Kiçik və orta biznesin iqtisadi islahatlardakı yeri və rolu

Kiçik və orta biznesin iqtisadi islahatlardakı yeri və rolu

Bakı, 8 iyul, AZƏRTAC

İstənilən iqtisadiyyat və onun subyektləri zamanın tələbinə uyğun olaraq qismən və yaxud total transformasiyaya uğrayır. Bu prosesə adekvat cavab verə bilmə potensialına görə ölkələr kateqoriyalara ayrılır. Transformasiya prosesinin katalizatoru isə islahatlar hesab olunur. Dünya təcrübəsindən də göründüyü kimi, effektivlik nöqteyi-nəzərindən natural inkişaf edən proses bəzən sürətləndirilmək zərurəti ilə üzləşir. Bu qəbildən olan məqamlarda müxtəlif üsul və vasitələrin, o cümlədən institutların proseslərə inteqrasiyası həlledici rola malik olur. Bu məqalədə, istənilən iqtisadi mexanizmin ayrılmaz komponenti olan kiçik və orta biznesin iqtisadi islahatlardakı yeri və rolu dünya təcrübəsinə də istinad edilərək Azərbaycan kontekstində dəyərləndiriləcək. AZƏRTAC İstanbul Universitetinin İdarəetmə fakültəsinin bakalavrı Nicat Muradzadənin məqaləsini təqdim edir.

Müqəddimədə qeyd etdiyim kimi, bir qisim subyektlərin iqtisadi islahat prosesinə daxil edilməsi sözügedən prosesin effektivliyinə, həmçinin davamlılığına birbaşa təsir göstərir. Bu baxımdan kiçik və orta biznes subyektlərinin ən müxtəlif təşviqlərlə inkişafının stimullaşdırılması nəticə etibarilə iqtisadi diversifikasiyaya xidmət etməklə yanaşı, iqtisadi canlanmaya da səbəb olaraq sağlam iqtisadi inkişaf üçün zəmin hazırlayır.

KOB-un (kiçik və orta biznes) inkişafı ilə iqtisadi transformasiya arasındakı korelasiyaya yaxın tariximizdə ən yaxşı nümunələrdən biri Malayziyadır. Kiçik və orta biznesin inkişafının stimullaşdırılmasında uzunmüddətli təcrübəyə sahib Malayziya 2012-ci ildə Milli KOB İnkişaf Şurasının 13-cü iclasında 2012-2020-ci illər arasında kiçik və orta biznesin inkişaf hədəflərini nəzərdə tutan bir sənəd qəbul etdi. Qeyd edilən sənədə görə, kiçik və orta biznesin işsizliklə mübarizədə, ÜDM-in artım tempində, ixrac həcminin artırılmasında və digər göstərcilərin müəyyənləşməsindəki rolu və yeni hədəfləri müəyyən olundu. 2019-cu ildəki rəqəmlərin müqayisəli müşahidəsi isə onu deməyə əsas verir ki, hətta proqram başa çatmazdan öncə hədəflər icra edilərək iqtisadi inkişafın yeni mərhələsi üçün sağlam baza hazırlandı. Daha konkret olaraq, rəqəmlərlə ifadə etsək, kiçik və orta biznesin Malayziya iqtisadiyyatında ÜDM kontekstində töhfəsi 2010-cu ildə 32 faiz, 2019-ci ildə isə 38,3 faiz olub. Məşğulluğun təminatında kiçik və orta bizneslərin payı 2010-cu ildə 59 faiz olduğu halda, bu göstərici 2019-cu ildə 66 faizə yüksəlib. Həmçinin onun ölkə ixracındakı payı sözügedən zaman kəsiyindəki statistikaya görə, 17,3 faiz civarında olub. Olduqca müsbət istiqamətdə inkişaf edən statistik rəqəmlər Malayziya iqtisadiyyatının dayanıqlı və davamlı inkişaf xətti ilə getdiyini göstərir.

Mahiyyət etibarilə ölkəmizdə və dünyada sahibkarlıq subyektinin tipi müəyyənləşdirilərkən işçi sayı və illik gəlir kimi kriteriyalar rəhbər tutulur. Məsələn, respublikamızda 1-10 nəfər işçisi olan və gəliri 200 min manatadək olan müəsisələr mikro sahibkarlıq seqmentinə, 11-50 arası işçisi olan və 200 min ilə 3 milyon manat arasında illik gəlir əldə edən müəssisələr kiçik sahibkarlıq seqmentinə, 50 - 250 arası işçisi olan və 3 milyon ilə 30 milyon AZN arasında illik gəlir əldə edənlər isə orta sahibkarlıq seqmentinə aid edilir. Müxtəlif zaman kəsiklərində Azərbaycanda dövlətin müvafiq qurumları tərəfindən sahibkarlığın dəstəklənməsi məqsədilə sahibkarlıq subyektlərinə ən müxtəlif formada güzəştlər, imtiyazlar və müəyyən təşviqlər verilib. 2017-ci ildə isə kiçik və orta sahibkarlıq sahəsində idarəetmənin daha da təkmilləşdirilməsi üçün formalaşdırılmış Azərbaycan Respublikasının Kiçik və Orta Biznesin İnkişafı Agentliyi (KOBİA) olduqca məhdud bir zamanda özünün səmərəli fəaliyyəti nəticəsində biznes sferasında tamamilə yeni bir situasiyanı bərqərar etdi. Sözügedən təşkilatda təmərküzləşən xidmətlərin (daxili bazar araşdırmaları, güzəştli maliyyələşmə mexanizmləri, investisiya təminatı, sahibkarların işgüzar əlaqələrinin inkişafı, sahibkarların hüquqlarının müdafiəsi, ixraca dəstək və sair) kiçik və orta biznesin ehtiyaclarına adekvatlığı, qurumun intellektual kapitalının peşəkar bacarıqlarının kifayət qədər yüksək olması, o cümlədən regionlarda yaradılan KOB evləri vasitəsilə fəaliyyətinin respublika üzrə şaxələnməsi onu deməyə əsas verir ki, kiçik və orta biznes seqmentinə aid olan subyektlərin davamlı inkişafı üçün olduqca münbit şərait mövcuddur. Kiçik və orta biznes subyektlərinin KOBİA ilə əməkdaşlığı perspektivdə iqtisadiyyatımız üçün yeni imkanlar vəd edir. Bu günün kiçik və orta biznesləri zaman ötdükcə iri vergiödəyicilərinə və ixracatçılara çevrilərək makroiqtisadi göstəricilərə müsbət təsir imkanına malik olacaq.

Nəzərə alsaq ki, ölkəmiz 2018-ci ildən yeni və hərtərəfli islahatlar mərhələsinə qədəm qoyub, bu baxımdan dövlət başçısının biznes sferasına olan qayğısının təzahürü kimi Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin proseslərə inteqrasiyası ilə qeyri-neft sektorunun sürətli və rəqabətədavamlı inkişafında yeni mərhələ başlayıb. KOBİA-nın qeyd edilən sektorun potensial imkanlarının genişləndirilməsi, yeni istehsal sahələrinin yaradılması və yerli istehsal hesabına idxalı əvəz edən məhsulların həcminin yüksəlməsi kimi başlıca hədəflərlə kiçik və orta kateqoriyadan olan biznes subyetkləri ilə səmərəli əməkdaşlığa başlaması şübhəsiz ki, ölkəmizin dinamik iqtisadi inkişafını dəstəkləməyə xidmət edəcək. Bu məqamda hesab edirəm ki, Azərbaycan sahibkarları da KOBİA ilə ən yüksək səviyyəli əməkdaşlığa cəhd etməli və öz fəaliyyətlərini yeni dövrün tələbinə uyğun korporativ formada quraraq həm gəlirlərini artırmalı, həm də tərkib hissəsi olduqları biznes ekosisteminin yaxşılaşmasına kömək etməlidirlər. Şübhəsiz ki, dövlət-sahibkar tandeminin fonunda ölkəmiz ixrac potensialını maksimallaşdıraraq yeni uğurlara imza atacaq.

Mənbə: azertag.az