Britaniyada hökumətdən restoranlara 36 milyardlıq dəstək

Britaniyada hökumətdən restoranlara 36 milyardlıq dəstək


Böyük Britaniya hökuməti koronavirus pandemiyasının yaratdığı böhran şəraitində iqtisadiyyatı dəstəkləmək üçün yeni tədbirlər planını təsdiq edib. 30 milyard funtsterlinq (37,6 milyard dollar) dəyərində olan planda işçilərin ixtisarının qarşısını almağa xüsusi diqqət yetirilir.

Tədbirlər sırasında otel və restoranlar, mənzil bazarı üçün vergi güzəştləri, iş yerlərinin saxlanması üçün şirkətlərə ödənişlər mühüm yer tutur. Britaniyanın maliyyə naziri Rişi Sunak bildirib ki, ölkə ciddi böhrana məruz qalıb: “Biz ciddi iqtisadi təhlükələrlə üzləşmişik. Cəmi iki aya bizim iqtisadiyyatımız 25 faiz kiçilib. Bu, son 18 ildə iqtisadiyyatın böyümə həcminə bərabərdir”.

Böyük Britaniya iqtisadiyyatın stimullaşdırılmasının ikinci mərhələsinə başlayır. Bunun üçün dövlətəlavə resurslar sərf etməlidir: “Bizə insanların özlərini inamlı hiss etməsi lazımdır. Bu, iqtisadi artımı stimullaşdıracaq. Bu, yeni iş yerləri yaradacaq”.

Hökumətin bu gün İcmalar Palatasına təqdim etdiyi plana əsasən turizm sektoru və mehmanxana biznesi üçün əlavə dəyər vergisinin ilin sonunadək 20 faizdən 5 faizə endirilməsi nəzərdə tutulur. Hökumət həmçinin insanları 1,8 milyon nəfərin çalışdığı restoran və kafelərə qaytarmaq üçün xüsusi sxem işə salmaq istəyir. Sxemə əsasən avqust ayı boyunca həftənin 1-3-cü günlərində restoranlarda nahar edənlərin menyusunun 50 faizi(adambaşına 10 funtsterlinqə qədər) dövlət tərəfindən ödəniləcək.

Daha bir təklifdə 2021-ci ilin martına qədər daşınmaz əmlak alqısı zamanı yalnız 500 min funtsterlinqdən yuxarı alışların vergiyə cəlb olunması nəzərdə tutulur. Mövcud qanunvericilikdə bu məbləğ 125 min, ilk dəfə daşınmaz əmlak alanlar üçünsə 300 min funtdur. Tətbiq olunan güzəşt nəticəsində daşınmaz əmlak alan 10 nəfərdən 9-u vergi ödəməyəcək.

Bundan əlavə, Britaniya hökuməti məşğulluğun dəstəklənməsinə 9 milyard funt sərf edəcək. Bu proqram çərçivəsində şirkətlər bundan əvvəl ödənişsiz məzuniyyətə göndərilən və hazırda dövlət müavinət alan hər işçiyə görə min funt vəsait alacaqlar. Daha 2 milyard funt bilavasitə gənclərin məşğulluğunun təmin olunmasına yönəldiləcək.

Hökumət öz evində enerji effektivliyini artıran tədbirlər həyata keçirən ev sahiblərinn hər birinə 5 min funt ödəməyi vəd edir. Maliyyə naziri bəyan edib ki, payızda hökumətnövbəti mərhələ stimullaşdırıcı tədbirlərin icrasına başlayacaq: “Bizim məşğulluğu dəstəkləmək planımız yalnız indi nəzərdə tutulan tədbirlərdən ibarət deyil”.

Rəsmi məlumatlara əsasən pandemiya başlanandan indiyədək Böyük Britaniya hökuməti biznesin və ev təsərrüfatlarının dəstəklənməsi üçün tədbirlərə 132,6 milyard funt xərcləyib.//musavat

Mənbə: www.yeniavaz.com