Türkiyə 6 xarici banka birjada qısamüddətli - SATIŞ QADAĞASI QOYDU

Türkiyə 6 xarici banka birjada qısamüddətli - SATIŞ QADAĞASI QOYDU

İstanbul birjası altı xarici banka qısa mövqe (short position) açmağı qadağan edib.

FED.az xəbər verir ki, bu barədə birjanın saytında yerləşdirilən açıqlamada bildirilib.

İyulun 6-dan etibarən “Barclays”, “Credit Suisse” və “Merrill Lynch” üç ay, “Goldman Sachs”, “JP Morgan” və “Wood and Company” isə bir ay müddətinə İstanbul birjasında qısamüddətli satışlar edə bilməyəcək.

Müvafiq qərar maliyyə əməliyyatlarının tənzimlənməsi sahəsində Türkiyə qanunlarının pozulması ilə əlaqədar qəbul edilib. Belə ki, iyulun 1-də bu banklar İstanbul birjasında qısa mövqelər açdıqları barədə bazarın digər iştirakçılarına məlumat verməyiblər.

Ayın əvvəlində İstanbul birjası “BIST 30” indeksinə daxil olan şirkətlərin qiymətli kağızlarının qısa satışına qoyulan qadağanı ləğv etsə də, birja terminalındakı müvafiq düyməni basmaqla bazara bu satış növü barədə məlumat vermək tələbi irəli sürüb.

Qısa mövqe (short position) investor tərəfindən bazarda katirovka qiymətlərinin düşməsindən qazanc əldə etmək ümidi ilə açılır. Bunun üçün investor brokerdən girov müqabilində səhmlər alır və bazarda satır. Sonradan səhmlər ucuzlaşdıqda, eyni sayda, lakin aşağı qiymətə onları satın alıb brokerə qaytarır. Satış qiyməti ilə alış qiyməti arasındakı fərq investorun qazancı olur. Girov müqabilində götürülən səhmlərin dəyəri, əksinə, artarsa, investor ziyana düşür. (Report)

Mənbə: fed.az