Azərbaycanın neft gəlirlərinə altenativ varmı? - “Ən azı 2 il...”

Koronavirus pandemiyası neft bazarına da mənfi təsirini göstərir.

Sərhədlərin, turizm sektorunun və digər iqtisadi-ticari əlaqələrin məhdudlaşması neftə olan təlabatı da azaldır. Təlabatda olan azalma isə nəticədə neftin ucuzlaşmasına səbəb olur.

Qeyd edək ki, hazırda dünya bazarında "Azeri Light" neftinin qiyməti 44 dollardır. Azərbaycanın Energetika naziri Pərviz Şahbazov Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzi və "Valday" Beynəlxalq Diskussiya Klubunun onlayn formatda birgə keçirdiyi "Qlobal energetika və beynəlxalq siyasi risklər" adlı beynəlxalq video-konfransda çıxış edərkən bu məsələyə toxunub.

P. Şahbazov bildirib ki, neftə olan tələbatın böhrandan əvvəlki səviyyəsinin bərpası ən azı iki il çəkə bilər:

"Təəssüf ki, indiki qeyri-müəyyənliyi nəzərə alsaq, tələbin gələcəkdə tam bərpa olunacağını inamla gözləmək olmaz. Bəzi hesablamalara görə, neft bazarının sabitləşməsi üçün ən azı iki il vaxt lazımdır”.

Maraqlıdır, bu iki ildə Azərbaycan dövlət büdcəsinə neftdən gələn gəliri hansı alternativ vasitələrlə konpensasiya edə bilər?

İqtisadçı-alim Fuad İbrahimov Cebhe.info-ya açıqlamasında hazırda dünya iqtisadiyyatının tənəzzülə getdiyini deyib:

“Hazırda elə dövr yaranıb ki, koronavirus pandemiyası bütün dünya iqtisadiyyatını öz caynağına alıb. Artıq inkişaf etmiş ölkələrdə ÜDM-nin ardıcıl iki dövr üzrə azalması qeydə alınıb ki, bu da artıq tənəzzül deməkdir. Yəni dünya iqtisadiyyatı tənəzzülə gedir. Belə olduğu halda dünya bazarına koronavirusla bağlı müsbət informasiya daxil olmalıdır. Ən azından vaksinasiyası ilə bağlı məlumat verilməlidir. Vaksinasiya tapıldıqdan sonra isə 6 ay sınaq müddəti keçməlidir. Yəni vaksinasiya tapılandan sonra da hələ 6 ay bu proses davam edəcək. Ən yaxşı halda bu müddət 2 ilə qədər davam edə bilər. Belə olduğu halda iqtisadiyyatımızın bir çox sahələri axsayacaq. Birincisi, ölkələrarası sərhədlərin tam şəkildə açılmaması ixrac potensialını rahat şəkildə həyata keçirmək mümkün olmayacaq. Bundan başqa bu dövr ərzində istehsal və digər sahələrdə, sosial məsəfə və karantin rejiminə görə növbəli iş rejimi yarandı. Bu da nəticədə işsizlik ordusu yaratdı. Yaranmış bu mühit Azərbaycanda makroiqtisadi səviyyənin kiçilməsinə gətirib çıxarır. Belə olduğu halda isə alternativ variantlar da əldən çıxmış olur”.

F.İbrahimov vurğulayıb ki, hazırda Azərbaycanın neftdən gələn gəliri konpensasiya etmək üçün heç bir alternativ vasitəsi yoxdur:

“Bu proqnoz ürəkaçan olmasa da, vəziyyət belədir ki, bizim hazırda neft amilindən əldə etdiyimiz itkiləri bu gün alternativ heç bir şeylə doldura bilmirik. Belə olduğu halda ancaq iqtisadiyyat qənaət parodoksuna uyğun idarəetmə sisteminə keçməlidir. İlk növbədə ancaq sosial yönümlü layihələr prioritet götürülməlidir. Sonradan da mərhələli şəkildə iqtisadiyyatı ayıltmaq mümkün olacaq. Amma neft gəlirlərini əvəz edən alternativimiz yoxdur”.

Vilayət Muxtar
Cebhe.info

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Ruslar istirahətə pul tapmır

SONRAKI XƏBƏR

Fürsətdən istifadə: Çinin dolan anbarları və boşalan büdcələr