Banklar pandemiya dövründə heç bir güzəştə getmədi, dövlətdən dəstək istəyirlər – Şahmar Mövsümovun sözlərinə qüvvət...

Banklar pandemiya dövründə heç bir güzəştə getmədi, dövlətdən dəstək istəyirlər – Şahmar Mövsümovun sözlərinə qüvvət...

Vüqar Bayramov: “Yaxşı olardı ki, pandemiya ilə əlaqədar banklar əhaliyə, iqtisadiyyata dəstək versinlər”

Koronavirusla bağlı yaranmış böhran davam etdikcə dövlət nə mümkündürsə onu etməyə çalışır. Ölkə iqtisadiyyatının bir sıra istiqamətləri üzrə hazırlanan dəstək, bərpa mexanizmi onsuz da bu ilin üçüncü rübünün axırınadək müddəti əhatə edirdi ki, bunlardan da bəziləri uzadılacaq. Çünki pandemiya davam edir və nə vaxt bitəcəyi bəlli deyil.

Bu arada Prezident Administrasiyasının İqtisadi məsələlər və innovativ inkişaf siyasəti şöbəsinin müdiri Şahmar Mövsümov deyib ki, pandemiya ilə bağlı müddət uzandıqca dəstək və yardım istəyən sahələrin sayı artır. Bəziləri bank sektorunu da bura daxil etməyi vacib bilir ki, bu düzgün deyil. Ona görə ki, buna hələ ehtiyac yoxdur.

Belə baxanda, yaranmış vəziyyətdə bank sektorunun özünün bir sıra güzəştlərə getməsi tələb olunur ki, əslində bu daha düzgün yoldur. Bu özünü bankların müştəriləri ilə aralarındakı münasibətlərdə büruzə verməlidir, ya kreditlərin verilməsi prosedurunda, ya da geri ödənişdə müxtəlif güzəştlərin tədbiqi yolu ilə. Nəzərə almaq lazımdır ki, bank sektorunun ən böyük problemi vaxtı ötmüş kreditlər məsələsi idi. Dövlət keçən il buna müdaxilə etdi və Prezident tərəfindən məsələ həll edildi. Ancaq qəribədir ki, indiki çətin dövrdə bunların heç biri ilə əlaqədar banklar təşəbbüs göstərmir. Niyə?

“Xüsusən postpandemiya dövründə öz kredit portfelini genişləndirməkdə maraqlı olmalıdırlar”

Məsələyə münasibət bildirən millət vəkili Vüqar Bayramovun sözlərinə görə, pandemiya dövründə banklar müştərilərə bir sıra güzəştlər etməlidir:“Çünki banklar praktik olaraq gəlir əldə edən kommersiya qurumlarıdır. Onu da nəzərə almaq lazımdır ki, Azərbaycanda kredit faizləri çox yüksəkdir. Kredit faizləri yüksək olduğuna görə bu, təbii ki, kommersiya banklarına gəlir əldə etməyə imkan yaradır. Ona görə də daha məqsədəuyğun olardı ki, kommersiya bankları tərəfindən əhaliyə bir sıra güzəştlər tətbiq edilsin. Çünki kommersiya bankı da korporativ sosial məsuliyyətə görə pandemiya dövründə öz müştərilərinə dəstək olmalıdır. Banklar öz müştərilərini qorumaqda maraqlı olmalıdırlar. Xüsusən postpandemiya dövründə öz kredit portfelini genişləndirməkdə maraqlı olmalıdırlar. Təəssüflər olsun ki, bankların timsalında bu müşahidə edilmir. Banklar da dövlətdən kömək umur. Ancaq yaxşı olardı ki, pandemiya ilə əlaqədar banklar əhaliyə, iqtisadiyyata dəstək versinlər. Çünki nəticə etibarı ilə korporativ sosial məsuliyyət də tələb edir ki, hər bir biznes, o cümlədən kommersiya bankları da müştərilərinə pandemiya dövründə güzəştlər təklif etsinlər. İndiki pandemiya dövründə bu cür güzəştlər məqsədəuyğundur. Bu, nəticə etibarı ilə müştərilərin ödəmə qabiliyyətinə müsbət təsir edə bilər. Nəticədə bütün bunlar postpandemiya dövründə bankların kredit portfelinin artmasına gətirib çıxaracaq”.

Belə görünür ki, banklar pandemiya dövründə bəzi güzəştlərə getsələr, müştərilərini qoruya biləcəklər.

Vidadi ORDAHALLI

Mənbə: www.baki-xeber.com