Dünya böhranın astanasında: Azərbaycanda iqtisadi problemlər dərinləşəcəkmi? - Ekspert RƏYİ

Dünya böhranın astanasında: Azərbaycanda iqtisadi problemlər dərinləşəcəkmi? -  Ekspert RƏYİ

“Koronavirus pandemiyası və ümumiyyətlə karantin sistemi ölkələrin iqtisadiyyatını və ümumilikdə gələcəyə dair planları tamamilə alt üst etdi. Bu virusun özü də əslində bir böhrandır. Sadəcə digərlərindən fərqli olaraq bu XXI əsrin dağıdıcı böhranıdır. Əvvəlki pandemiyalar ölkələrin iqtisadiyyatına təsir göstərmişdi, lakin bu virus bütün sektorları öz təsiri altına alıb”.

Metbuat.az xəbər verir ki, bu sözləri pandemiyanın dünya iqtisadiyyatına təsirini saytımıza şərh edən iqtisadçı-ekspert Günay Hüseynova deyib. Ekspert qeyd edib ki, pandemiya nəinki inkişafda olan ölkələri, inkişaf etmiş ölkələri də böyük böhrana aparır:

"Artıq inkişaf etmiş ölkələrin də iqtisadiyyatı böhrana doğru yol alır. Dünya Bankına borclar artmaqdadır. Bəzi ölkələrdə varlılar rahatlığa əlvida deyərkən, kasıblar da ölümlə yaşam arasında mübarizə aparır. Əksər hallarda böhran zamanı inkişaf etmiş ölkələr inkişaf mənbəyi kimi çıxış etsə də, indi həmin ölkələr özləri problemlərlə qarşı-qarşıyadır. Neft gəlirləri və digər təbii ehtiyatlara tələbatın azalması, ölkəyə valyuta axınının minimum səviyyəyə enməsi, əhalinin xərclərinin artması və digər səbəblər iqtisadiyyatı böhrana sürükləyir.

Amerika ilə Çin arasında iqtisadi savaş illərdir ki, davam etməkdədir. İki ölkə arasında davam edən bu gərgin anlar hegemonluq savaşından ziyadə iki tərəfin də bir-birini çökdürməsinə, iki tərəfin də bir-birlərini sıradan çıxarmasına və soyuq müharibəyə doğru addımlayır".

Günay Hüseynova həmçinin əlavə edib ki, yaxın müddətdə baş verməsə də, Azərbaycanda iqtisadi problemlərin daha da dərinləşməsi gözləniləndir:

"Neft qiymətlərinin düşməsi, virusdan dolayı xərclərin artması ölkə iqtisadiyyatını az da olsa sarsıttı, bu arada Dünya Bankı ilə görüş keçirildi. Bu görüş çərçivəsində Dünya Bankının maliyə dəstəyi ilə bir çox layihələr həyata keçiriləcək və bu layihələr çərçivəsində yoxsulluq səviyyəsinin aradan qaldırılması nəzərdə tutulub.

Azərbaycanda isə Mərkəzi Bank ressesiyaya davam etdikcə iqtisadi problemlərin dərinləşməsi gözləniləndir. Lakin yaxın zaman üçün gözlənilmir. Virus dalğasının sərt keçməsi ilk növbədə qiymət artımında özünü göstərdi. Bəzi sahibkarlar inkar etsə də, lakin ümumi qiymətlərin artmasında 30%-40% artım müşahidə olunur".

Mənbə: metbuat.az