Cəlilabadda əhali arasında maarifləndirmə və tibbi profilaktik tədbirlər gücləndirilib

Cəlilabadda əhali arasında maarifləndirmə və tibbi profilaktik tədbirlər gücləndirilib

Cəlilabad, 8 iyul, Bağır Əliyev, AZƏRTAC

Cəlilabad rayonunda sərtləşdirilmiş karantin rejiminin tətbiqi ilə əlaqədar əhali arasında maarifləndirmə və tibbi profilaktik tədbirlər gücləndirilib.

AZƏRTAC-ın bölgə müxbiri xəbər verir ki, Cəlilabad Rayon İcra Hakimiyyətinin, rayonun hüquq-mühafizə orqanlarının işçiləri və karantin rejiminin tələblərinin yerinə yetirilməsi üçün əhali arasında maarifləndirmə işlərinin aparılması məqsədilə yaradılmış mobil qrupların üzvləri tərəfindən rayon ərazisində maarifləndirmə işləri davam etdirilir.

Əhalinin sıx olduğu məkanlarda və ərzaq mağazalarında qoruyucu maskalardan və dezinfeksiyaedici məhlullardan istifadənin zəruriliyi və sosial məsafənin gözlənilməsi ilə bağlı maarifləndirici söhbətlər aparılıb, koronavirus infeksiyası əleyhinə görülən tədbirlərin daha da effektli nəticə verməsi məqsədilə vətəndaşların məsuliyyətli olmasının mühüm əhəmiyyət kəsb etdiyi sakinlərin diqqətinə çatdırılıb.

Mobil qruplar tərəfindən Nazirlər Kabineti yanında Operativ Qərargahının tələblərinə müvafiq olaraq ticarət obyektlərinin sahiblərinə ciddi xəbərdarlıq edilib, mövcud qaydalardan düzgün istifadə olunması və sanitar-gigiyena tələblərinə ciddi riayət edilməsi barədə tövsiyələr verilib.

Xəstəliyə yoluxma hallarına yol verilməməsi və onun qarşısının alınması, bu sahədə aparılan müvafiq profilaktik tədbirlərin effektivliyinin yüksəldilməsi məqsədilə rayonda dezinfeksiya tədbirləri gücləndirilib. Xüsusi təyinatlı texnikalardan istifadə edilərək Cəlilabad şəhərinin mərkəzi küçələri dezinfeksiya olunur.

Rayonun idarə və müəssisələrin binalarında, ictimai yaşayış binalarının giriş bloklarında və pilləkənlərdə, ümumilikdə bütün ictimai yerlərdə tibbi-profilaktik tədbirlər qrafikə uyğun olaraq mütəmadi davam etdirilir.

Mənbə: azertag.az