Natiq Cəfərli: “Gələcəkdə neft bazarını kəskin dalğalanma gözləyir”

Natiq Cəfərli: “Gələcəkdə neft bazarını kəskin dalğalanma gözləyir”

Neft hasilatının azaldılması ilə bağlı sazişə əməl etməyən “OPEC+” ölkələri yeni təhdidlə qarşı-qarşıya qalıblar.

Səudiyyə Ərəbistanı bəzi neft ölkələrini "qiymət müharibəsi" ilə təhdid edib. Səudiyyə Ərəbistanının Energetika naziri Əbdüləziz ibn Salman əl-Səud “OPEC+” ölkələrinin videokonfransında deyib ki, “Əgər Anqola və Nigeriya “OPEC+” ölkələrinin neft hasilatının azaldılması barədə sazişə əməl etməsə, o zaman Səudiyyə Ərəbistanı yeni “qiymət müharibəsi”nə başlaya bilər”.

Nazir deyib ki, krallıq neft qiymətlərini qəfildən ucuzlaşdıracaq. Bu isə digər iki istehsalçının mövqeyinə zərbə olacaq. O, "Biz bilirik ki, sizin alıcılarınız kimdir", - deyə əlavə edib.

Səudiyyə Ərəbistanının “qiymət müharibəsi” Rusiya və İrana necə təsir edə bilər?

İqtisadçı-ekspert Natiq Cəfərli Cebhe.info-ya açıqlamasında deyib ki, Krallığın bu mesajı Anqola və Nigeriyanın nümunəsində bütün ölkələrədir:

“Səudiyyə Ərəbistanı Anqola və Nigeriyanı hədəf gösdərərək hasilatın azaldılması ilə bağlı sazişə əməl etməyən Rusiya, İran, İraq və digər dövlətlərə işarə edib. Krallıq bizim atalar sözlərində olan “Qızım sənə deyirəm, gəlinim sən eşit” prinsipini əsas tutub.

Rusiya da öhdəliklərə əməl etmir. İran və İraqla da bağlı oxşar fikirlər var. İraqda bu problem daha çoxdur. Yəni öhdəliklərini yerinə yetirmir. Bu xəbərdarlıq təkcə Anqola və Nigeriya üçün deyil, bütün ölkələrə aiddir. Rusiya, İran, İraq və onlar kimi dövlətlər Səudiyyənin hasilatı azaltmasından istifadə edərək, özləri üzərlərinə düşən qədər azaltmadılar. Bunun texniki səbəbləri də var. Məsələn, Rusiyada hasilatı tez bir şəkildə azaltmaq mümkün deyil. Çünki onlarda köhnə quyulardır. Həmin quyular əsasən, Sibirdə yerləşir. Səudiyyə isə bu məsələdə öndədir. Yəni Krallıq 2-3 gün ərzində hasilatı azaldıb-artıra bilir.

İraqda isə bu heç mümkün deyil. Çünki burada neftə nəzarətin kimin əlində olduğu bilinmir. Yəni mərkəzi hakimiyyətin öz neft strategiyası var. Kürdüstan adlanan bölgə isə özü neft çıxardıb satır. Bu satış isə heç bir yerdə qeydə alınmır. İranda da sanksiyalarla bağlı problem var. Səudiyyə də demək istəyir ki, mənim hesabıma hasilatı artırıb pul qazana bilməzsiz. Nazirin “Biz bilirik sizim müştəriləriniz kimdir” eyhamı da ona işarədir. Çünki Səudiyyə hasilatı azaltdıqca və başqa ölkənin öhdəliklərini də yerinə yetirdiyi üçün müştəri itirir. Bu isə hazırkı zamanda Krallığa heç sərf etmir. Afrika ölkələrinin, o cümlədən də Nigeriyanın əsas neft satdığı Avropa ölkələridir. Bunlar Fransa, İtaliya, İspaniya, Portuqaliya və digərləridir. Səudiyyə Ərəbistanının Energetika naziri də bu ölkələrə daha ucuz neft satacağını bildirdi ki, müştərilərini itirməsin. Martın 6-da da OPEC anlaşması baş tutmayanda Səudiyyə kəskin qiymət endiriminə getdi və ən böyük endirimi Avropa ölkələrinə etdi. Təqribən neftin bir barelini 6.8 dollar etdi. Bu da tarixdə ən böyük endirimlərdən biri idi. Krallıq indi də belə addım ata bilər. Yəni onun buna gücü var”.

Ekspert Krallığın bu təhdidini Rusiyanın Energetika naziri Aleksandr Novakın artımla bağlı fikrinə cavab olduğunu deyib:

“Burada Rusiyanın Energetika naziri Aleksandr Novakın fikri də maraqlıdı. O bildirmişdi ki, avqustun birindən etibarən “OPEC+” ölkələri hasilatı artıra biləcək. Bu gün “OPEC+” ölkələrinin hasilatı azaltması 9.7 milyon bareldir. Amma avqustda 7.5 milyon barelə düşəcək. Yəni hasilatda 2.2 milyon barel artım olacaq. Bu da o deməkdir ki, Rusiya da Səudiyyənin həmin sözləri kimə ünvanladığını bilir. Ona görə də yaxın gələcəkdə neft bazarını növbəti dalğalanmanın gözləməsi mümkündür.

Amma mart-aprel aylarındakı aşağı qiymətləri təkrar görmək çətindir. Neft qiymətlərini daha ucuz şəkildə o zaman görə bilərik ki, koronovirusun 2-ci və 3-cü dalğası olsun. Bu zaman neft qiymətinin 20 dollaradək ucuzlaşmasının şahidi ola bilərik. Amma indiki dövrdə Krallığın təhdidlərlə çıxış etməsinə baxmayaraq neft qiymətinin düşməsi ona da sərf etmir. Çalışacaqlar ki, heç olmasa bu il ərzində neft qiymətlərini 40 dollar koridorunda saxlasınlar. Səudiyyə Ərəbistanı təhdidlə həm də onu demək istəyir ki, neft hasilatını istədiyi vaxr artırıb-azaldan tək ölkədir. Ona görə də o, əlində olan bu çox güclü silahdan istifadə edə bilər. Düşünmürəm ki, hasilatı azaltmayan bir çox ölkələr bu təhdidə məhəl qoysunlar. Əslində burada başqa bir maraqlı məqam da var.

“OPEC+” ölkələrinin hasilatın azaldılması ilə bağlı öhdəlikləri var. Lakin neft satışı ilə əlaqədar heç bir öhdəlik yoxdur. Amma bütün ölkələrin də neft ehtiyatı var. “OPEC+” anlaşması onu göstərir ki, hasilatın artırılması ilə bağlı monitorinqlərin artırılması mümkündürsə də, neft satışı ilə bağlı analoji fikri demək olmaz. Ona görə də müştəri tapan ölkə həmin an öz neftini satmağa çalışır. Sadəcə, Səudiyyə bu sözləri ilə böyük ölkələrə dəmesaj ötürməyə çalışır ki, heç olmasa öhdəliklərinizi iyul ayında yerinə yetirin”

Mənbə: cebhe.info