Qəbələdə buğda sahələrində orta məhsuldarlıq 33,3 sentnerdir

Qəbələdə buğda sahələrində orta məhsuldarlıq 33,3 sentnerdir

Qəbələ, 10 iyul, Mustafa Dadaşov, AZƏRTAC

Qəbələ rayonunun təsərrüfatlarında taxıl biçini kampaniyası yekunlaşmaq üzrədir. Bu günədək 4 min 892 hektar arpa və 13 min 660 hektar buğda sahəsinin məhsulu biçilib, 61 min 680 ton məhsul tədarük olunub. Hər hektardan orta məhsuldarlıq 33,2 sentner təşkil edir.

Bu barədə AZƏRTAC-ın bölgə müxbirinə Qəbələ Dövlət Aqrar İnkişaf Mərkəzinin bitkiçilik sektorunun müdiri Elimdar Şərifov məlumat verib.

Qurum rəsmisinin sözlərinə görə, arpa sahələrində biçin artıq başa çatıb və zəmilərdən 16 min 192 ton məhsul tədarük olunub. Hər hektardan orta hesabla 33,1 sentner məhsul götürülüb. Biçin aparılan buğda sahələrindən isə 45 min 488 ton məhsul əldə olunub. Buğda zəmilərində orta məhsuldarlıq 33,3 sentner olub. Rayon üzrə ən yüksək məhsuldarlıq Nic, Vəndam qəsəbələrinin, Zarağan və Mirzəbəyli kəndlərinin ərazilərindəki buğda sahələrində qeydə alınıb. Belə ki, bu ərazilərdə buğda zəmilərində orta məhsuldarlıq 45-50 sentner təşkil edib.

Sektor müdirinin sözlərinə görə, biçin kampaniyasının qızğın çağında sahələrdə 56 taxılbiçən kombayn işləyib. Hazırda isə sahələrdə 14 kombayn işləyir.

Hələlik rayonda 1200 hektaradək biçilməmiş taxıl sahəsi qalıb. Torpaq mülkiyyətçiləri sahələrdə qalan məhsulun qısa müddətdə biçilib anbarlara yığılması üçün səylə çalışırlar.

Mənbə: azertag.az