Azərbaycanda Elektron Su Təsərrüfatı İnformasiya Sistemi yaradılıb

Azərbaycanda Elektron Su Təsərrüfatı İnformasiya Sistemi yaradılıb

"Azərbaycanda su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi, su təsərrüfatının idarə olunmasının təkmilləşdirilməsi və bu sahədə fəaliyyətin əlaqələndirilməsi məqsədilə müvafiq sərəncamınızla Komissiya yaradılıb. Komissiyaya su təsərrüfatı üzrə idarəetmədə sahələrarası koordinasiyanın zəif olması, sudan istifadədə itkilərin yüksək olması, sudan qənaətlə istifadə edilməməsi, suvarmada suya qənaət edən müasir texnologiyalardan istifadənin aşağı səviyyədə olması, nəzarətdənkənar qoşulmalar, uçot və nəzarət sisteminin zəif olması kimi problemlərin həlli istiqamətində tədbirlərin görülməsi tapşırılıb".
Modern.az xəbər verir ki, bunu Prezident İlham Əliyevin sədrliyi ilə Nazirlər Kabinetinin 2020-ci ilin birinci yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında iqtisadiyyat naziri Şahin Mustafayev bildirib.
"Komissiya intensiv fəaliyyətə başlayıb, bütün aidiyyəti qurumların koordinasiyası təmin edilib su ehtiyatları barədə operativ məlumat sistemi qurulub, alınan məlumatların gündəlik təhlili və nəzarət təmin olunub. Vəziyyətin ciddiliyi nəzərə alınaraq, xüsusi əhəmiyyətə malik Mingəçevir və Ceyranbatan su anbarları üzrə suvarma, içməli su təchizatı və energetika məqsədləri üçün sudan istifadə rejimi təsdiq olunub və Komissiyada mütəmadi baxılır. Məhdud su ehtiyatlarının ədalətli, optimal və proporsional bölgüsü prinsipi əsasında 570 mindən artıq əkin sahəsi üzrə suvarma qrafikləri tərtib olunub. Yaradılmış proqram təminatı sayəsində qrafiklər Elektron Kənd Təsərrüfatı İnformasiya Sisteminə inteqrasiya olunur. Suvarmaya dair problemlərin operativ qaydada həlli məqsədilə Kənd Təsərrüfatı Nazirliyi ilə “Azmelsutəsərrüfat” ASC-nin fəaliyyəti əlaqələndirilib, “Çağrı mərkəzi” (8770) yaradılıb. Çoxsaylı müraciətlərə fərdi qaydada baxılması üçün iş aparılır", - deyə o, qeyd edib.
Bundan başqa, nazirin sözlərinə görə, operativ tədbirlərlə yanaşı, ölkə üzrə ilk dəfə su təsərrüfatı balansı tərtib edilib: "Su ehtiyatlarının formalaşması və istifadəsi üzrə ümumi dəyərləndirmələrin aparılmasına imkan verən su təsərrüfatı balansı əvvəlki üç ilin faktiki, cari ilin gözlənilən və növbəti ilin proqnoz göstəricilərini əks etdirir.
Su təsərrüfatı balansının formalaşması üçün su təsərrüfatı subyektlərinin məlumatlarının elektronlaşdırılması və hesabatın alınması ilə bağlı “Elektron su təsərrüfatı” informasiya sistemi yaradılıb. Hazırda su təsərrüfatı balansı sistemə ayrıca modul şəklində daxil edilmişdir. Eyni zamanda, su obyektlərində müasir ölçmə cihazlarının quraşdırılması həyata keçirilir. Növbəti mərhələlərdə aidiyyəti qurumların informasiya sistemlərinin inteqrasiyası və su obyektləri üzrə məlumatların real vaxt rejimində sistemə ötürülməsi təmin ediləcək. Ölkədə su ehtiyatlarının artırılması və bu istiqamətdə dağ çaylarının sularının yığılması üçün relyefə uyğun yaradılması nəzərdə tutulan sututarlar üzrə prioritet layihələrə, habelə içməli su təchizatı üçün yeni mənbələrin müəyyən edilməsinə dair təkliflər hazırlanır.
Bununla yanaşı, itkilərin azaldılması həlli vacib istiqamətlərdəndir. Suvarma sahəsində itkilərin əsas səbəblərindən biri suvarma kanallarının əksəriyyətinin torpaq məcralardan olmasıdır. İtkilərin azaldılması və su ehtiyatlarının səmərəli istifadəsi məqsədilə də prioritet layihələrlə bağlı təkliflər hazırlanır.
Tapşırıqlarınıza uyğun olaraq, su ehtiyatlarından səmərəli istifadənin təmin edilməsi ilə bağlı kompleks tədbirlərin həyata keçirilməsi üzrə təkliflər yaxın müddətdə Sizə təqdim olunacaq".

Mənbə: modern.az