Bankların vətəndaşlardan VÖEN tələb etməsinə ekspertdən açıqlama

Bankların vətəndaşlardan VÖEN tələb etməsinə ekspertdən açıqlama

Sosial şəbəkədə yayılan məlumata görə, banklar kredit istəyən vətəndaşlardan vergi ödəyicilərinin eyniləşmə nömrəsini (VÖEN) tələb edir.

Bank məsələləri üzrə ekspert Əkrəm Həsənov Bizimyol.info-ya açıqlamasında bankların istehlak kreditindən çox biznes kreditinə üstünlük verdiyini açıqlayıb.

 

Əkrəm Həsənov

“VÖEN-i olan şəxs sahibkardır. Banklara istehlak krediti deyil, biznes krediti vermək maraqlıdır.

Bu məqamda qeyd edim ki, dövlət başçısı keçən ilin sonunda və bu ilin əvvəlində banklara istehlak kreditindən çox biznes kreditini verməyə çağırış edib. Bu çağırışla bağlı Mərkəzi Bank və Azərbaycan Banklar Assosiasiyası bəyanatlar veriblər”,-deyə ekspert bildirib.

Ə.Həsənov qeyd edib ki, banklar biznes kreditlərini daha çox ticarət şəbəkələrinə veriblər: “Həmin ticarət şəbəkələri də əhaliyə nisyə mal satır. Yəni faktiki istehlak krediti verilir. Amma Mərkəzi Bank və və Azərbaycan Banklar Assosiasiyası hesabat verəndə formal olaraq biznes kreditlərinin artdığını bildirirlər.

Onu da deyim ki, neftin qiymətinin aşağı düşməsi nəticəsində devalvasiya gözləntisi var. Odur ki, Məkəzi Bankın və bankların devalvasiya qorxusu, milli valyutaya olan təzyiq də bankları istehlak krediti verməkdən çəkindirir.

Devalvasiya gözləntisi olduğuna görə bəzi vətəndaşlar banklardan kredit götürüb dollar almaq istəyir. Onlar düşünürlər ki devalvasiya olandan sonra dolları satsınlar və həmin satışdan əldə olunan vəsaitin bir hissəsi kredit borcuna verilsin, bir hissəsi də onların qazancı olsun”.

Ekspert deyib ki, bankların biznes kreditini təyinatı üzrə istifadəsinə nəzarət etmək hüququ yoxdur: “Kredit təyinatı üzrə istifadə edilməsə belə bank buna görə məsuliyyət daşımır. Amma sahibkar bankdan götürdüyü biznes kreditini təyinatı üzrə istifadə etməsə, sahibkar Cinayət Məcəlləsinə görə məsuliyyət daşıyır.

Amma istehlak krediti alan vətəndaş həmin vəsaitlə dollar alsa belə onu məsuliyyətə cəlb etməyəcəklər. Ona görə də banklar dollar satışına müəyyən məhdudiyyətlər qoyub”.

Ramid İbrahimov

Mənbə: www.bizimyol.info