Neftin 14 dollara düşəcəyi halda Azərbaycan iqtisadiyyatını ayaqda saxlayacaq möhkəm sütunlar…

Neftin 14 dollara düşəcəyi halda Azərbaycan iqtisadiyyatını ayaqda saxlayacaq möhkəm sütunlar…

Aydın Hüseynov: “Azərbaycan kimi iqtisadi inkişafa nail olmuş ölkələr neftin qiymətinin kəskin azalması fonunda da böyük təsirlərə məruz qalmırlar”

“Koronavirus pandemiyası və onun təsirləri səbəbindən ilin əvvəlindən indiyədək Azərbaycanın valyuta ehtiyatları 98 milyon dollar azalıb”. Bu barədə Prezident İlham Əliyev bildirib. Onun sözlərinə görə, əslində, hökumət ehtiyatların daha çox azalacağını gözləyirdi. Prezident xatırladıb ki, 2020-ci ilin büdcəsində neftin qiyməti 55 dollar nəzərdə tutulmuşdu. Amma ilk 6 ayda neftin orta qiyməti 38 dollar olub: “Bəzi günlərdə qiymətlər daha da aşağı idi. Bu böyük itkidir” - deyə Prezident bildirib.

Bununla yanaşı, Prezident bildirib ki, aparılan islahatlar nəticəsində Azərbaycan neftin 14 dollarlıq qiymətində də ayaqda dura bilər. Bu prosesin necə baş verdiyini öyrənmək üçün millət vəkili Aydın Hüseynova müraciət etdik.

“...bütün iqtisadi-siyasi şoklara qarşı dayanıqlığını qoruyub saxladı”

Millət vəkili bizimlə söhbətində qeyd etdi ki, bir müddət neftin qiyməti 17 dollara qədər endi, lakin ölkə iqtisadiyyatı dayanıqlığını saxladı: "Bu müddət ərzində sosial tədbirlərin hər biri həyata keçirildi və sevindirici haldır ki, bu proses davam etməkdədir. Ən əsası ölkədə gərginlik hiss olunmadı. Bu isə, öz növbəsində, bir daha onu göstərir ki, ölkə Prezidenti bütün ssenarilər üzrə mükəmməl bir fəaliyyət planına malikdir. Hesab edirəm ki, həm pandemiya, həm də postpandemiya dövrlərində ölkə iqtisadiyyatı öz dayanıqlığını saxlayacaq. Prezident İlham Əliyevin də qeyd etdiyi kimi, bütün sosial layihələr həyata keçiriləcək".

Həmsöhbətimiz onu da vurğuladı ki, pandemiya dönəmində neftə tələbat kəskin şəkildə azaldığı üçün, qiymətin də düşməsi proqnozlaşdırılan idi: "Neftin qiymətinin düşməsi iqtisadiyyatı neftə bağlı olan ölkələrin hər birinə təsir edir. Bu amildən heç bir neft ixrac edən ölkə xüsusi şəkildə sığortalana bilməz. Azərbaycan kimi iqtisadi inkişafa nail olmuş ölkələr neftin qiymətinin kəskin azalması fonunda da böyük təsirlərə məruz qalmırlar. Çünki qeyri-neft sektorunun inkişafı, həyata keçirilən iqtisadi islahatlar neftdən asılılığın minimuma endirilməsinə hesablanmış addımlardır. Müşahidələrimiz də göstərdi ki, Azərbaycan iqtisadiyyatı baş verən və baş verə biləcək bütün iqtisadi-siyasi şoklara qarşı dayanıqlığını qoruyub saxladı”.

Deputatın sözlərinə görə, ölkə iqtisadiyyatının digər sahələrində pandemiya təsirləri özünü büruzə verməyib: "Milli valyutanın öz möhkəmliyini qoruyub saxlaması, sosial tədbirlərin icrası göstərdi ki, dövlətin iqtisadi dayaqları hər hansı əks-təsirlərə qarşı çox güclü təminata malikdir. Bu gün vətəndaşlarımızın sosial təminatını yaxşılaşdırmaq üçün nəzərdə tutulan bütün proqramlar icra olunur. Eyni zamanda, təkcə sosial tədbirlər deyil, infrastruktur layihələrinin icrası da uğurla davam etdirilir. 4,2 milyon vətəndaşımızı əhatə edən 3 milyarddan çox vəsait ayrıldı ki, burada həm sahibkarlığın inkişafı, bank sektorunun sağlamlaşdırılması, ümumilikdə, pandemiya sonrası iqtisadiyyatın adaptasiyası ilə bağlı atılacaq addımlar artıq nəzərdə tutulub".

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com