“Yeni iş yerlərindən danışmaq boş ritorikadan başqa bir şey deyil” - EKSPERT

“Yeni iş yerlərindən danışmaq boş ritorikadan başqa bir şey deyil” - EKSPERT

Azərbaycanda 2020-ci ildə 110 min yeni əmək müqaviləsi qeydə alınıb.

Dövlət tərəfindən bütün dövlət sektorunda karantin rejiminin tətbiq olunması və vətəndaşların işə gəlməməsinə rəğmən əməkhaqları ödənilib. 910 min vətəndaşın iş yeri qorunub.

Bu barədə İqtisadi İslahatların Təhlili və Kommunikasiya Mərkəzinin Vətəndaşların sosial rifahının yaxşılaşdırılması ilə bağlı görülmüş işlərlə bağlı hesabatında məlumat verlir.

Hesabata görə, cari ilin əvvəli ilə müqayisədə özəl sektorda əmək müqavilələrinin sayı 17% artıb.

Qeyd edək ki, hazırda bir sıra ölkələrdə pandemiyanın yaratdığı şəraitlə bağlı olaraq, daha çox işsizliyin artımı ilə bağlı rəqəmlər yayımlanır.

Azərbaycanda 910 min vətəndaşın iş yeri qorunduğu halda, iş yerini itirənlərin sayı nə qədərdir?

İqtisadçı Natiq Cəfərli Cebhe. info-ya açıqlamasında bildirib ki, ölkədə elə dövlət şirkətlərində muzdla işləyənlərin sayı 915 min nəfərdir:

“Onlarda onsuz da işdən çıxarılma olmamalı idi. Çünki pandemiyaya görə büdcə təşkilatlarında ixtisarlar dayandırılıb və onlar əməkhaqlarını alırlar. 110 min yeni əmək müqaviləsinin bağlanması isə onunla əlaqədardır ki, pandemiya və karantin rejimi ilə əlaqədar hökumət proqramında özəl saktorda qapadılan sahələrdə çalışanların əmək müqavilələri olduğu halda, dövlət dövlət tərəfindən yardım alacağı bildirilirdi. O zaman bəzi sahibkarlar həmin yardımların alınması üçün işçilərini rəsmiləşdirdilər. Ona görə də indi yeni əmək müqavilələri, yeni iş yerlərindən danışmaq boş ritorikadan başqa bir şey deyil”.

Hazırda böyük bir işsizlər ordusunun yarandığını deyən iqtisadçı bildirib ki, rəsmi rəqəmlərə görə, mart ayında cəmi 90 700 işsiz olduğu halda işsizlik müavinəti alanların sayı 600 minə çatıb:

“Hətta 10 minlərlə insan bu müavinətindən kənarda qaldı. Ölkədə qeyri-rəsmi çalışanların sayı rəsmi çalışanların sayından qat-qat çox olduğu, onlar turizm, ictimai iaşə sahələrində çalışdığı və həmin sahələr indi ümumiyyətlə, qapalı olduğu üçün işsizlərin sayının kifayət qədər yüksək olduğunu demək mümkündür. Bir çox ölkələrdə də işsizlərin sayının artması trendi var, amma onlarda statistika normal aparılır. Məsələn, Avropada işsizlik II Dünya Müharibəsindən sonra, ABŞ-da isə 30-cu illər böhranından sonra tarixin ən yüksək səviyyəsinə çatıb”.

Natiq Cəfərli deyir ki, rəsmi rəqəmlərə görə, Azərbaycanda turizm sahəsində çalışanların sayı 24 min nəfər olsa da, qeyri-rəsmi çalışanların sayı bundan 3 dəfə artıq idi:

“Təqribən 75-80 min nəfər idi. Eyni sözü bağlanmış digər sahələrdə - kafe, restoranlarda çalışanlarla bağlı demək olar. Bu baxımdan da demək olar ki, Azərbaycanda hazırda ciddi işsizlik problemi var. Hətta postpandemiya dövründə də işsizliyin aradan qaldırılması mümkün görünmür. Bu, yaxın gələcəyin ən ciddi problemi olaraq qalacaq. Ona görə də araşdırıb, doğru həll yolları tapmağa ehtiyac var”.

Xatirə Nəsirova
Cebhe. info

Mənbə: cebhe.info