Muxtar respublikada torpaqlarda su təminatının yaxşılaşdırılması davam etdirilir

Muxtar respublikada torpaqlarda su təminatının yaxşılaşdırılması davam etdirilir

Naxçıvan, 10 iyul, AZƏRTAC

Muxtar respublikada müasir suvarma sistemlərinin quraşdırılması və suvarma suyundan səmərəli istifadə olunmasına nəzarət həyata keçirilir. Əkin sahələrinin suvarma suyu ilə təmin olunması, əhalinin içməli su təchizatının yaxşılaşdırılması, yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması məqsədilə 2020-ci ilin iyun ayı ərzində təmir və bərpa, tikinti işləri davam etdirilib.

Naxçıvan Muxtar Respublikası Meliorasiya və Su Təsərrüfatı Açıq Səhmdar Cəmiyyətindən AZƏRTAC-ın Naxçıvan bürosuna bildirilib ki, bu dövrdə su istifadəçilərinə 53,6 milyon kubmetr su verilib, bunun müqabilində 45 min 168 hektar torpaq sahəsi suvarılıb. 11 kilometr beton və torpaq kanal, 17,7 kilometr ara arxlar, 3 kilometr kollektor lildən təmizlənib, 6 kilometr suvarma, 2,6 kilometr təzyiqli boru xətti təmir-bərpa edilib, 60 hektar torpaq sahəsində qrunt sularının səviyyəsi aşağı salınaraq şoranlaşmanın qarşısı alınıb. 1,2 kilometr selə qarşı istiqamətləndirici bənd salınıb. Yeni torpaq sahələrinin əkin dövriyyəsinə qatılması hesabına suvarılan torpaq sahələrinin genişləndirilməsi üçün Kəngərli rayonunun Böyükdüz kəndində 800 hektar, Şahbuz rayonunun Türkeş kəndində 270 hektar sahədə qapalı suvarma şəbəkəsinin tikintisi davam etdirilib, 7,6 kilometr suvarma xətti çəkilib, 32 supaylayıcı hovuz və 50 suvarma hidrantı quraşdırılıb. Qeyd olunan dövrdə 91 subartezian quyusunda və 5 kəhrizdə təmir-bərpa işləri aparılıb, 1 kəhrizdə işlər başa çatıb.

Muxtar respublikanın yaşayış məntəqələrində dayanıqlı və keyfiyyətli içməli su təminatı yaradılır, kanalizasiya sistemləri qurulur. Bu istiqamətdə görülən işlər ötən ay da davam etdirilib. Belə ki, “Rayon mərkəzi və ətraf kəndlərin içməli su təchizatı və kanalizasiya sistemlərinin yenidən qurulması” layihəsi çərçivəsində Babək rayonunun Nehrəm qəsəbəsi və Araz kəndində 10 kilometr su və 9 kilometr kanalizasiya, Sədərək rayonunda 6,7 kilometr su, 10 kilometr kanalizasiya, Kəngərli rayonunda isə 10,8 kilometr su xətti çəkilib.

Mənbə: azertag.az