Deputat: Neft Fondunun təşkili bizim böyük uğurumuzdur və gələcək dönəmdə də bir çox məsələlərin həllində fondun rolu xüsusi önəm kəsb edəcək

Deputat: Neft Fondunun təşkili bizim böyük uğurumuzdur və gələcək dönəmdə də bir çox məsələlərin həllində fondun rolu xüsusi önəm kəsb edəcək

Bakı, 11 iyul, AZƏRTAC

Azərbaycan dövlətinin, iqtisadiyyatının inkişafında, xüsusilə də həssas sosial qruplardan, təbəqələrdən olan insanlarımızın maddi durumunun, sosial-iqtisadi güzəranlarının, şəraitlərinin yaxşılaşdırılmasında Dövlət Neft Fondunun (ARDNF) rolu, xidmətləri əvəzsizdir. Fond vasitəsilə bir çox məsələlərin həlli yönündə transfertlərin edilməsi olduqca mühüm əhəmiyyətə malikdir. ARDNF ölkəmizin belə demək mümkünsə, ikinci əsas büdcə orqanıdır. Dövlət büdcəsi qədər böyük əhəmiyyətə və rola malikdir.

Bu sözləri AZƏRTAC-a Milli Məclisin deputatı, professor Jalə Əliyeva deyib.

Deputat qeyd edib ki, ümumiyyətlə 2001-ci ildən başlayaraq cari il martın 31-nə qədər olan dövrdə Neft Fonduna ümumilikdə 160 milyard 385 milyon ABŞ dolları vəsait daxil olub ki, bu vəsaitin də 154 milyard 523,1 milyon dolları və yaxud 96 faizi neft-qaz sazişlərinin həyata keçirilməsi ilə bağlı gəlirlərdən, 5 milyard 861,9 milyon dolları və yaxud təqribən 4 faizi fondun vəsaitlərinin idarə olunmasından əldə edilən gəlirlərdən daxilolmalar təşkil edib. Onun sözlərinə görə, həmçinin ötən 20 il ərzində ARDNF-in ümumi xərcləri 119 milyard 35,6 milyon dollar təşkil edib. Son məlumatlara görə isə hazırda ARDNF-in vəsaiti 41 milyard 349,5 milyon dollar təşkil edir.

"Onu da qeyd etmək lazımdır ki, ARDNF-in bu ilin yanvar-mart ayları ərzində neft və qaz sazişləri ilə bağlı daxilolmaları 3 milyard 772,1 milyon manat olub ki, bu daxilolmaların tərkibində mənfəət neftinin və qazın satışından gəlirlər 2 milyard 997,9 milyon manat təşkil edib. Bildiyiniz kimi, xüsusilə, son aylar dünyada neft qiymətlərində kəskin enmələr, azalmalar baş verib və bu da istər-istəməz milli iqtisadiyyatlara, o cümlədən Azərbaycan iqtisadiyyatına təsirsiz ötüşməyib. Ancaq bu müddət ərzində, yəni, xam neft qiymətlərinin kəskin şəkildə aşağı düşməsinə baxmayaraq, Dövlət Neft Fondu tərəfindən makroiqtisadi və fiskal tarazlığın qorunması, icmal və dövlət büdcəsi qarşısında öhdəliklərinin yerinə yetirilməsi ilə bağlı funksiyaların icrası təmin edilib. Bunun özü çox böyük göstərici və uğurdur. Həmçinin heç kimə sirr deyil ki, neft qiymətlərində kəskin enmələr, o cümlədən bu ilin əvvəlindən dünyada və onun tərkib hissəsi olan ölkəmizdə yaşanan pandemiya nəticəsində cari ilin yanvar-mart ayları ərzində valyuta bazarında xarici valyutaya tələb xeyli artıb. Bunu həmin vaxtlar bankların qarşısında yaranan növbələrdən də görmək mümkün olurdu. Odur ki, xarici valyutaya artan tələbin qarşılanması məqsədilə ARDNF tərəfindən Mərkəzi Bankın təşkil etdiyi hərraclar vasitəsilə ümumilikdə 2 milyard 771,8 milyon dollar məbləğində xarici valyuta satışı həyata keçirilib ki, bunun da müqabilində 4 milyard 712,1 milyon manat vəsait satın alınıb. Qabaqlayıcı valyuta satışları hesabına dövlət büdcəsinə 4 milyard 631 milyon manat, o cümlədən nəzərdə tutulandan 1 milyard 793,5 milyon manat çox vəsait transfer edilib. Bunun özü də xarici valyutaya artan tələbin qarşılanmasında, müvəqqəti olaraq yaranmış ajiotajın aradan qaldırılmasında əhəmiyyətli rola malik oldu. Yuxarıda da qeyd etdiyimiz kimi, bir sıra həlli vacib məsələlərin, xüsusilə həssas qruplardan olan insanların problemlərinin həllində ARDNF xüsusi çəkiyə malikdir. Belə ki, 2001-ci ildən başlayaraq bu il martın 31-nə qədər qaçqınların və məcburi köçkünlərin sosial-məişət vəziyyətinin yaxşılaşdırılması tədbirlərinin maliyyələşdirilməsinə Neft Fondundan ümumilikdə 2 milyard 563,6 milyon manat, o cümlədən cari ilin birinci rübü ərzində 60,9 milyon manat vəsait ayrılıb və bu vəsait hesabına 37397 ailə üçün fərdi evlərdən ibarət 75 qəsəbə, habelə hündürmərtəbəli binalardan ibarət 22 məhəllə və bir çox sosial-infrastruktur obyektləri tikilib. Hesab edirəm ki, göstərilən, sadalanan bu məqamlar, faktlar ARDNF-in Azərbaycan cəmiyyətində və iqtisadiyyatında hansı rola malik olduğunu bir daha gözlər önünə sərmiş olur. Belə bir fondun təşkili bizim böyük uğurumuzdur və bu baxımdan inanırıq, əminik ki, gələcək dönəmdə də bir çox məsələlərin həllində ARDNF-in rolu, çəkisi xüsusi önəm kəsb edəcək", - deyə J.Əliyeva əlavə edib.

Mənbə: azertag.az