İnvestisiya proqramlarının icrasında gecikmələr yoxdur

İnvestisiya proqramlarının icrasında gecikmələr yoxdur

Dünya enerji və fond bazarlarında durğunluq, koronavirus pandemiyası səbəbindən tətbiq olunan məhdudiyyətlərin milli iqtisadiyyata təsiri nəticəsində ölkədə iqtisadi fəallıq azalıb, iqtisadi tarazlıq pozulub, istehsal-emal-istehlak zəncirində qırılmalar yaranıb. Bununla belə, hələlik milli iqtisadiyyatı tənəzzülə apara biləcək vəziyyət müşahidə olunmayıb. Bunun əsas səbəbi son illər ölkədə aparılan ardıcıl islahatlar, biznes mühitinin yaxşılaşdırılması və iqtisadiyyatın şəffaflaşdırılması tədbirləridir. Dövlətimizin başçısı İlham Əliyevin təşəbbüsü və tapşırıqları əsasında pandemiyaya qarşı mübarizə başlanan ilk vaxtlardan etibarən hökumət milli iqtisadiyyata zərərləri minimallaşdırmağa çalışır. Elə buna görə də dövlət büdcəsinin gəlirləri tam, hətta profisitlə icra olunur. Ölkədə infl­yasiya sabit qalır, investisiya proqramlarının həyata keçirilməsində hər hansı bir gecikmə yoxdur.

Valyuta bazarında da tam sabitlik bərqərar olunub. Neftin qiymətinin dəyişkənliyi bir qədər səngiyib və Azərbaycanın makroiqtisadi vəziyyətinə uyğun bir səviyyədə tarazlaşıb. Bu səbəbdən ehtiyatların azalması da çox cüzidir. Ekspertlərin fikrincə, pandemiya dövrü bitdikdən sonra bu resurslardan istifadə edilərək qısa bir müddətdə əvvəlki sürətli inkişafa qayıtmaq mümkün olacaq.
Bu ilin yanvar-may aylarının sosial-iqtisadi göstəriciləri də yaranan durğunluğun pandemiyadan sonrakı ilk mərhələdə aradan qaldırılacağı əminliyini yaradır. Xatırladaq ki, cari ilin 5 ayı ərzində ölkədə qeyri neft-qaz sektorunda istifadə olunan vəsaitin 3282,3 milyon manatı və ya 66,9 faizi məhsul istehsalı sahələrinə, 1115,5 milyon manatı (22,7 faizi) xidmət sahələrinə, 509,8 milyon manatı (10,4 faizi) isə yaşayış evlərinin tikintisinə sərf olunub. Əsas kapitala yönəldilən vəsaitlərin 2891,6 milyon manatını və ya 58,9 faizini daxili vəsaitlər təşkil edib. Əsas kapitala yönəldilən vəsaitlərin 2965,5 milyon manatı və ya 60,4 faizi bilavasitə tikinti-quraşdırma işlərinin yerinə yetirilməsinə sərf olunub.
Əsas kapitala yönəldilən investisiyanın ümumi dəyərində müəssisə və təşkilatların vəsaitləri 62,1 faiz, büdcə vəsaitləri 21,4 faiz, əhalinin şəxsi vəsaitləri 6,5 faiz, bank kreditləri 5,4 faiz, büdcədənkənar dövlət fondlarının vəsaitləri 2,4 faiz, sair vəsaitlər isə 2,2 faiz təşkil edib.
Bu ilin ötən ayları ərzində Bakı şəhərində “Yeni klinika” tibb müəssisəsi, 3 saylı DOST mərkəzi, modul tipli xəstəxana kompleksi, Naxçıvan Muxtar Respublikasında 2 ambulatoriya-poliklinika, Sumqayıt şəhərində 2 tibbi maska və qoruyucu kombinezonların istehsalı müəssisələri, Gəncə və Şəki şəhərlərinin hər birində 200 çarpayılıq xəstəxana binası, Ağstafa, Goranboy, Kürdəmir, Qazax və Tovuz rayonlarında “Azərxalça” ASC-nin filialları, Kürdəmir və Tovuzda “Asan Həyat” kompleksləri, Ağstafada Aqrar Sənaye Kompleksi, Qazaxda əhəng zavodu, Şəmkirdə “Şəmkirçay” Sutəmizləyici Qurğular Kompleksi işə salınıb. Bütün bunlarla bərabər, “Azərbaycan” İstilik Elektrik Stansiyası əsaslı yenidənqurmadan, Gəncəçay çayı üzərində yerləşən beş körpü bərpadan sonra istifadəyə verilib.
Prezident İlham Əliyev ötən aylar ərzində bölgələrə səfər edərək, yerlərdə həyata keçirilən tikinti-quruculuq tədbirləri ilə tanış olub. Məsələn, dövlətimizin başçısı bu günlərdə Gəncədə tikinti materialları istehsalı zavodunun, “Ağcabədi-2” elektrik yarımstansiyasının, Ağcabədi şəhərinin içməli su təchizatı və kanalizasiya sistemlərinin, Ağcabədidə dənli bitki toxumlarının emalı müəssisəsinin açılışında iştirak edib.
Respublikada sosial layihələrin icrası da diqqət mərkəzində saxlanılır. Ən həssas təbəqəyə aid layihələr daha böyük həcmdə icra olunur. Məsələn, bu il məcburi köçkünlər üçün rekord sayda binaların tikilməsi, 7 mindən çox köçkün ailəsinin yeni mənzillərlə təmin edilməsi nəzərdə tutulur. Şəhid ailələri üçün adətən ildə təqribən 700-800 mənzil təqdim olunurdusa, cari ildə 1500 mənzil istifadəyə veriləcəyi gözlənilir.
Bu ilin beş ayı ərzində qeyri-neft sənayesi sahəsində də 16 faiz artım qeydə alınıb. Bu, son illərdə sənayeləşməyə xüsusi diqqət yetirilməsinin nəticəsidir.
Hazırda iqtisadi inkişaf tempini yenidən bərpa etmək üçün qeyri-neft sektoru sahələrinə, xüsusilə emal sənayesinə birbaşa xarici investisiyaların cəlb edilməsi mühüm önəm daşıyır. Belə halda isə, ilk növbədə, sənaye zonalarının və aqroparkların inkişafına daha çox diqqət yetiriləcəyi nəzərdə tutulub. Bu gün sənaye zonalarında 150-200 milyon dollarlıq yeni layihələrin həyata keçirilməsi imkanlarına baxılır. Layihələr üzrə danışıqlar yekunlaşmaq üzrədir və artıq bir sıra layihələrin bu il Sumqayıt Kimya Sənaye Parkında gerçəkləşdirilməsinə başlanıla bilər.
Burada maraqlı bir məqama da toxunmaq istərdik. Hazırda bir çox transmilli şirkətlər fəaliyyətlərinin şaxələndirilməsi çərçivəsində bizneslərini vahid məkanlardan çıxararaq müxtəlif ölkələrdə yerləşdirirlər. Bu, Azərbaycan kimi ölkələr üçün əlverişli imkandır və respublikamız belə fürsətdən yararlanmaq niyyətindədir. Mövcud olan siyasi-iqtisadi və makroiqtisadi sabitlik, inkişaf etmiş nəqliyyat dəhlizləri baxımından Azərbaycan cəlbedici məkan olaraq görünür və regionda mövcud rəqabətə baxmayaraq, ölkəmiz belə sərmayələri cəlb etməyə çalışacaq.
Ekspertlər xarici investisiya fondları tərəfindən respublikamıza böyük maraq göstərildiyini bildirirlər. Hazırda bu istiqamətdə xarici kapital mənbələri hesabına fəaliyyət göstərən fondların təsis edilməsi istiqamətində Azərbaycanla danışıqlar aparılır. Yeni iqtisadi şərait bir sıra fəaliyyət sahələrinin əhəmiyyətini də önə çəkir. Bu, xüsusilə rəqəmsallaşmanın, innovasiya ekosisteminin inkişaf etdirilməsidir. Belə bir fəaliyyət planı Azərbaycanın 4-cü sənaye inqilabının çağırışlarını qəbul etməsindən irəli gəlir. Bu cür layihəni ölkəmizin texnoloji sıçrayış və innovativ həllərlə regionun rəqəmsal mərkəzinə çevrilməsi imkanlarının böyük olması, bu sahədə regional mərkəzin təşkil edilməsi və rəqəmsal iqtisadiyyatın inkişafına nail olunması amilləri də şərtləndirir.

V.BAYRAMOV,
“Xalq qəzeti”

Mənbə: xalqqazeti.com