“İşsizliyin yaranması kirayə mənzilə olan tələbi aşağı salıb” - Ramil Osmanlı ilə MÜSAHİBƏ

“İşsizliyin yaranması kirayə mənzilə olan tələbi aşağı salıb” - Ramil Osmanlı ilə MÜSAHİBƏ

Koronavirus pandemiyasının yaratdığı fəsadları azaltmaq üçün ölkədə elan edilən sərt karantin rejimi davam edir.

Bu da öz növbəsində hər bir sahəyə mənfi təsirini göstərməkdədir.

Maraqlıdır, əmlak bazarında ümumi durum necədir? Durğunluq bazarın hansı seqmentlərində davam edir?

Bununla bağlı olaraq, Cebhe. info-nun suallarını Əmlak Ekspert Mərkəzinin direktoru Ramil Osmanlı cavablayıb.

- Ramil bəy, hazırda əmlak bazarındakı son durum necədir? Karantin qaydaları bu sahəyə necə təsir edib?

- Ümumiyyətlə, karantinlə bağlı qəbul olunan inzibati qərarların daşınmaz əmlak bazarına mənfi təsirləri var. Amma bütövlükdə bilavasitə bu prosesi həmin inzibatı qərarlarla əlaqələndirməyin əleyhinəyəm. Burada daha çox makroiqtisadi proseslərin pozulmasını qeyd etmək lazımdır. Çünki psixoloji amillərin nəticəsində insanlar dəyəri yüksək olan bazarlara vəsait qoymaqdan daşınırlar. Daha çox öz əllərindəki vəsaiti digər istehlak xərclərinə yönəltməyə çalışırlar və qoruyurlar. Eyni zamanda bu cür dövrlərdə daşınmaz əmlak investisiya aləti kimi öz aktuallığını itirmiş olur. Xüsusilə, nəzərə alsaq ki, hazırkı vəziyyətdə Azərbaycan bazarında manat üzərində də neqativ fikirlər qalmaqdadır, bunun da təsirləri nəticəsində insanlar daşınmaz əmlaka investisiya qoyuluşunu xeyli dərəcədə aşağıya salıblar. İpoteka kreditləşməsi istisna olmaqla, demək olar ki, bütün seqmentlərdə əməliyyatların kəskin azalması, məhdudlaşması prosesi gedir. Bu da öz növbəsində bir sıra istiqamətlər üzrə qiymət azalmasına, eyni zamanda tələbin aşağı düşməsinə, alqı-satqı əməliyyatlarının azalmasına gətirib çıxarır.

- Kirayə mənzil bazarı keçən illə müqayisədə nə qədər zərər görüb?

- Kirayə mənzillərdə də vəziyyət ürəkaçan deyil. Çünki adətən, bu dövr kirayə bazarı üçün daha çox dinamik dövr kimi yadda qalırdı. Hər il bu ərəfələrdə tələbə axını başlayırdı. Tələbələrin gəlişi ilə əlaqədar olaraq, kirayə mənzil bazarına tələbat artırdı. Bu da qiymət artımına gətirib çıxarırdı. Artıq bunun kimi proseslər də görülmür. Eyni zamanda bir sıra istiqamətlərdə iş yerlərinin sayının azaldılaması, işsizliyin yaranması kirayə mənzilə olan tələbi aşağı salıb. Həmin vəziyyət xüsusilə də paytaxtda müşahidə edilir. Yəni sözügedən proseslər bütün seqmentlərdə var, o cümlədən kirayə mənzil bazarında da eyni tendensiya davam edir.

- Yay mövsümü olduğu üçün bağ evlərinə tələbat normalda artmalıdır. Hazırkı durumda bu sahədəki vəziyyəti qənaətbəxş hesab etmək olarmı?

- İstisna yalnız bağ evlərinə olan tələblə bağlıdır. Belə ki, insanlar turizmin məhdudlaşması səbəbindən daha çox daxili turizmə diqqət ayırmağa, üstünlük verməyə çalışırlar. Belə olan halda, dənizkənarı ərazilərdəki fərdi yaşayış evlərinə, bağ evlərinə tələbin artımı və qiymət artımı müşahidə olunur.

- Karantin elan olunmayan ərazilərdə, məsələn, rayonlarda daşınmaz əmlak bazarının inkişafı hansı səviyyədədir?

- Rayonlarda təbii ki, nisbi aktivlik müşahidə olunur. Amma ötən il və ondan əvvəlki illərin göstərcilərilə müqayisə aparsaq, rayonlarda da vəziyyət ürəkaçan deyil. Çünki bilirsiniz ki, inizbati tədbirlər nəticəsində rayonlara gediş-gəliş, insan axını xeyli dərəcədə azalıb. Ona görə də vəziyyət rayonlarda hər il bu mövsümdə aktivləşən kirayə mənzil bazarına mənfi təsir göstərib.

- Torpaq alqı-satqısında son durumla bağlı nə deyə bilərsiniz?

- Heç bir seqmentdə qiymət artımının müşahidə olunmadığı kimi, torpaq alqı-satqısında da eyni durumdur. Bütün seqmentlərdə daha çox azalmaya doğru meyillər var. Düzdür, dinamik, kəskin azalmalar yoxdur. Amma azalmağa doğru müəyyən nisbi meyillər var. Proses yəqin ki, ilin sonunadək davam edəcək. Tam təhlilləri mövsüm sonuna doğru daha dəqiq şəkildə ifadə etmək mümkün olacaq.

- Hazırkı durum stabilləşərsə, qiymət partlayışının şahidi ola bilərikmi?

- Düzdür, bütün prosesləri indidən tam şəkildə proqnozlaşdırmaq mümkün deyil. Hesab edirik ki, hökumət iqtisadiyyatdakı bərpa tədbirlərini artıracaq, sürətləndirəcək. Yəni ayrı-ayrı sahələrin inkişafı üçün zəruri olan tədbirləri görəcək. Amma bu il üçün yox. Çünki builki proseslərdən yəqin ki, artıq keçdi. Lakin növbəti ilin dövlət büdcəsində ayrı-ayrı sahələrin, o cümlədən daşınmaz əmlak bazarının inkişafı üçün hökumət bəzi maddələrinə müəyyən düzəlişlər edəcək, artımlar edəcək. Bu da öz növbəsində həmin sahənin inkişafının sürətlənməsinə gətirib çıxara bilər. Amma partlayış səviyyəsində olacağını hesab etmirəm. Düşünmürəm ki, iqtisadiyyatda yaxın bir il ərzində ən azı, ötən ilki səviyyəyə yaxın artımı bərpa edə bilək.

Naibə
Cebhe. info

Mənbə: cebhe.info