İş adamları Prezidentə və hökumətə - MÜRACİƏT ETDİLƏR – TƏKLİFLƏR

İş adamları Prezidentə və hökumətə - MÜRACİƏT ETDİLƏR – TƏKLİFLƏR

Azərbaycanda turizm və restoran sektorunun nümayəndələrini özündə birləşdirən DAİR Hotellər və Restoranlar Assosisiyası prezident İlham Əliyevə və hökumətə müraciət edib.

FED.az-a verilən məlumata görə, müraciətdə koronavirusun bu sektora təsirlərinin azaldılması və iş adamlarının üzləşdiyi çətinliklərin həlli ilə bağlı təkliflər yer alıb.

Müraciətdə deyilir ki, Assosiasiya son günlər ərzində içtimai fəallar, sahibkarlar və biznes subyektlərin nümayəndələri ilə silsilə görüşlər keçirmiş və bir sıra müraciətləri dinləmişdir. Daxil olan müraciətləri və ümumilikdə sənayedə biznes durumun təhlili istiqamətində apardığımız araşdırmaların nəticələri əsasında bəzi məsələlər aşkar edilmiş, sənaye nümayəndələrinin iqtisadi-sosial durumlarına təsir edən amillər bir daha nəzərdən keçirilmişdirlər. Nəticə etibarilə demək olar ki, xüsusi karantin rejiminin müddətinin uzadılması və sərtləşdirilməsi turizm və qonaqpərvərlik səhələrində əlavə iqtisadi-sosial problemlərin yaranmasına gətirib çıxarmışdır. Bunları nəzərə alaraq, aşağıda qeyd edilən məsələlərə müvafiq qurumlar tərəfindən baxılmasını və bu istiqamətlərdə sənayəyə dəstək vermək imkanlarının nəzərdən keçirilməsi məqsədilə Assosiasiya Azərbaycan Respublikasının Prezidenti, cənab İlham Əliyevə və hökümətə müraciət etmişdir.

Müraciətdə aşağıda qeyd edilmiş məsələlər öz əksini tapmışdırlar:

- İş icazələrinin xəbərdarlıq olunmadan ləğv edilməsi nəticəsində turizm, qonaqpərvərlik və əlaqəli sahələrdə fəaliyyət göstərən müəsissələrin əməkdaşlarına və fərdi sahibkarlara 5-7 İyul tarixlərində yazılmış cərimələrin ləğv edilməsini xahiş edirik;

- Bu sahələrdə çalışan müəsissələrə və fərdi sahibkarlara karantin dövründə mövcud əmək qüvvəsinin 75%-nin işə cəlb edilməsi icazəsinin verilməsini xahiş edirik;

- Turizm, qonaqpərvərlik və əlaqəli sahələrdə fəaliyyət göstərən KOB müəsissələrinin əmək güvvəsinin bir daha nəzərdən keçirilməsi, rəsmi əmək müqavilələrinin təmin edilməsi, karantin dövründə əməkdaşların əmək haqqlarının ödənilməsi və bu sahələrdə çalışanların sosial müdafiəsininin artırılmasına diqqət yetirilməsini xahiş edirik;

- Turizm və qonaqpərvərlik sahələrində çalışan insanların (məvacibləri qismən və yaxud tam ödənilmədiyi halda) bank kreditlərinin (lombardlar daxil olmaqla) və kommunal xərclərinin ödənilməsində dövlət tərəfindən dəstək göstərilməsini xahiş edirik;

- Ölkənin ali və orta peşə təhsili müəsissələrini turizm və qonaqpərvərlik ixtisasları üzrə 2020-ci ildə bitirmiş məzunları arasında işsizliyin və seçdikləri ixtisaslardan məcburi yayınmaların qarşısının alınması məqsədilə onlar üçün dəstəkverici tədbirlərin görülməsini xahiş edirik;

- Turizm, qonaqpərvərlik və əlaqəli sahələrdə fəaliyyət göstərən KOB müəsissələri və fərdi sahibkarların mövcud olan bank kreditlərinin (faiz hissəsi daxil olmaqla) 1 illik dondurulmasını və dövlət subsidiyalarının bu istiqamətdə 2021-ci ilin May ayından etibarən tədbiq edilməsini xahiş edirik;

- Turizm, qonaqpərvərlik və əlaqəli sahələrdə fəaliyyət göstərən KOB müəsissələri və fərdi sahibkarların mövcud icarə müqavilələrinin “Fors Major” bəndlərində göstərilən şərtlərin təmin edilməsi istiqamətində dövlət dəstəyinin verilməsini, yaranmış vəziyyətin normativ hüquqi sənədlər əsasında fövqəladə hal kimi qəbul edilməsini xahiş edirik;

- Turizm, qonaqpərvərlik və əlaqəli sahələrdə fəaliyyət göstərən KOB müəsissələrin və fərdi sahibkarların cari kommunal və rabitə (internet daxil olmaqla) xərclərinin karantin rejiminin sonunadək dövlət tərəfindən subsidiyalaşdırılmasını, yaranmış borcların isə hal-hazırda dondurulmasını və post karantin dövründə restrukturizasiya edilərək ödənilməsinə imkan yaradılmasını xahiş edirik;

- Turizm, qonaqpərvərlik və əlaqəli sahələrdə fəaliyyət göstərən KOB müəsissələri və fərdi sahibkarların bank hesablarına tətbiq edilmiş sərəncamların müvəqqəti olaraq ləğv edilməsini, hər bir faktın yenidən araşdırılmasını, borcların təsdiq edildiyində, onların ödənilməsini 2021-ci ilə gədər təxirə salınmasını xahiş edirik;

- Booking.com, Tripadvisor.com və digər beynəlxalq aqreqatorlar (OTA - Online Travel Agency) vasitəsilə qonaq (müştəri) əldə edən təsisatlara komisiyon haqqların ödənildiyində ƏDV və ödəmə mənbəyindən tutulan verginin (withholding tax) ləğv edilməsini və yaxud minimuma endirilməsini xahiş edirik;

- COVİD-19 pandemiyasının neqativ təsirlərini azaltmaq, eyni zamanda turizm, qonaqpərvərlik və əlaqəli sahələrin tezliklə bərpa olmasını və gələcəkdə sürətlə inkişafını təmin etmək məqsədilə Turizmın Dayanıqlı İnkişafına Dəstək Fondunun yaradılmasını xahiş edirik;

- Turizm və qonaqpərvərlik müəsissələrində COVİD-19 pandemiyasının profilaktikasına dair AR Nazirlər Kabineti tərəfindən gəbul edilmiş proqramların və metodik göstərişlərin tətbiqi məqsədilə tələb edilən dezinfeksiya məhlulları, sanitayzerlər və qoruyucu vasitələrin təchizatının mərkəzləşdirilməsini, topdan satış qiymətlərilə və dövlət subsidiyaları dəstəyilə təmin edilməsini xahiş edirik;

- Karantin rejiminin uzadıldığı halda mehmanxana və mehmanxana tipli müəsissələrin və içtimai iaşə obyektlərinin açıq havada olan hissələrində (teraslar) metodik göstərişlərin və təlimatların şərtlərinə ciddi riayət edilməsi şərtilə müştərilərə yerində xidmət göstərilməsinə icazə verilməsini xahiş edirik;

- Turizm, qonaqpərvərlik və əlaqəli sahələrdə fəaliyyət göstərən KOB müəsissələri və fərdi sahibkarlar üçün xüsusi dəstək paketlərinin işlənməsi və İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondunun “Dövlətin zəmanətli krediti və subsidiya dəstəyi” (eedf.gov.az) platforması vasitəsilə tətbiq edilməsini xahiş edirik;

- Azərbaycan Respublikasının Prezidentinin ölkədə içtimai nəzarətin gücləndirilməsi haqqında cağırışlarını nəzərə alaraq turizm və qonaqpərvərlik sahələrinə aidiyyatı olan dövlət qurumlarında içtimai şuraların yaradılmasına təkan verilməsini və bu qurumlarda içtimai fəal və ekspert hesab edilən sənaye nümayəndələrinin iştirakının təmin edilməsini xahiş edirik.

DAİR Hotellər və Restoranlar Assosisiyası yaranmış vəziyətdə hamını sosial məsuliyyət və içtimai həmrəylik nümayiş etməyə, Azərbaycan Respublikası Nazirlər Kabineti yanında Operativ Qərargahın elan etdiyi xüsusi karantin rejiminin qaydalarına ciddi riayət etməyə çağırır. Assosiasiyanın İdarə Heyəti pandemiyanın yayılmasına qarşı mübarizə aparan və bu gün ön cəbhədə fədakərcasına işləyən həkimlər, hüquq mühafizə orqanlarının işçiləri, karantin üçün istifadə edilmiş otellərin heyəti və bu sahədə əməyi keçən hər kəsin qarşısında baş əyir və onların qəhrəmanlığının layiqincə fərqləndirilməsini arzulayır.

Assosiasiyanın mütəxəssisləri ümid edirlər ki, səhiyyə və elm pandemiyanın öhdəsindən tezliklə gələcək, turizm və qonaqpərvərlik sənayesi dövlət dəstəyi gücü ilə bərpa olub, bir daha davamlı fəaliyyət olduqunu sübut edəcək və bundan sonra daha da sürətlə inkişafa doğru addımlayacaq.

Mənbə: fed.az