“Bir həftəlik istirahətə gedən adamı iki həftəlik karantinə alırlar” - Ekspert

“Bir həftəlik istirahətə gedən adamı iki həftəlik karantinə alırlar”  - Ekspert

İyun ayının sonlarından etibarən Azərbaycanın milli aviadaşıyıcısının www.azal.az saytında Bakı-İstanbul-Bakı marşrutu üzrə reyslərə aviabilet satışı başlanıb. Avqustun 29-dək AZAL aviaşirkəti tərəfindən həftədə iki dəfə (cümə axşamı və şənbə günlər) Bakı və İstanbul arasında uçuşların həyata keçirilməsi planlaşdırılır. Bildirək ki, prosesə iyulun 2-də start verilib. Həmçinin yaxın günlərdə Bakı-London reysinin də açılması gözlənilir.

Maraqlıdır, baş verən proseslər turizm sektorunda nə dərəcədə təsirli olacaq?

Turizm eksperti Çingiz İsmayılov Yenisabah.az-a açıqlamasında bildirib ki, turizm şirkətləri turist qəbul etmək üçün hazır olsalar da, hazırki dövrdə bu, böyük əhəmiyyət kəsb etmir:

“Düşünürəm ki, turizm şirkətləri işləmək istəyirlər. Lakin turist qəbuluna nə dərəcədə hazır olduqlarını deyə bilmərəm. Burada onların hazır olmağından daha çox turistlərin gəlib-gəlməyəcəyi önəmlidir, əgər insanlar gəlməsə, bu hazırlıq bir işə yaramayacaq. Düzü, bir sıra ölkələr sərhəddi bağlayıb, açanlar üçün isə buranın nə dərəcədə cəlbedici olacağı bəlli deyil, yəni vəziyyət bir qədər qaranlıqdır. Pandemiya turizm şirkətlərinin işinə böyük zərbə olub. Yay mövsümünün demək olar ki, yarısı keçib”.

Ekspert həmçinin ölkədən xaricə səfər etmək istəyənlərdən də söz açıb, bunun mövcud şəraitdə doğru seçim olmadığını diqqətə çatdırıb:

“İstanbula, Macarıstana, Çexiyaya və digər yerlərə getmək istəyənlər heç də az deyil. Lakin həmin ölkələrin bizim vətəndaşları qəbul edib-etməyəcəyi də bəlli deyil. Məsələ yalnız bizim əhalinin oraya getmək arzusu deyil. Məsələ bu ölkələrin bizim ölkənin vətəndaşlarını qəbul etmə razılığının olmasıdır. Çünki Avropa ölkələrinin bir çoxu, MDB ölkələri xarici vətəndaşın qəbuluna qadağa qoyub”.

Reyslərin açılması məsələsinə gəldikdə isə həmsöhbətimiz vurğulayıb ki, bu prosesi təkcə turizmlə əlaqələndirmək doğru olmaz:

“Bu, ümumiyyətlə, dövlətlərarası əlaqələrdir. Reys açıq ola bilər, ancaq gələndə səni iki həftəlik karantinə götürürlərsə, nə istirahətindən söhbət gedə bilər? Bu həm ölkəmizə gələcək şəxslərə, həm də ölkədən gedənlərə aiddir. Reys açılıb ki, kimin çox ehtiyacı varsa, o səfər etsin. Bu, işlə də, oxumaqla da bağlı ola bilər. İstirahətə gedən adam vəziyyəti yüz yox, min ölçüb bir biçməlidir, çünki başına bir iş gələ bilər. Sən istirahətə gedəndə karantinə alınsan sənin vaxtın da gedəcək, əsəblərin də pozulacaq, üstəlik, xəstəliyə də yoluxmuş olacaqsan. Ağıllı adam bundan istirahət üçün istifadə etməz. Əgər belə etsə, hər şeyi gözə almalıdır. Çünki o burdan gedəndə sağ gedib, orada da virusa yoluxa bilər. Kiminsə ailəsini riskə atması doğru deyil. 20 yaşlı gənc bu riskə gedə bilər, amma ailəsi olan çox düşünməlidir. Bizim cəmiyyətdə virusdan yüzlərlə adam əziyyət çəkməsinə baxmayaraq, hələ də onun varlığına inanmayanlar var. Deyirlər ki, virus filan yoxdur, boş şeydir. Bu adamlar yaxınları xəstələnməsə, inanmırlar. Onlar düşüncəsiz adamlardır, bu tip şəxslər təbii ki, cürət edib gedə bilərlər. Lakin mən yenə də reysin turizmlə bağlı çox bir faydasının olacağını düşünmürəm”.

Çingiz İsmayılov hazırkı vəziyyətin bütün turizm ölkələri üçün böyük zərbə olduğunu vuruğulayıb:

“Çox şükür ki, bizim iqtisadiyyatımızda turizm sektoru ümumdaxili məhsulda 2-3 faiz yer tutur. Yəni turizm bizdə o qədər də böyük əhəmiyyət kəsb etmir. Lakin Gürcüstan üçün hazırkı məqam böyük zərbədir. Çünki Gürcüstanın 5 milyon əhalisi olanda 6 milyon turisti olur. Bizdə isə 2 milyon turist gəlir. Malta, San-Marino, İtaliya, Türkiyə, Yunanıstan kimi ölkələrdə də turizmin mühim rolu var. Burada ümumdaxili məhsul 25 faizdən 40 faizədək çatıb. Hətta Andorada 60 faizdir. Bu, həmin ölkələr üçün çox böyük zərərdir. Azərbaycan üçün isə böyük təhlükə hesab etməyə ehtiyac yoxdur. Çünki biz turizmə ölkəmizin inkişafında lokomativ kimi baxmırıq. Düzdür, ölkəni tanıtmaq baxımından vacibdir. Ancaq hazırda iqtisadi duruma təsirli deyil”.

Mənbə: yenisabah.az