Sərhədlər bağlı olsa da: Azərbaycan vətəndaşları hansı ölkələrə gedə bilər?

Sərhədlər bağlı olsa da: Azərbaycan vətəndaşları hansı ölkələrə gedə bilər?

Pandemiya ilə əlaqədar ölkələr arasında sərhədlər bağlı olsa da, artıq uçuşların bərpası başlayıb.

Azərbaycan da sərhədlərin avqustun 1-dək bağlı qalacağını elan edib. Sonrakı dövr üçün qərarı Nazirlər Kabineti yanında Operativ Qərargah verəcək. Ancaq buna baxmayaraq, artıq bəzi ölkələrdən paytaxt Bakıya və geriyə uçuşlar başlayıb.

Ancaq uçuşların bərpa olunduğu ölkələrdən Bakıya ancaq Azərbaycan vətəndaşları və ölkədə yaşamaq icazəsi olanların gəlişinə icazə verilir. Azərbaycandan gedişdə isə hər ölkənin öz tələbi var. Üstəlik bunlar müntəzəm reyslər yox, xüsusi reyslərdir. Əsas məqsəd həmin ölkələrdəki Azərbaycan vətəndaşlarının ölkəyə gəlişini təmin etməkdir.

Cebhe.info xəbər verir ki, uçuşların bərpa olunduğu ilk ölkə Türkiyə olub. Əldə edilən razılaşmaya əsasən, AZAL və "Türk Hava Yolları" iyulun 2-dən həftədə hər biri 2 dəfə olmaqla qarşılıqlı uçuşlar həyata keçirir. Bu həftədən etibarən isə AZAL İstanbul-Bakı-İstanbul marşrutu üzrə uçuşların sayını həftədə 4-ə yüksəldəcək. THY-yə də bu imkanın veriləcəyi gözlənilir. Bu ölkədən Bakıya ancaq Azərbaycan vətəndaşları gəlsə də, Türkiyəyə Bakıdan səfərdə vətəndaşlıq tələbi yoxdur. Yəni istənilən şəxs biletini alıb gedə bilər.

Azərbaycan vətəndaşlarını qəbul edən başqa bir ölkə Belarusdur. Bakı-Minsk reysləri artıq açılıb və biletlər satışa çıxarılıb. Bu ölkəyə getməklə bağlı da vətəndaşlıq tələbi yoxdur.

Bakı-Kiyev xüsusi reysləri isə 2 avqustdan həftədə 1dəfə həyata keçiriləcək. Ancaq bu da son deyil.

Bakı-London təyyarə reysləri 16 iyuldan etibarən başlayacaq. Bakı-London reysi ilə Böyük Britaniyaya giriş hüququ olan sərnişinlər daşınacaq. Bundan əlavə, həmin ölkənin yeni qaydalarına əsasən uçuşdan 48 saat əvvəl onlayn qaydada anket doldurulması tələb olunur. Qeyd edilən müddətdə anket doldurulmadığı halda Londonun “Hitrou” hava limanının miqrasiya orqanının əməkdaşları sərnişini 100 funt sterlinq məbləğində cərimə edə bilər.

London-Bakı reysinə Azərbaycan vətəndaşları və Azərbaycan Respublikasında daimi yaşayış üçün icazəsi olan digər dövlətlərin vətəndaşları buraxılacaq.

Xatırladaq ki, yeni qaydalara əsasən, uçuşlara hər ikitərəf üzrə yalnız koronavirus (COVID-19) testindən keçən sərnişinlər buraxılacaq. Bakıya gələn sərnişinlər 14 gün müddətində evdən çıxmayacaqlarına dair aeroportda iltizam imzalayacaqlar.

Yaxın zamanda başqa ölklərlə də xüsusi reyslərin açılacağı istisna edilmir.

Mənbə: cebhe.info