Bakıda karantin: metro-avtobus, postlar yox, küçələr səssiz... FOTO REPORTAJ

Bakıda karantin: metro-avtobus, postlar yox, küçələr səssiz... FOTO REPORTAJ

Bakı növbəti sərt karantin günlərindən birini yaşayır. Şəhərdə hava günəşli, qızmar, yollar bomboş, səssiz-səmirsiz və dincdir.
Küçələrdə nə avtobuslar var, nə metro işləyir, nə də paytaxtda insan sayı çoxdur.
Azərbaycanın paytaxtı pandemiya səbəbindən tətbiq edilmiş sərt karantin rejiminə uyğun olaraq sükuta qərq olub.
Musavat.com olaraq apardığımız reyd zamanı şəhərdə seyrəklik, səssizlik müşahidə etsək də, şəxsi avtomobildən istifadə edənlər çox idi.
Yəni, şənbə gününün və sərt karantin rejiminin ovqatı ilə müqayisədə avtomobillərin sayı çox, intensiv sayılmalıdır. Bununla belə polis postlarına, sürücülərin xüsusi yoxlanmasına rast gəlmədik.


Amma vətəndaşlar da karantin rejiminin tələbinə əməl etməyə çalışırlar: küçələrdə boş-boş gəzişən adamlar, parklarda istirahət edən insanlar qarşımıza çıxmadı. Ümumiyyətlə, yollarda çox az sayda adam görə bilərsiniz.
Yeri gəlmişkən, yollardakı seyrəklik fürsətindən istifadə edərək “20 Yanvar” dairəsindən “Koroğlu” metrosuna doğru istiqamət - Ziya Bünyadov prospekti bağlanıb, yolda asfaltlama işləri aparılır.


Odur ki, “20 Yanvar”dan “Dərnəgül yolu”na çıxmaq istəyən sürücülər 3-cü mikrorayon dairəsinə doğru getməli, Xutor istiqamətindən hərəkət etməlidirlər. Yolun əks istiqaməti isə açıqdır, yəni “20 Yanvar”a tərəf rahat gəlmək olar.
Bundan başqa, müşahidələrimiz zamanı bir sıra xidmət sahələrinin fəaliyyətdə olduğunu gördük - avtoservislər, maşınların ehtiyat hissələri satılan dükanlar, təbii ki aptek və marketlər iş başındadır. Amma aptek və marketlərdə heç bir ajiotaj, sıxlıq, növbə görmədik.


Xatırladaq ki, Goranboy, Göygöl və Mingəçevir şəhərləri, Bərdə, Xaçmaz, Samux, Siyəzən və Şəki rayonları daxil olmaqla, Bakı, Cəlilabad, Gəncə, Lənkəran, Masallı, Sumqayıt, Yevlax şəhərlərində və Abşeron rayonunda xüsusi karantin rejimi 2020-ci il 5 iyul saat 06:00-dan 20 iyul saat 06:00-dək uzadılıb.

Mənbə: cia.az