Muxtar respublikada 50-dək müəssisə ixrac qabiliyyətinə malikdir

Muxtar respublikada 50-dək müəssisə ixrac qabiliyyətinə malikdir

Naxçıvan, 7 iyul, AZƏRTAC

Muxtar respublikadakı istehsal müəssisələrinin bir çoxu artıq xarici bazarlarda özünə yer tutmağa başlayıb. Belə ki, bu gün muxtar respublikada fəaliyyət profilinə görə, 50-dək müəssisə ixrac qabiliyyətinə malikdir.

Naxçıvan Muxtar Respublikası İqtisadiyyat Nazirliyindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, muxtar respublikada 2020-ci ilin “İxrac” ili elan olunması istehsal olunan məhsulların ixrac imkanlarını artırıb, iqtisadi əlaqələri genişləndirib.

Naxçıvanda fəaliyyət göstərən şirkətlərə xarici bazarlara çıxışın təmin edilməsi üçün ixrac təşviqlərinin verilməsi, eyni zamanda onlara dəstək mexanizmlərinin tətbiqi dairəsi genişləndirilir. Həmçinin qida məhsullarının ekspertizası üzrə beynəlxalq akkreditasiyadan keçmiş və İSO 17025-2005 tələblərinə cavab verən laboratoriya fəaliyyət göstərir ki, ixrac əməliyyatlarında tələb olunan bir sıra sertifikatlar məhz buradan təmin olunur.

Yerli məhsulların xarici bazarlarda tanıdılması və işgüzar əlaqələrin genişləndirilməsi məqsədilə 2020-ci ilin ötən dövründə 4 sahibkarlıq subyektinin 17 nümayəndəsinin 3 beynəlxalq əhəmiyyətli tədbirdə iştirakı təmin olunub, eləcə də muxtar respublikada istehsal olunan ərzaq məhsulları Moskva və Dubay şəhərlərində keçirilmiş nüfuzlu beynəlxalq qida sərgilərində nümayiş olunub. Bu sərgilərdə “Made in Azerbaijan” vahid ölkə stendi altında muxtar respublikada istehsal olunan 133 çeşiddə məhsulun nümayişi həyata keçirilib.

Sənaye məhsullarına ixracla bağlı geriödəmə mexanizminin tətbiq olunması da muxtar respublikada istehsal olunan məhsulların ixracının stimullaşdırılmasında mühüm rol oynayır. Cari ilin ötən dövrü ərzində İqtisadiyyat Nazirliyinə bu istiqamətdə 11 müraciət daxil olub və ixrac olunan sənaye məhsulları üzrə 21 min manatdan çox ixrac təşviqi ödənilib.

“Naxçıvan Muxtar Respublikasının 2019-2023-cü illərdə sosial-iqtisadi inkişafı Dövlət Proqramı”nda yerinə yetirilməsi nəzərdə tutulmuş ixracyönümlü və idxalı əvəz edəcək məhsul istehsalının stimullaşdırılması, yeni iş yerlərinin açılması, əhalinin maddi rifah halının yaxşılaşdırılması və istehlakçıların artan tələblərinin qarşılanması məqsədilə yaradılan müəssisələrdən biri də “Ləzzət Biskvit və Şokolad Fabriki” Məhdud Məsuliyyətli Cəmiyyətidir.

Gündəlik istehsal gücü 250-300 kq/saat olan müəssisədə vafli məmulatları, peçenye, qurabiyə, lokum və şokoladlı konfet istehsal edilir. Müəssisənin istehsal sahəsində kompüterlə idarə olunan müasir texnoloji avadanlıqlar quraşdırılıb, istehsal prosesi Beynəlxalq Keyfiyyət İdarəetmə Sistemi standartlarına uyğun həyata keçirilir.

Müəssisədə istehsal olunan yüksəkkeyfiyyətli məhsullar yerli tələbatı ödəməklə yanaşı, xarici bazarlara da çıxarılır. Bu məqsədlə respublikamızda və xarici ölkələrdə keçirilən biznes forumlarda müəssisə nümayəndəsinin iştirakı və beynəlxalq sərgilərdə müəssisədə istehsal olunan məhsulların nümayişi təmin edilib, nəticədə, məhsullar xarici şirkətlərin marağına səbəb olub. Həyata keçirilən kompleks tədbirlər, xarici bazarların araşdırılması və marketinq fəaliyyəti öz bəhrəsini verib, cari ilin ötən dövrü ərzində “Ləzzət Biskvit və Şokolad Fabriki” MMC-nin istehsal sahələrində hazırlanan 400 ton vafli məmulatları İqtisadiyyat Nazirliyi tərəfindən verilmiş mənşə sertifikatları əsasında 7 ölkəyə göndərilib. Bu tədbirlərin davamı olaraq ötən günlərdə 24 ton vafli məmulatı Əfqanıstan Respublikasına yola salınıb.

Bu gün muxtar respublikada sahibkarlara göstərilən diqqət və qayğı, ixracın stimullaşdırılması sahəsində qəbul olunan qərarlar, sahibkarlığa sistemli dövlət dəstəyi muxtar respublikanın ixrac imkanlarını artırıb, iqtisadi əlaqələri daha da genişləndirib, yerli malların dünya bazarlarında daha geniş çeşiddə təmsil olunmasına şərait yaradıb.

Mənbə: azertag.az