çatan İndoneziyanın Azərbaycandakı fövqəladə və səlahiyyətli səfiri Hüsnan Bey Fananie arasında video-konfrans formatında görüş keçirilib.

Energetika Nazirliyindən "APA-Economics"ə verilən məlumata görə, Energetika naziri Hüsnan Bey Fananienin ölkələrimiz arasında dostluq münasibətlərinin möhkəmləndirilməsinə, o cümlədən enerji əməkdaşlığının inkişafına töhfə verən fəaliyyətini yüksək qiymətləndirib və ona gələcək fəaliyyətində uğurlar arzulayıb.

Görüşdə, həmçinin Azərbaycan və İndoneziyanın enerji sahəsində əməkdaşlığının mövcud vəziyyəti və perspektivlərinə dair müzakirələr aparılıb. SOCAR ilə "Pertamina" şirkəti arasında investisiya və neft-qaz yataqlarının inkişafı üzrə əməkdaşlıq məsələləri nəzərdən keçirilib.

Bildirilib ki, "Azərbaycan Respublikasının Energetika Nazirliyi ilə İndoneziya Respublikasının Energetika və Mineral Ehtiyatlar Nazirliyi arasında enerji əməkdaşlığına dair Anlaşma Memorandumu" imzalanmaya hazırdır. Sənədin İndoneziyanın Energetika və Mineral Ehtiyatlar nazirinin Azərbaycana səfəri zamanı imzalanmasının məqsədəuyğunluğu diqqətə çatdırılıb.

Mənbə: apa.az