Muxtar respublikada ekoloji tarazlığın qorunması istiqamətində işlər davam etdirilir

Muxtar respublikada ekoloji tarazlığın qorunması istiqamətində işlər davam etdirilir

Naxçıvan, 8 iyul, AZƏRTAC

Muxtar respublika ərazisində ekoloji tarazlığın qorunması, əlverişli ekoloji mühitin yaradılması, insanların sağlam ətraf mühitdə yaşamasının təmin edilməsi məqsədilə Naxçıvan Muxtar Respublikası Ekologiya və Təbii Sərvətlər Nazirliyi tərəfindən həyata keçirilən uğurlu sosial-ekoloji siyasət ötən ay da davam etdirilib.

Nazirlikdən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, ötən ayında ətraf mühitin mühafizəsi, qanunsuz ov edilməsi, meşə fondu torpaqlarından qanunsuz istifadə, ətraf mühitə atılan tullantıların normadan artıq olması hallarına qarşı mübarizə aparılması məqsədilə 7 yoxlama-reyd keçirilib, 1 inzibati xəta qeydə alınaraq qanunauyğun tədbir görülüb. Ay ərzində Naxçıvan şəhəri, Şərur, Ordubad, Babək, Şahbuz və Culfa rayonlarının 30-dan çox yaşayış məntəqəsi ərazisində ekoloji monitorinqlər aparılıb, müəyyən çatışmazlıqlar aşkar edilərək aradan qaldırılması üçün tapşırıqlar verilib.

Sədərək Rayon Su Monitorinq Laboratoriyasında iyun ayında Araz və Arpaçay çaylarının muxtar respublikaya daxil olan hissəsindən və Sədərək rayonu ərazisindən keçən Şir arxından hər birindən 6 su nümunəsi olmaqla, ümumilikdə, 18 su nümunəsi götürülüb və 270 analiz aparılıb. Aparılan analizlərin nəticəsində sularda çirklənmə hallarının yol verilə bilən qatılıq həddini keçməsi halı qeydə alınmayıb.

Muxtar respublika ərazisində ekoloji tarazlığın saxlanması sahəsində mühüm amil olan yaşıllıqların, meşələrin qorunması və artırılması diqqətdə saxlanılıb, hesabat dövründə Naxçıvan Sement Zavodunun ətrafında salınmış püstə bağında 15 hektar sahədə şum aparılıb, 33 hektar sahədə ot biçilərək aqrotexniki qaydada qulluq göstərilib. Ötən illərdə salınmış meyvə bağlarına aqrotexniki qaydada qulluq göstərilib. Hesabat ayında ilin əvvəlindən təsdiq olunmuş toxum bölgüsünə uyğun olaraq toxum tədarükünə başlanılıb, 20 kiloqram tut, 100 kiloqram ərik toxumu tədarük olunub. Toxum tədarükü mövsümə uyğun olaraq davam etdirilir.

Muxtar respublika ərazisində meteoroloji şəraitin öyrənilməsi, hava haqqında dəqiq məlumatların, proqnozların hazırlanması, əlaqədar dövlət orqanlarının və ictimaiyyətin hidrometeoroloji məlumatlarla təmin edilməsi üçün zəruri tədbirlər ay ərzində davam etdirilib. Geoloji Axtarış və Kəşfiyyat İdarəsi üzrə geoloji axtarış, kameral və ümumi xarakterli işlər yerinə yetirilib. Ərəzin sahəsində aparılacaq mövsümi işlərə hazırlıq başa çatdırılaraq çöl işlərinə başlanılıb. Keçilmiş yerüstü dağ qazmalarından 25 şırım sınağı götürülüb.

Hesabat ayında iməciliklər yolu ilə salınmış meyvə bağlarından toplanan 3 min 660 kiloqram müxtəlif meyvələr hərbi hissələrə təhvil verilib. Belə tədbirlər bundan sonra da davam etdiriləcək. Şahbuz rayonunun Batabat ərazisində yaylaq mövsümü ilə əlaqədar məskunlaşmış fermerlərlə də ötən ay fərdi görüş keçirilib və yaylaqdan istifadə qaydaları haqqında maarifləndirici söhbət aparılıb.

Ali və orta ixtisas təhsili müəssisələrində ixtisasların müvafiq təşkilatlara hamiliyə verilməsinə dair müvafiq sərəncamın icrası məqsədilə nazirliyə hamiliyə verilmiş ixtisasların tələbələri və ekologiya könüllülərinin iştirakı ilə onlayn bağlantı qurularaq 5 iyun – Ümumdünya Ətraf Mühitin Mühafizəsi Günü ilə bağlı geniş məlumat verilib və onları maraqlandıran mövzular ətrafında müzakirələr aparılıb. Eyni zamanda “Ekoloji tarazlığın qorunub saxlanılmasına müasir baxış, problemlər, faktlar və təkliflər” mövzusunda onlayn Respublika Elmi Konfransı keçirilib. Onlayn görüşlərin keçirilməsi davam etdiriləcək.

Mənbə: azertag.az