Abşeronda genişmiqyaslı dezinfeksiya işləri aparılır

Abşeronda genişmiqyaslı dezinfeksiya işləri aparılır

Xırdalan, 5 iyul, Ətrabə Rzayeva, AZƏRTAC

Abşeron rayonunda COVID-19 pandemiyasının yayılmasının qarşısının alınması məqsədilə elan edilən sərtləşdirilmiş xüsusi karantin rejim qaydalarının təmin olunması və Nazirlər Kabineti yanında Operativ Qərargahın tələb və tövsiyələrinə riayət edilməsi istiqamətində genişmiqyaslı tədbirlər davam etdirilir.

AZƏRTAC xəbər verir ki, Nazirlər Kabinetinin müvafiq qərarına əsasən, Bakı da daxil olmaqla ölkənin on şəhər və altı rayonunda xüsusi karantin rejiminin sərtləşdirilməsinin tətbiqinin ilk günündə Abşeron rayon icra hakimiyyətinin başçısı yanında yaradılan operativ qərargahın tərtib etdiyi qrafik əsasında səhər saatlarından Gigiyena və Epidemiologiya Mərkəzinin, Dezinfeksiya şöbəsinin və Mənzil-Kommunal İstismar sahələrinin əməkdaşları tərəfindən Xırdalan şəhəri də daxil olmaqla, rayonun bir neçə kənd və qəsəbəsində növbəti dəfə gücləndirilmiş dezinfeksiya işləri aparılıb. Xüsusi texnikalardan istifadə olunaraq su şırnaqları ilə əsas küçə və prospektlər, məhəllədaxili yollar yuyulub, sözügedən ərazilərdəki dayanacaqlar, ödəniş terminalları və bankomatlar, o cümlədən fərdi yaşayış evlərinin ətrafları dezinfeksiya olunub.

Abşeron rayon icra hakimiyyətindən verilən məlumata görə, gün ərzində həmçinin Gigiyena və Epidemiologiya Mərkəzinin və Dezinfeksiya şöbəsinin əməkdaşları tərəfindən xüsusi aparatlarla səkilərdə, yol kənarlarında, park və meydanlarda, obyektlərin qarşısında, yol kənarı məhəccərlərdə də tibbi-profilaktiki işlər görülüb.

Dezinfeksiya işləri ilə yanaşı, rayon rəhbərliyi Xırdalan şəhəri də daxil olmaqla bir neçə kənd və qəsəbəni gəzərək Nazirlər Kabineti yanında Operativ Qərargahın son qərar və göstərişlərinin icrası, ciddi karantin rejiminin tətbiqi, COVID-19 infeksiyasına qarşı görülməli olan profilaktik tədbirlərlə bağlı əhali arasında maarifləndirmə-təbliğat işlərini aparıb.

Həmçinin gənc könüllülər də mütəmadi olaraq sakinlər arasında ictimai maarifləndirmə tədbirlərini davam etdirir, onlar koronavirus pandemiyasına qarşı istifadə üçün əlcək və tibbi maskalar paylayırlar. Bununla yanaşı, təbliğat-təşviqat şüarları yazılmış stiker-etiketləri əhalinin daha çox toplaşdığı məkanların, ticarət və iaşə obyektlərinin, apteklərin, bankomatların, ödəmə terminallarının qarşısına, ictimai nəqliyyat vasitələrinə, şəxsi avtomobillərə yapışdırılır.

Mənbə: azertag.az