Fond bloklanmış əmanətlərə görə - NAZİRLƏR KABİNETİNƏ MÜRACİƏT EDİB

Fond bloklanmış əmanətlərə görə - NAZİRLƏR KABİNETİNƏ MÜRACİƏT EDİB

Əmanətlərin Sığortalanması Fondu (ƏSF) bağlanan banklarda qadağa olan zaman qəbul edilən əmanətlərin məsələsinin həll edilməsi üçün Nazirlər Kabinetinə müraciət edib.

FED.az xəbər verir ki, bu barədə iyulun 6-da problemli əmanətçilərlə görüşdə Əmanətlərin Sığortalanma Fondunun icraçı direktoru Tural Piriyev məlumat verib.

Qeyd edək ki, söhbət banklara əmanət qadağası qoyulan dövrdə qəbul edilən əmanətlərin qaytarılmasından gedir. Beklə əmanətlərin sahibləri haqlı olaraq bildirir ki, onlar belə qadağanın olmasından xəbərsiz olublar, banklar isə bunu gizlədiblər. Mərkəzi Bank və Fond da bu məsələdə əmanətçilərin günahsız olduğunu qəbul edir və Nazirlər Kabinetinə müraciətin səbəbi də odur ki, hökumət Konstitusiya Məhkəməsinə müraciət edərək qanunvericiliyin şərhini alsın. Bu qərar əsasında həmin əmanətçilərin pulları qaytarılacaq.

Qeyd edək ki, bu gün bağlanan bankların əmanətçiləri Mərkəzi Bankın qarşısında etiraz aksiyası keçiriblər və bundan sonra onları ƏSF-də qəbul ediblər. Görüşdə əmanətçilər bölünən əmanətlərlə bağlı problemi qaldırıblar. Fond rəhbərliyi bu məsələnin də yaxında həll olunacağını bildirib.

Bundan başqa, əmanətçilər yatırım əmanəti (yəni üzərinə hər ay əlavələr edilən əmanət) olanların çətinliklə üzləşdiyini qeyd ediblər. Fond rəhbərliyi bildirib ki, həmin əmanətlər əslində sığortasızdır və onlar öz problemlərini həll etmək üçün adi qaydada məhkəməyə müraciət etməlidirlər.

Mənbə: fed.az