Dolların dünya hegemonluğuna son qoyulur... ABŞ tarixin ən böyük büdcə kəsiri qarşısında…

Dolların dünya hegemonluğuna son qoyulur... ABŞ tarixin ən böyük büdcə kəsiri qarşısında…

Dünya iqtisadiyyatı üçün pandemiya təhdidinin böyüməkdə davam etdiyi bir vaxtda ABŞ dolları ilə bağlı da vəziyyət dəyişir. Xüsusən ABŞ-da yaşanan iqtisadi çətinliklər fonunda dolların mövqeyinin sarsılacağına dair xəbərdarlıqlar artır. Hadisələrin inkişafı isə ABŞ-ın iqtisadi müstəvidə ciddi çətinliklər yaşamaqda olduğunu və bunun da dollara təsirsiz ötüşmədiyini göstərir.

Qeyd edək ki, ABŞ-da maliyyə sahəsində vəziyyət sürətlə pisləşir. Hətta bu ilin iyun ayında ABŞ-ın 864 milyard dollar həcmində tarixin ən böyük aylıq federal büdcə kəsiri qeydə alınıb. Maliyyə Departamentinin açıqlamasına görə, bunun səbəbi koronavirus pandemiyasının yaratdığı resessiya üzündən milyonlarla iş yerinin bağlanması və nəticə olaraq büdcə mədaxilinin kəskin azalmasıdır. Bundan əvvəlki ən yüksək federal büdcə kəsiri 738 milyard dollar həcmində aprel ayında qeydə alınmışdı. Bununla yanaşı, oktyabrın 1-də başlayan hazırkı maliyyə ilinin ilk 9 ayında qeydə alınmış 2,74 trilyon dollarlıq büdcə kəsiri də sözügedən müddət üçün rekorddur. Konqres Büdcə Ofisinin proqnozuna görə, il ərzində büdcə kəsirinin 3,7 trilyon ABŞ dollarına çatacağı gözlənilir. İllik büdcə kəsirinin 2009-cu ildə qeydə alınmış 1,4 trilyon dollar həcmindəki əvvəlki rekord göstəricisi hökumətin 2008-ci ilin maliyyə böhranından doğan resessiyanın nəticələrini aradan qaldırmaq üçün gördüyü təcili tədbirlərin nəticəsidir.

İyun ayının rekord büdcə kəsirini ortaya çıxaran amillər arasında hökumətin həyata keçirdiyi bir sıra yardım proqramları, o cümlədən işsizlik müavinətlərinə hər həftə sakinlər üçün 600 dollarlıq əlavə ödənişlər, sahibkarlara işçilərini saxlamaları üçün dəstək tədbirlərini ehtiva edən Əməkhaqqının Qorunması Proqramı göstərilir. Belə ki, iyun ayında həmin proqrama 511 milyard dolların sərf olunduğu bildirilir. Bu halda keçmiş maliyyə naziri Henri Polson dövlət borcunun və büdcə kəsirinin ifrat artması nəticəsində ABŞ dollarının dünyada əsas ehtiyat valyutası statusundan məhrum ola biləcəyini bildirib. O xatırladır ki, ABŞ-ın dövlət borcu rekord həddə çataraq 26 trilyon dolları ötüb. Təkcə may ayı ərzində ölkənin dövlət borcu 1 trilyon dollar artıb. Henri Polson bildirib ki, dövlət borcunun belə nəzarətsiz şəkildə artması ABŞ dollarının dünyanın əsas ehtiyat valyutası statusunu sarsıda bilən daha bir faktordur. Rusiyanın Hesablama Palatasının rəhbəri Aleksey Kudrin də bu mövqeni bölüşür:"ABŞ-ın dövlət borcunun artması dollar və inkişaf etməkdə olan bazarların valyutaları üçün risq təhlükəsi yarada bilər. Təkcə ilin əvvəlindən ABŞ-ın dövlət borcu ÜDM-in 108%-dən 123%-nə qədər artıb. ABŞ üçün bu kritik deyil, lakin tendensiya əhəmiyyətli dərəcədə dəyişməzsə, dollar və dünya bazarı üçün təhlükə yarana bilər". Kudrin əlavə edib ki, inkişaf etmiş ölkələrin təminat səviyyəsi və bazar sabitliyi nəzərə alınaraq, onlar bu borcları cəsarətlə cəlb edib:"Lakin bir daha deyirəm, bu tendensiya davam edərsə, inkişaf etməkdə olan bazarlar da risqlərə məruz qalacaq, çünki biz onlarla çox bağlıyıq". Kudrin onu da bildirib ki, 2020-ci ilin əvvəlində ümumi dünya borcu qlobal ÜDM-in 322%-nə çatıb. Sözügedən borcun həcmi 2008-2009-cu illərdən bəri 40% artıb. Qeyd edək ki, Beynəlxalq Valyuta Fondunun proqnozuna görə, ABŞ-ın dövlət borcu 2020-ci ildə ölkə ÜDM-nin 131,1%-dək artacaq. ABŞ-ın Federal Ehtiyatlar Sisteminin proqnozuna əsasən, bu il ölkə iqtisadiyyatı 6,5% azalacaq. Bu da dollara təsirsiz ötüşmür.

Belə vəziyyətdə ABŞ-ın digər dünya ölkələri, xüsusən də Çin və Avropa ilə ticarət sahəsində kəskinləşən münasibətləri dollara qarşı onların yeni gedişinə səbəb olur. Rəsmi Pekin də qlobal iqtisadiyyatdakı risqlərdən qaçmaq üçün maliyyə bazasını dollardan qızıla çevirir. Çin bu istiqamətdə təkcə cari ilin ötən dövründə 500 milyon dollarlıq qızıl alıb. Çin Dövlət Valyuta İdarəsi bildirib ki, ölkənin Mərkəzi Bankı 79 milyard dollar olan qızıl aktivlərini artıq 79 milyard 498 milyon dollara çatdırıb. Mütəxəssislər Çinin bu addımı ABŞ-la yaşanan ticari gərginliyə görə atdığını deyir. Vuhan Universiteti Maliyyə və Qiymətli kağızlar İnstitutunun direktoru Donq Denqksin qeyd edir ki, qlobal sistemdə hegemoniya qurmağa çalışan ABŞ-ın etibarlılığı azalır. Bunun nəticəsində bir çox dünya ölkələri maliyyə bazasını dollarla saxlamağa çəkinir. Buraya Yaponiya, Hindistan və Almaniya kimi ölkələr də daxildir. Ekspertlər hesab edir ki, Avropa İttifaqı, Çin, Rusiya, Hindistan, Türkiyə kimi böyük ölkələr və iqtisadi güc sahiblərinin dollara qarşı indiki fəaliyyəti davam edərsə, ABŞ valyutasının hegemonluğuna son qoyulması qaçılmaz olacaq. Əslində, dünya ticarətində dolların payının getdikcə azalması artıq bu prosesin başlandığını göstərir. Digər tərəfdən bəllidir ki, hazırda ABŞ koronavirusa yoluxma və ölüm hallarının sayına görə dünyada birinci yerdə qərarlaşıb. Ölkənin virusdan iqtisadi müstəvidə də böyük zərər görməsinin davam edəcəyi proqnozlaşdırılır. Məhz bu fonda iqtisadiyyat sürətlə zəifləyir və buna paralel olaraq da dollara etimad azalır. Belə vəziyyətdə hesab edilir ki, Azərbaycan da, digər ölkələr kimi, bu gedişlə valyuta ehtiyatlarında dolların payını azaltmalı olacaq. Xatırladaq ki, ölkəmiz son dövrlərdə dollar ehtiyatının bir hissəsini qızıla çevirib və bu prosesin daha da genişlənməsi gözlənir.

Ramil QULİYEV

 

Mənbə: www.baki-xeber.com