İqtisadiyyat bağlandı...

İqtisadiyyat bağlandı...

Bəs yardım nə vaxt veriləcək?

Azərbaycanda koronavirus pandemiyası başlayan kimi dövlət başçısı ciddi qərarlar verdi, vətəndaşların və iqtisadiyyatın dəstəklənməsi üçün kompleks tədbirlər paketi qəbul edildi. Həmin tədbirlərin həyata keçirilməsi üçün dövlət büdcəsindən 3,5 milyard manat vəsait ayrıldı. Ayrılan vəsait Azərbaycanın ümumdaxili məhsulunun (ÜDM) 4,4 faizini təşkil edir ki, bu da MDB məkanında ən yüksək göstəricidir. Lakin bu qədər vəsaitdən səmərəli istifadə edilirmi - işsiz qalan vətəndaşların ehtiyacları ödənilirmi, fəaliyyəti qadağan edilən iqtisadi sahələrə dəstək verilirmi? Ümumi götürsək, bəli, bu istiqamətdə müəyyən addımlar atılıb, vəsaitin bir hissəsi xərclənib, lakin bütün bunlar hələ yetərli deyil.

Birinci növbədə işini itirən şəxslərə ayrıca, hər bir vətəndaşa isə ayrıca dövlət dəstəyi verilməlidir. Belə ki, xüsusi karantin rejiminin tətbiq edildiyi hər bir gün üçün hər bir Azərbaycan vətəndaşına maddi kompensasiya dərhal ödənilməlidir. Bu, əslində vətəndaşın hüquqlarının məhdudlaşdırılması üçün verilən kompensasiya kimi qiymətləndirilməli idi. Bunun ardınca isə işsizlərə və xüsusi karantin rejimində fəaliyyəti dayandırılan sahələrdə çalışan işçilərə dəstək verilməlidir. Bütün dünyada bu təcrübə tətbiq edilib. Bizdə isə işsiz əhalinin cəmi 600 min nəfərinə iki ay müddətində 190 manat yardım verildi. İyun ayının 21-dən elan edilən xüsusi karantin rejimi dövründə də hökumət xüsusi karantin elan edilən ərazilərdə yaşayan işsiz əhaliyə 190 manat verilməsi barədə qərar qəbul edib, lakin hələ vəsaitlərin verilməsinə dünəndən start verilib. Hökumətin hesablamalarına görə ikinci xüsusi karantin rejimində 480 min nəfərə birdəfəlik yardım veriləcək ki, bu da büdcədən 91,2 milyon vəsaitin xərclənməsi deməkdir. Bu istiqamətdə xərclər cəmi 320 milyon manat təşkil edir. Bununla yanaşı, 129 min sahibkara müxtəlif kateqoriyadan olan yardımlar edilib. Bu yardımların da məbləği təxminən 650 milyon manatdır. 40 milyon manat vəsait isə kasıb tələbələrin təqaüdünün ödənilməsinə yönəldilib. Bütün bu xərclərin cəmi bir milyard on min manat təşkil edir. Yardım paketinin həcmi 3,5 milyard manat olduğu halda, bu vəsaitin yalnız 1,01 milyard manatının hara xərcləndiyi barədə cəmiyyətdə yayğın məlumat var, 2,49 milyard manatın hara xərcləndiyi barədə isə heç bir məlumat yoxdur. Ehtimal etmək olar ki, bu vəsaitlər ya hələ xərclənməyib, ya da xərclənib hesabatı verilməyib. Bu da o deməkdir ki, ayrılan vəsaitin təxminən 70 faizinin taleyi cəmiyyətə bəlli deyil. Bu qədər vəsaitin hələ də xərclənməməsinə rəğmən, hansısa səbəbdən sahibkarlara ayrılan vəsaitin ikinci hissəsi hələ də verilmir. Xatırladaq ki, sahibkarlara aprel-may aylarında yardım ayrılarkən, onların internet səhifəsinə vergi xidmətindən belə bir məzmunda məktub gəlmişdi ki, yardımın ikinci hissəsini almaq üçün müraciət etməyə ehtiyac yoxdur, müraciəti gözləmədən yardımlar sahibkarların bank hesabına köçürüləcək. Amma hələ də sahibkarlar yardımın ikinci hissəsini gözləyir.

Artıq ölkədə ikinci karantin rejimi tətbiq edilib, bunun üçün yeni yardım paketinin icrasına ehtiyac olduğu halda, hələ ötən karantin üçün nəzərdə tutulan yardımlar sahibkarlara ödənilməyib. Bu arada Nazirlər Kabineti İqtisadi İnkişaf Nazirliyinin Vergilər Xidmətinə sahibkarların koronavirusdan qorunma qaydalarına nəzarət etmək səlahiyyəti verib. Fikrimizcə, daha bir neçə dövlət qurumunu da bu işə nəzarət prosesinə cəlb etmək olar. Bu da yalnız cərimələrin artması ilə nəticələnəcək. Lakin hökumət koronavirus pandemiyasına qarşı mübarizədə nəticə əldə etmək istəyirsə, iki məqama diqqət yetirməlidir. Birincisi, təbliğatı və qaydalara nəzarəti elə qurmalıdır ki, vətəndaş hökumətə etimad göstərsin, onun doğrudan da vətəndaşın sağlamlığını hədəflədiyinə inansın. İkincisi, karantin rejimində evdə oturan vətəndaşlara itrilmiş gəlirlərin və məhdudlaşdırılmış azadlıqların ədalətli kompensasiyası ödənilməlidir. Bu iki şərtə əməl olunarsa, bir ay müddətində pandemiyaya qalib gəlmək mümkündür.

Azərbaycanda isə səmimi və inandırıcı mübarizə təşkil edilmir, eləcə də vətəndaşa ədalətli kompensasiya ödənilmir. Ona görə də pandemiyaya qarşı mübarizə gözlənilən səmərəni vermir.

Akif Nəsirli

Mənbə: paralel.az