Koronavirus şübhəliləri ilə təcili yardımlar yox, poliklinikalar məşğul olacaq – Poliklinikaların yetərli gücü varmı …

Koronavirus şübhəliləri ilə təcili yardımlar yox, poliklinikalar məşğul olacaq – Poliklinikaların yetərli gücü varmı …

Nabil Seyidov: “Səhiyyə Nazirliyi tərəfindən simptomsuz və yüngül simptomlu şəxslərin müayinə və müalicəsinə dair xüsusi metodik tövsiyələr hazırlanıb, poliklinikalara əlavə təlimatlar təqdim edilib”

Məlum olduğu kimi, koronavirusla mübarizəyə poliklinikalar da qoşulub. Artıq ciddi karantin rejiminin tətbiq olunduğu şəhər və rayonlarda bütün poliklinikalar gücləndirilmiş iş rejiminə keçib. Tibbi briqadalar səfərbər edilib. Vətəndaşlardan yalnız özlərində narahatlıq hiss edən zaman dərhal yerli poliknikalara müraciət etmələri tələb olunur.

Qeyd etdiyiiz kimi, karonavirus şübhəsi olan vətəndaşlar bundan sonra təcili tibbi yardıma deyil, yaşayış yeri üzrə poliklinikalara müraciət etməlidirlər. Bəli, qərar tətbiq olunur, amma insanlarda sual yaradan məqamlar var.

Maraqlıdır, poliklinikaların koronovirusla mübarizədə təcrübələri və imkanları yetərli sayıla bilərmi?

Nazirlər Kabineti yanında Operativ Qərargahın tapşırığı ilə Səhiyyə Nazirliyi tərəfindən yaradılmış işçi qrupunun üzvü Nabil Seyidov bildirdi ki, evdə müalicə alan xəstələrə göstərilən tibbi xidmətin təkmilləşdirilməsi və əhali tərəfindən müraciətlərin artması nəticəsində Təcili və Təxirəsalınmaz Tibbi Yardımın (TTTY) yüklülüyünün azaldılması məqsədilə Bakı şəhəri üzrə bütün rayonlarda simptomsuz və yüngül simptomlu yoluxmuş şəxslərin aşkarlanması, müayinəsi, laborator testlərindən keçirilməsi və davamlı təqibi üçün müvafiq ilkin səhiyyə müəssisələri artıq müəyyənləşdirilib: “Səhiyyə Nazirliyi tərəfindən simptomsuz və yüngül simptomlu şəxslərin müayinə və müalicəsinə dair xüsusi metodik tövsiyələr hazırlanıb, poliklinikalara əlavə təlimatlar təqdim edilib.

Səhiyyə Nazirliyinin tövsiyələrində bildirilir ki, vətəndaşlar COVID-19-la bağlı yaşadıqları ünvana uyğun olaraq müvafiq poliklinikalarla əlaqə saxlaya bilərlər. Poliklinikanın mütəxəssisləri tərəfindən vətəndaşın vəziyyəti ilkin olaraq qiymətləndiriləcək və COVID-19-a dəlalət edən şikayət, simptom və ya yoluxma riskini artıran digər faktorlar dəyərləndiriləcək. Tibb işçisinin qərarı əsasında yoluxma riski olan və ya koronavirus xəstəliyi ehtimalı olan şəxslərin müayinəsi və PZR testinin aparılması üçün poliklinikaların tibbi briqadaları evlərə göndəriləcək və testlər üçün nümunələr məhz orada götürüləcək”.

Rasif Bağırov: “Koronavirusla mübarizədə poliklinikaların imkanları yetərli səviyyədə deyil”

Həkim ekspert Rasif Bağırov bildirdi ki, koronavirusla mübarizədə poliklinikaların imkanları yetərli səviyyədə deyil: “Hazırda evə yazılan bəzi ambulator xəstələri "bluetooth" ilə əlaqələndirmək, onların hərəkətinə telefonla nəzarət etmək belə, yetərli deyil. Bu işin təşkili üçün gərək ki, bu işi görəcək həkimlərin konkret yerləri olsun. Ya poliklinikada, ya da qərərgahlarda bunlar üçün lazımi şərait yaradılmalı, müəyyən avadanlıqlar quraşdırılmalıdır. Yəni xəstələrə bir-bir nəzarət etmək, gündəlik xəstəliyin dinamikasını, xəstələrin dərman təminatını izləmək üçün bütün bunlar çox vacibdir. Bundan başqa, lazımi qədər tibb bacıları da olmalıdır".

Müsahiblərimizin fikrindən belə aydın ki, koronavirusdan əziyyət çəkən xəstələrin ilkin müalicəsinin poliknikalarda aparılması hələ düzgün deyil. Çünki koronavirusa mübarizədə poliklinikaların nə təcrübəsi, nə də imkanı yetərli səviyyədə deyil.

Günel CƏLİLOVA

Mənbə: www.baki-xeber.com