"Məsuliyyəti bank daşıyırsa, o zaman fondun razılığına nə ehtiyac var?" - ekspert

"Məsuliyyəti bank daşıyırsa, o zaman fondun razılığına nə ehtiyac var?" - ekspert


Koronavirus pandemiyasının yaratdığı böhran bütün dünyada olduğu kimi, Azərbaycanda da biznesin fəaliyyətinə ciddi əngəllər yaradıb. Mart ayından bəri ölkə iqtisadiyyatının əksər sahələrində biznesin fəaliyyəti ya tam, ya da böyük ölçüdə məhdudlaşıb. Bu amili nəzərə alaraq hökumət biznesə dəstək məqsədilə bir sıra proqramlar hazırlayıb həyata keçirir.
Bu proqramların bir qismi pandemiyaya görə tətbiq olunmuş sərt karantin tədbirlərinə görə fəaliyyətsiz qalan biznes subyektlərinin işçilərinin əmək haqqının 50-100 faizinin dövlət tərəfindən ödənməsini, mikro və fərdi sahibkarların keçən il ödədikləri vergilərin geri qaytarılmasını və sairi nəzərdə tutur. Əmək haqqına yardımlar aprel-may ayları üzrə göstərilib, hazırda yalnız turizm sektorunda davam etdirilir.
Dəstək proqramlarında həmçinin biznesə vergi güzəşt və tətillərinin verilməsi də nəzərdə tutulur. Bu güzəşt və tətillər 2020-ci ilin sonunadək olan müddəti əhatə edir. Bir neçə gün əvvəl isə hökumət biznesin hazırda ən ciddi ehtiyac duyduğu bir sahədə - kredit resurslarına əlçatanlığın artırılması sahəsində iki proqramın icrasına başlayıb.
İqtisadiyyat naziri Mikayıl Cabbarovun verdiyi açıqlamaya görə, sahibkarlıq subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının artırılması, pandemiyadan zərərçəkən sahələrə dövlət dəstəyinin gücləndirilməsi məqsədilə sahibkarlığın maliyyələşdirmə alətləri genişləndirilib. Belə ki, sahibkarlar üçün dövlət zəmanəti olmayan 1 milyard manat həcmində mövcud kredit portfelinə dəstək, eləcə də 500 milyon manat həcmində yeni kreditlərin 60 faizinə dövlət zəmanəti verilməsini və faizlərin subsidiyalaşdırılmasını ehtiva edən 2 yeni mühüm proqramın həyata keçirilməsinə başlanılıb.
Kənd təsərrüfatı üzrə uzunmüddətli investisiya tələb edən sahələrdə (məsələn, çayçılıq, bağçılıq və s.) kiçik həcmli kreditlər üzrə kredit müddəti 3 ildən 5 ilə, orta həcmli kreditlər üzrə 5 ildən 7 ilədək artırılıb və kredit dövrünün yarısı güzəşt müddəti olaraq təsbit edilib. Mexanizmin tətbiqində əsas məqsəd kredit risklərinin azaldılması, kiçik və orta sahibkarların güzəştli kreditlərə çıxış imkanlarının artırılmasıdır.
Təsdiq edilmiş digər mexanizm fors-major hadisə (təbii fəlakətlər, epidemiyalar və s.) ilə bağlı şəraitin dəyişməsi səbəbindən Sahibkarlığın İnkişafı Fondunun Müşahidə Şurasının müəyyən etdiyi qaydada kredit təşkilatlarının fond qarşısındakı borc öhdəliyinin zəruri hallarda restrukturizasiya olunması, kredit öhdəliyinin icrasına möhlət verilməsidir.
Tətbiq edilən digər yeni mexanizmə uyğun olaraq, pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfeli üzrə 10 mart 2020-ci il tarixədək manatla aldıqları kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi mart ayından başlayaraq 12 ay ərzində dövlət tərəfindən maliyyələşdirilir. Bu mexanizm kreditlərin müddətindən və faiz dərəcəsindən asılı olmayaraq tətbiq edilir. Bu mexanizmin tətbiqi zərərçəkmiş sahibkarların maliyyə yükünün azaldılmasında əhəmiyyətli rol oynayacaq.
İqtisadçı-ekspert Samir Əliyevin sözlərinə görə, pandemiya dövründə sahibkarlığa verilməli olan dəstəyin bir istiqamətini mütləq maliyyə resurslarına əlçatanlığının artırılması təşkil etməlidir: “Bizdə, çox təəssüf ki, sahibkarlarlıq subyektləri qiymətli kağızlar bazarında iştirak edə, qiymətli kağızlar buraxmaqla əlavə maliyyə vəsaiti əldə edə bilmirlər. Buna görə də xüsusilə kiçik və orta sahibkarlıq subyektlərinin əsas maliyyə əldə etmək imkanı kreditləşmədir. Azərbaycanda Sahibkarlığın İnkişafı Fondunun xətti ilə indiyədək biznesə 2,5 milyard manata yaxın kredit verilib. Amma sorğu aparılsa, məlum olacaq ki, sahibkarlıq subyektlərinin mühüm bir qisminin həmin kreditlərə əlçatanlığı təmin olunmayıb. Bunun bir səbəbi sahibkarların məlumatsızlığıdırsa, digər səbəb dövlətin ciddi güzəştlə təqdim etdiyi kreditlərə geniş əlçatanlığın təmin edilməməsidir”.
Ekspert bildirir ki, yeni proqramlarda xeyli üstün tərəflər var: “Son proqramlarda yumşalmalar, müsbət tendensiyalar mövcuddur. Əvvəla, iyunun 4-də fondun vəsaitlərindən istifadə qaydalarına dəyişiklik olunaraq bir sıra istiqamətlərdə sahibkarların kredit almaq imkanları genişləndirilib. Məsələn, daşınmaz əmlak girovu olmayan, avadanlıq almaq istəyən sahibkar həmin avadanlığın özünü girov qoyaraq kredit götürə biləcək. Bir sıra kreditlər üzrə güzəşt və ümumi müddət uzadılır. Bu dəyişiklik kənd təsərrüfatı istehsalçıları üçün tətbiq olunacaq. Bunlardan əlavə, dövlət alınacaq kreditlərin 60 faizinə zəmanət verəcək, eyni zamanda həmin kreditin faizinin yarısını ödəyəcək. Bütün bunlar, əlbəttə, ciddi yeniliklərdir. İndi əsas məsələ budur ki, həmin kreditlərə hamının əlçatanlığı təmin ediləcəkmi? Ortada Sahibkarlığın İnkişafı Fondunun verdiyi güzəştli kreditlər təcrübəsi var: bu kreditlər də kifayət qədər ciddi güzəştlər, əlverişli şərtlərlə verilir. Amma istəyən hər sahibkarın ona çıxışı, ən əsası isə onu əldə etmək imkanı tam təmin olunurmu? Təcrübə göstərir ki, xeyr. Bu baxımdan, yeni proqramlarla bağlı da eyni halın yaranmaması üçün ciddi addımlar atılmalı, prosesdə şəffaflıq təmin olunmalıdır”.
S.Əliyev qeyd edir ki, kreditin verilməsi üçün sahibkara həm bank, həm də Sahibkarlığın İnkişafı Fondu razılıq verməlidir: “Verilən vəsaitə görə məsuliyyəti müvəkkil bank daşıyır. Sabah o kredit qaytarılmasa, bank əvəzini fonda ödəyəcək. Məsuliyyəti bank daşıyırsa, o zaman fondun razılığına nə ehtiyac var? Fond yalnız öz vəsaitlərinə nəzarət etməlidir, qərarı isə bank verməlidir kimə kreditin verilib-verilməyəcəyinə. Bir məsələ də dövlət zəmanəti veriləcək kreditlərin faizi ilə bağlıdır. Yalnız faiz dərəcəsi 15 faizə qədər və 15 faiz olan kreditlərə dövlət zəmanəti veriləcək, faizlərin yarısı dövlət tərəfindən ödəniləcək. Bu isə dövlət dəstəyinin əhatə dairəsinin məhdudlaşmasına gətirib çıxaracaq. Hamıya məlumdur ki, Azərbaycanda bank faizləri 15 faizdən xeyli yuxarıdır. Bu şəraitdə bank dövlət proqramını icra etmək üçün faiz dərəcəsini aşağı salmağa məcbur olacaq. Nəticədə bankın gəliri azalacaq və o, belə kreditləri genişləndirməkdə maraqlı olmayacaq. Nəhayət, bir məsələni də qeyd etməyə dəyər. Belə ki, yeni proqramlarla təqdim olunan kreditləşmədə regional differensasiya tətbiq olunsaydı, daha doğru yanaşma olardı. Bu gün ölkə iqtisadiyyatının 80 faizdən yuxarısı Bakıda cəmləşib, illərdir regionlarda iqtisadi inkişafa nail olunmasına çalışılır. Çox yaxşı olardı ki, kreditləşmə ilə bağlı dövlət dəstəyi proqramlarında regionlarda yerləşən sahibkarlıq subyektləri üçün müəyyən fərqləndirmə aparılardı. Bu, aparılmadığına görə risk var ki, güzəştli kreditlərdən əsasən Bakı və Abşeronda yerləşən sahibkarlar yararlansınlar. Hesab edirəm ki, bu qeyd etdiyim nüanslar diqqətdə saxlanmalıdır”.
Müsahibimiz onu da qeyd etdi ki, güzəştli kreditləşmə proqramlarının icrasına yeni başlanır: “Buna görə də onların nə qədər effektiv həyata keçiriləcəkləri barədə dəqiq rəy bildirmək qeyri-mümkündür. Bu haqda yəqin ki, bir neçə aydan sonra - kreditləşməyə dair göstəricilər açıqlanan zaman dəqiq fikir yürütmək mümkün olacaq”.
İş adamı, “Xəmsə” MMC-nin sahibi Mürvət Həsənlinin fikrincə isə tətbiq olunan yeni mexanizm biznes subyektlərinin maliyyə resurslarına çıxış imkanlarının daha da genişlənməsinə, investisiya fəallığının, iqtisadi artımın və məşğulluğun dəstəklənməsinə əhəmiyyətli töhfə verəcək: “Yeni mexanizmin əsas elementlərindən biri dövlətin bilavasitə sahibkarın zəmanətçisi kimi çıxış etməsidir. Yeni qaydalara əsasən, dövlət sahibkarın aldığı kreditə onun yerinə zəmanət verir. Dövlət zəmanəti pandemiyadan zərərçəkmiş sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinin manatla alınan yeni biznes kreditlərinə verilir. Bu sahələrə ictimai iaşə, istehsal (ərzaq, dərman, tütün, alkoqollu və alkoqolsuz içki, neft məhsulları istehsalı istisna), idman-sağlamlıq obyektləri, topdan və pərakəndə ticarət (ərzaq, dərman və neft məhsullarının satışı istisna olmaqla), mehmanxanalar, turoperator və turagent fəaliyyəti, avtomobillərə texniki xidmət göstərilməsi, bərbərxanalar, gözəllik salonları, hazırlıq və ixtisasartıma kursları, uşaq tədris və inkişaf mərkəzləri, ölkədaxili yük və sərnişin daşımaları və s. daxildir. Bu sahələri təmsil edən sahibkarlar dövlət zəmanəti ilə 3 milyon manatadək kredit əldə edə biləcəklər. Kreditin müddəti 3 ildən, faiz dərəcəsi isə 15 faizdən çox olmamalıdır. Güzəşt müddəti maksimum 12 aydır. Üstəlik, sahibkarın aldığı kreditin yarıdan çoxuna - 60 faizədək hissəsinə dövlət zəmanəti verilir”.
Qaydalara əsasən hər bir sahibkarlıq subyekti dövlət zəmanəti verilmiş kreditin cəmi məbləği 3 milyon manatdan çox olmamaq şərti ilə bir neçə kredit əldə edə bilər: “Bu, sahibkarların yükünü azaltmaqla yanaşı, həm də bankların likvidlik problemlərinin həll olunmasına müsbət təsir göstərəcək. Qaydalara görə, dövlət zəmanəti sahibkarlara kredit təşkilatları vasitəsilə veriləcək. Yeni mexanizmin ikinci mühüm elementi alınmış dövlət zəmanətli kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasıdır. Belə ki, dövlət sahibkarlara daha bir güzəştə gedərək onların əldə edəcəyi kreditlərin illik faiz dərəcəsinin 50 faizini subsidiyalaşdıracaq. Məsələn, əgər sahibkar krediti 15 faizə götürübsə, kredit faizinin yarısı dövlət vəsaiti hesabına subsidiyalaşdırılacaq, yəni sahibkar aldığı kredit üçün 7,5 faiz ödəyəcək”.
İş adamı bildirir ki, güzəştli kreditlər işini qanun çərçivəsində quran sahibkarlar üçün əlçatan olacaq: “Bu o deməkdir ki, sahibkar riskli vergi ödəyicisi olduqda, sahibkarlıq subyektinin fəaliyyət növü obyekt tələb etdiyi halda vergi orqanında qeydiyyatda onun obyekti olmadıqda, həmçinin sahibkarın müraciət tarixinə fəaliyyət vəziyyəti aktiv olmadıqda və bir sıra digər hallarda sahibkara kredit verilmir. Fəaliyyət sahəsi pandemiyadan zərərçəkmiş iqtisadi fəaliyyət növlərinə aid olan sahibkarlıq subyektinin müraciətinə yuxarıda göstərilən və digər səbəblərdən imtina verilərsə, səbəb kimi göstərilmiş çatışmazlıqları aradan qaldırdıqdan sonra onun bir daha həmin və ya digər bank vasitəsilə yenidən müraciət etmək hüququ saxlanır. Sahibkarları ağır vəziyyətdən çıxarmağı qarşıya məqsəd qoyan bu kimi dəyişikliklər yenicə böyümə mərhələsinə qədəm qoyan qeyri-neft sektorunun ayaqda qalmasına və üz-üzə qaldığımız dərin böhrandan daha az itki ilə çıxmasına səbəb olacaq” //musavat.com//

Mənbə: www.dia.az