Sahibkarların dövlət tərəfindən dəstəklənməsi özəl sektorun inkişafına mühüm təsir göstərir

Sahibkarların dövlət tərəfindən dəstəklənməsi özəl sektorun inkişafına mühüm təsir göstərir

Azərbaycanda son 17 il ərzində investisiya fəaliyyətinin genişləndirilməsinə, biznes mühitinin yaxşılaşdırılmasına, sənaye istehsalının artırılmasına, qeyri-neft sektorunun inkişaf etdirilməsinə ciddi önəm verilib. Bu istiqamətdə qarşıya qoyulan əsas vəzifələr sərmayə qoyuluşunun artırılması, sahibkarların ixrac potensialının gücləndirilməsi, investisiya imkanlarının genişləndirilməsi, potensial tərəfdaşların tapılması və birgə əməkdaşlıq layihələrinin həyata keçirilməsi olub.

Azərbaycanın dünya miqyasında sabit iqtisadiyyata malik dövlət, beynəlxalq birliyin etibarlı tərəfdaşı kimi tanınması ölkəmizə investisiya axınını şərtləndirib. Bu məsələdə hökumət tərəfindən “açıq qapı” siyasətinin reallaşdırılması da stimullaşdırıcı rol oynayıb. Bu, öz ifadəsini investorların hüquq və mənafelərinin qorunmasında, mülkiyyətin toxunulmazlığında, yerli və xarici sahibkarlara bərabər şəraitin yaradılmasında daha qabarıq büruzə verib. “İnvestisiya fəaliyyəti haqqında”, “Xarici investisiyaların qorunması haqqında”, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” qanunların və bir sıra normativ sənədlərin qəbulu məhz bu məqsədi daşıyıb. Bundan savayı, Azərbaycan hökuməti ilə xarici dövlətlər arasında investisiyaların təşviqi və qarşılıqlı qorunması ilə bağlı çoxsayda saziş imzalanıb. Avropa İttifaqının 20-dən çox üzv ölkəsi ilə respublikamız arasında ikiqat vergitutma aradan qaldırılıb.
Dövlət başçısının rəhbərliyi ilə iqtisadiyyatın bütün sahələrini əhatə edən islahatlar hüquqi-siyasi istiqamətdə həyata keçirilməklə, həm də sahibkarlığın inkişafına güclü təkan verib. Başqa sözlə, iqtisadiyyatın bütün sahələrində dövlət öz imkanları hesabına müasir sahibkarlıq subyektlərinin formalaşmasına geniş imkan yaradıb, onların öz potensiallarından səmərəli istifadə etmələri üçün əlverişli mühit formalaşdırıb. Bu isə iqtisadiyyatın, xüsusilə də qeyri-neft sektorunun inkişafını sürətləndirib. Sahibkarların fəaliyyətinə əsassız və qanunsuz müdaxilələrin, bürokratik yoxlamaların aradan qaldırılması, liberal biznes mühitinin formalaşdırılmasının xüsusi diqqət mərkəzində saxlanılması da investisiya mühitinin yaxşılaşdırılmasına müsbət təsir göstərib.
Burada bir məqamı da diqqətə çatdırmaq istərdik. Belə ki, son illərdə təbii fəlakət və digər hadisələr nəticəsində zərərçəkmiş sahibkarlara dəymiş ziyanın hesablanaraq kompensasiya ödənilməsi, eyni zamanda, onlara güzəştli şərtlərlə kreditlərin verilməsi, habelə onların qısa müddətdə işlə təmin edilməsi barədə dövlət başçısının sərəncamları Azərbaycan sahibkarları və sadə vətəndaşlar arasında böyük rəğbətlə qarşılanıb.
Bu ilin əvvəlindən başlayaraq isə bütün bəşəriyyət, eləcə də xalqımız görünməz bir düşmənə-COVİD-19 pandemiyasına qarşı mübarizə aparır. Ölkə Prezidenti İlham Əliyevin təşəbbüsü və rəhbərliyi ilə Azərbaycanda koronavirus xəstəliyinin yayılmasının qarşısının alınması üçün çevik və zəruri qabaqlayıcı addımlar atılır, bu istiqamətdə ölkəmiz qlobal həmrəylik nümayiş etdirərək dünyada öz fəal rolunu oynayır.
Prezidentin təşəbbüsü ilə təsis edilən Azərbaycanda Koronavirusla Mübarizəyə Dəstək Fonduna ianələrin köçürülməsi və işçilərin ixtisar olunmaması ilə bağlı çağırışlara sahibkarlar da qoşularaq cəmiyyətdə yüksək həmrəylik nümayiş etdirirlər.
Yeri gəlmişkən, Azərbaycan Prezidentinin 19 mart 2020-ci il tarixli sərəncamı ilə pandemiyanın məşğulluğa, sahibkarlara və iqtisadiyyata mənfi təsirlərinin azaldılması məqsədilə Nazirlər Kabineti tərəfindən təsdiq olunan Tədbirlər Planından irəli gələn məsələlərin maliyyələşdirilməsi üçün dövlət büdcəsindən və digər maliyyə resurslarından ayrılan ümumi maliyyə dəstək paketi 3,5 milyard manatdan artıq təşkil edib. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin məşğulluq tədbirlərinin və birdəfəlik aylıq yardımların maliyyələşməsi artıq həyata keçirilib, İqtisadiyyat Nazirliyinin Sahibkarlığın İnkişafı Fondu vasitəsilə sahibkarlara maliyyə dəstəyi tədbirləri isə mütəmadi olaraq həyata keçirilməkdədir.
Belə bir çətin şəraitdə Azərbaycan hökuməti ölkə sahibkarları üçün dəstək mexanizmlərini işə salıb, pandemiyadan zərər çəkən iqtisadi fəaliyyət sahələrinə Vergi Məcəlləsində güzəştlər nəzərdə tutulub. Qanunda həmin sahələrin adı verilməklə, karantin rejiminin sərtləşdirilməsi və yumşaldılması dövründə yeni fəaliyyət sahələri əlavə edilərək, onların da bu güzəştlərdən faydalanması nəzərdə tutulub. Sənədə əsasən, pandemiyadan zərər çəkən sahibkarlıq subyektləri 2020-ci il üzrə əmlak və torpaq vergisindən azad ediliblər. Onlara 2020-ci ilin nəticələrinə görə, mənfəətdən 75 faizlik güzəştin verilməsi nəzərdə tutulub. Mənfəət vergisi ödəyicilərinin 2019-cu ilin nəticələrinə görə mənfəət vergilərinin də ödənilməsi martın 31-dən sentyabrın 1-dək təxirə salınıb.
Mikrosahibkarlar xüsusi həssas kateqoriyaya aid olduğu üçün hansı sahədə fəaliyyət göstərmələrindən asılı olmayaraq, hazırda onlar üçün Vergi Məcəlləsində mövcud 2 faizlik sadələşdirilən verginin dərəcəsi bu il 1 faizə endirilib.
Sadələşdirilən verginin xüsusi növləri olan, məsələn, ictimai iaşə obyektləri üzrə sadələşdirilən vergi 8 faizdən 4 faizə, sərnişindaşıma sahəsində fəaliyyət göstərən sahibkar üçün isə nəqliyyat vasitəsində oturacaqların sayına görə sadələşdirilən verginin dərəcəsinin 50 faiz aşağı salınması da nəzərdə tutulur.
Bununla bərabər, bütün sahibkarlıq subyektlərində fiziki şəxslərdən icarəyə götürülən daşınmaz əmlaka görə mənbədən tutulan 14 faizlik vergi 7 faizə endirilir.
Nazirlər Kabinetinin cari ilin ilk yarısının sosial-iqtisadi inkişafının yekunlarına və qarşıda duran vəzifələrə həsr olunan iclasında hesabat dövründə altı ayda investisiya proqramının 40 faiz səviyyəsində icra edildiyi vurğulanıb. Bildirilib ki, bu dövrdə inflyasiya səviyyəsinin 3 faiz həddində olmasına baxmayaraq, 2020-ci ilin iyun ayında ölkə iqtisadiyyatında muzdla çalışan işçilərin orta aylıq nominal əməkhaqqı əvvəlki ilin müvafiq dövrünə nisbətən 25 faiz artaraq 729 manat təşkil edib, muzdla çalışan işçilərin sayı isə ötən ilin eyni dövrü ilə müqayisədə 91 min nəfər və ya 5,7 faiz artaraq 1,7 milyon nəfərə çatıb.
Nazirlər Kabinetinin Tədbirlər Planının növbəti istiqaməti pandemiyadan zərər çəkən sahələrdə çalışan muzdlu işçilərin əməkhaqqının müəyyən hissəsinin ödənilməsi və fərdi sahibkarlara, o cümlədən mikrosahibkarlara maliyyə dəstəyinin göstərilməsidir. Cari il iyulun 1-dək muzdlu işçilərin əməkhaqlarının kompensasiyası çərçivəsində 24 min 300 vergiödəyicisi üzrə 210 min muzdlu işçiyə 95 milyon manat vəsait ödənilib. Bundan başqa, mikrosahibkarlara maliyyə dəstəyi paketi çərçivəsində 105,6 min vergiödəyicisinə 63 milyon vəsait ayrılıb.
Tədbirlər Planının xüsusi önəm daşıyan məqamlarından biri də pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarlıq subyektlərinə veriləcək 500 milyon manat yeni bank kreditləri üzrə dövlət zəmanətlərinin verilməsi və 1 milyard həcmində mövcud kreditlər üzrə faizlərin subsidiyalaşdırılmasıdır. Hazırda hər iki mexanizm İqtisadiyyat Nazirliyi tərəfindən yaradılan və ölkədə ilk dəfə tətbiq olunan rəqəmsal kredit platforması vasitəsilə həyata keçirilir.
Bununla yanaşı, biznes kreditlərinə dövlət zəmanətinin verilməsi və həmin kreditlər üzrə faizlərin subsidiyalaşdırılması mexanizminə əsasən, 500 milyon manat həcmində yeni biznes krediti portfelinin 60 faizədək hissəsinə dövlət zəmanəti verilir, həmçinin həmin kreditlərin illik faiz dərəcəsinin 50 faizi dövlət tərəfindən maliyyələşdirilir. Bu mexanizm müddəti 3 ilədək, illik faiz dərəcəsi 15 faizdən çox olmayan kreditlərə şamil edilir. Bu kreditlər üzrə güzəşt müddəti 12 aya qədərdir.
Qeyd olunan mexanizm ilk dəfə tətbiq olunan Elektron Kredit Platforması vasitəsilə həyata keçirilərək, sahibkarlıq subyektinin müraciətinə sürətli kredit (200 min manatadək) üzrə 7 iş günü, ənənəvi kredit üzrə isə 10 iş günü ərzində baxılır.
Tətbiq edilən digər yeni mexanizmə uyğun olaraq, pandemiyadan zərər çəkən sahələrdə fəaliyyət göstərən sahibkarların dövlət zəmanəti olmayan mövcud 1 milyard manat kredit portfeli üzrə bu il martın 10-dək manatla aldıqları kreditlərin illik faiz dərəcəsinin 10 faiz bəndi mart ayından başlayaraq 12 ay ərzində dövlət tərəfindən maliyyələşdirilir.
Bu gün hər bir sahibkar anlayır ki, Azərbaycanın tərəqqisi və gələcək inkişafı üçün ölkə Prezidenti İlham Əliyevin rəhbərliyi ilə həyata keçirilən genişmiqyaslı tədbirlər davam etdirilməli və onlar bir iş adamı olaraq bu işdə irəlidə getməlidirlər.
Bütün həyata keçirilən tədbirlər isə dövlətimizin başçısının uzaqgörən siyasəti, prinsipiallığı və beynəlxalq aləmdə qazandığı yüksək etimad sayəsində reallaşır. Dünyanın siyasi və iqtisadi məkanında mövqeyini gündən-günə gücləndirən Azərbaycanın adı isə artıq inkişaf etməkdə olan ölkələr sırasında çəkilir.

Mənbə: xalqqazeti.com