Bağlanmış bankın müştəriləri Mərkəzi Bankın qarşısında aksiya keçirməyə cəhd edib

Bağlanmış üç bankın – “Amrahbank”, “Atabank” və “NBC Bank”ın bir qrup əmanətçisi iyulun 6-da Mərkəzi Bankın qarşısında etiraz aksiyasını keçirməyə cəhd edib.

Toplaşanların sözlərinə görə bir neçə aydır öz əmanətlərini geri ala bilmirlər. “Artıq neçə aydır banklar bağlanıb, bizim pulumuz həmin banklarda qalıb. İndi isə öz pulumuzu ala bilmirik. Müraciət etmədiyimiz qurum qalmadı. Əmanətlərin Sığorta Fonduna da müraciət etmişdik. Heç bir rəsmi cavab verilmir. Ona görə bu gün bura gəldik. Burada da dəfələrlə olmuşuq, amma nəticəsi yoxdur. Gah deyirlər məhkəmə olacaq, gah deyirlər gözləyin. Hərəmizin problemləri var, kimsə müalicə olunmalıdır, kimsə işsiz qalıb. Bu bizim pulumuzdur və biz pulumuzu geri istəyirik”.

Əraziyə cəlb olunmuş polis əməkdaşları toplaşanlardan ərazini tərk etməyi tələb edib. Bildirilib ki, etirazçılar xüsusi karantin rejimini pozurlar. Sonra toplaşanlardan dörd nəfərdən ibarət qrupa Mərkəzi Banka qəbula keçməyə icazə verildi.

Məsələ ilə bağlı Mərkəzi Bankdan münasibət öyrənmək mümkün olmayıb. (Turan)

Cebhe.info

ƏVVƏLKİ XƏBƏR

Avropa ölkəsində maska qıtlığına görə nazirləri həbs etmək istəyirlər - Video

SONRAKI XƏBƏR

Ailə, Qadın və Uşaq Problemləri üzrə Dövlət Komitəsi yanında İctimai şuranın Seçki Komissiyasının görüşü keçirildi