İnkubasiya və akselerasiya mərkəzləri region gəncləri üçün nə dərəcədə əlçatandır?

"Regionlarda yaşayan və startap ideyası olan gənclərin Bakıdakı biznes inkubasiya xidmətlərinə çıxışı çox azdır. Biznes inkubasiya xidmətlərinin regionlarda da təşkili bu prosesə təkan vercək".


Bu sözləri TED.az-a açıqlamasında İSE-Startup klubun rəhbəri Turan Süleymanov deyib.


O, inkubasiya-akselerasiya mərkəzlərinin bölgələrdə gördüyü işlərdən danışarkən bildirib ki, ölkəmizdə startap və bu sahədə yaradılacaq biznes imkanlarının potensialı çoxdur: "Azərbaycan iqtisaidyyatında yaradılan əlavə dəyərin 6.4, işləyən əhalinin məşğulluğunun isə 18.5%-i kiçik və orta biznesin payına düşür. Bu, ATƏT ölkələrinin ortalaması ilə müqayisədə çox kiçik rəqəmdir. ATƏT ölkələri üzrə isə yaradılan dəyərin 60, işləyən əhalinin 60-70%-i kiçik və orta bisnesin payına düşür. Azərbaycanda kiçik və orta biznesin milli iqtisadiyyatda az çəkiyə malik olması bu sahədə fəaliyyət göstərən müəssisələrin daha az əlavə dəyər yaradan sahələrdə konsentrasiya olunmasına səbəb olur. Kiçik və orta biznesin təxminən 51%-i ticarət və təmir, 15.1%-i nəqliyyat və anbar, 16.7%-i isə digər sahələrə düşür. Ölkəmizdə biznes inkubasiya xidmətlərinin keyfiyyətinin artırılması daha böyük dəyər yaradan biznes sahələrində startap və bizneslərin yaranmasına təsir göstərəcək".


O bildirib ki, bu sahədə irəliləyiş əldə edilməsinin yollarından biri biznes inkubatorların fəlaiyyətinin təkmilləşdirilməsi ilə yanaşı, bu xidmətlərin regionlar da daxil olmaqa, hər kəs üçün əlçatanlığından ibarətdir: "Azərbaycanda hazırda 6-sı universitetlərin tərkibində olmaqla, təxmini 18 biznes inkubator fəaliyyət göstərir və onların əksəriyyəti Bakıda yerləşir. Araşdırmalar göstərir ki, qeyd olunan biznes inkubatorların sadəcə 5-i 3 xidməti - pre-inkubasiya, inkubasiya və akkselerasiyanı birgə göstərir. Digərlərinin xidmətləri isə daha məhduddur. Ölkəmizdə regionlarda yaşayan və startap ideyası olan gənclərin Bakıdakı biznes ikubasiya xidmətlərinə çıxışı çox azdır. Biznes inkubasiya xidmətlərinin regionlarda da təşkli bu prosesə təkan vercək. Nəqliyyat, Rabitə və Yüksək Texnologiyalara Nazirliyinin UNDP ilə birgə həyata keçirdiyi “İdeyadan Biznesə” layihəsi çərçivəsində Şamaxı, Sabirabad, Gəncə və digər rayonlarda səfərlərdə oldum, layihə çərçivəsində regionlarda yerləşən startaplara mentorluq xidməti göstərdim. “İdeyadan biznesə” layihəsi bu istiqamətdə atılmış çox gözəl təşəbbüsdür. Səfər zamanı maraqlı biznes ideyası olan gənclərin ehtiyac və istəkləri ilə yaxından tanış oldum. Düşünürəm ki, rayonlarda startap və kiçik biznesin inkişafını dəstəkləmək üçün biznes inkubasiya xidmətlərinin əlçatanlığına ehtiyac var. Bu həm Bakı ilə müqayisədə regionlardakı işsizlik probleminin aradan qaldırılması, həm də bölgələrin iqtisadi inkişafına təkan verəcək".


T.Süleymanov qeyd edib ki, hazırda KOBİA bu istiqamətdə böyük işlər görür, layihələr həyata keçirir: "İnanıram ki, bunların nəticələrini yaxın vaxtlarda görə biləcəyik. Həmçinin regionların iqtisadi inkişafında kənd təsərüüfatının rolunu nəzərə alaraq yüksək dəyər yarada bilən aqro-biznes sahəsində də region gənclərinin böyük rol oynayacağını düşünürəm.Hazırda Kənd Təsərrüfatı Naziliyi bu sahədə bəzi layihələr həyata keçirir. Fikrimcə, bu xidmətlərin regionlarda əlçatanlığı yaxın gələcəkdə aqro-biznes sahəsində də yeni startp və bizneslərin yaranmasına müsbət təsir edəcək. Hazırda COVID-19 pandemiyası ilə əlaqədar regionlarda inkubasiya mərkəzlərinin açılmasında gecikmələr ola biləcəyinin nəzərə alaq. Belə olduqda Bakıdakı inkubasiya mərkəzlərinin dövlətin dəstəyi ilə İKT imkanlarından yararlanaraq regionlara onlayn xidmətlərin göstərilməsi az vaxtda problemin aradan qaldırılmasına səbəb olacaq".

Lamiyə SÜLEYMANLI

Ted.az

ƏVVƏLKİ XƏBƏR

I sinfə qəbulu üçün keçirilən onlayn müsahibələr başa çatıb –BŞTİ

SONRAKI XƏBƏR

50 milyon insanın ölümünə səbəb olan qara vəba yenidən yayıldı