İqtisadiyyat virusa uyğunlaşa biləcəkmi?

İqtisadiyyat virusa uyğunlaşa biləcəkmi?

2020-ci ilin fevral ayının sonundan bu yana dünya iqtisadiyyatı yeni xəstəliyin yaratdığı misli heç vaxt görünməmiş bir vəziyyətlə üzləşib. Xəstəliyin qarşısını almaq üçün tətbiq edilən məhdudiyyətlər dünya iqtisadiyyatına zərər vurmaqla yanaşı əksər ölkələrdəki istehsalat üçün də ağır nəticələrə səbəb oldu.

Aprel ayının ortalarında fond bazarı viranəyə çevrilmişdi. May ayının sonunda isə böyük dövlətlər xedc-fondları və iri şirkətlərlə birgə bazardakı cari vəziyyəti az-çox təsvir edəcək yeni konsepsiyanı ortaya qoymaq üçün sahibkarlığın bölgüsünü aparmaq zərurətilə üz-üzə qaldılar.

OPEC+ formatının iştirakçısı ölkələri arasında neft hasilatının müvəqqəti ixtisarına dair razılaşmanın əldə edilməsi, bu addımlara Qazaxıstan və İraqın da qoşulması nəticəsində “Brent” və “WTI” markalı neftin qiymətlərini müvəqqəti olaraq sabitləşdirmək mümkün oldu. Razılaşmanın iştirakçısı ölkələri gündəlik hasilatı 9,7 milyon barel azaldaraq son on illər ərzində ən aşağı həddə endirməklə bunu üç ay dalbadal saxlamağa müvəffəq oldular.

Dünya iqtisadiyyatının əlavə təkanlarla dirçələcəyinə dair ümidlər Avropa fond birjalarını hərəkətləndirsə də, koronavirusa yeni yoluxma hallarının artması hələlik nikbinliyi əngəlləyir.

Şərq vaxtı ilə saat 02.05-də (Qrinviçlə 06.05-də) Almaniyada DAX indeksi 1,4 faiz, Fransada CAC 40 indeksi 1,9 faiz, Böyük Britaniyada isə FTSE 100 indeksi də 1 faiz artdı. ABŞ-da iyun ayında 4,8 milyon iş yerinin yarandığı bildirilir ki, bu da proqnozlara nisbətən xeyli artıqdır. Həmçinin Çində və Avropada PMİ (Manufacturing Purchasing Managers İndex) göstəriciləri işgüzar fəaliyyətin artmasını göstərir.

Lakin bütün bunların yaratdığı ümidlər koronavirusun payızın ortasında gözlənilən ikinci dalğası ehtimalı ilə xeyli zəifləyir və iqtisadiyyatda yenidən resesiya baş verə bilər. Hazırda əsas məsələ koronavirusun yetirəcəyi sosial ziyandan daha çox bazarın bu yeni gerçəkliyə nə qədər uyğunlaşa bilməsidir. Son vaxtlar əsas birja indekslərində artım gözə dəyib. Belə ki, S&P 500 və Nasdaq Composite son beş gündür, Dow Jones isə beş günün dörd günü ərzində artım göstərib. Ötən bazar ertəsi S&P 500 10 iyun tarixindən sonra ən yüksək səviyyədə bağlanmışdı. Həmçinin Dow Jones üç həftənin, Nasdaq isə bütövlükdə ən yüksək həddinə çatıb.

Bütün bunlara baxmayaraq, Cons Hopkins Universitetinin məlumatlarına görə azı 32 ştatda bu həftə yoluxma hallarının ötən həftəyə nisbətən artmasını nəzərə alsaq, yuxarıda göstərilən müsbət meylin nə qədər davamlı olacağı hələləik müəmmalıdır.

Mənbə: open.az