Azərbaycanda məşğulluğun və sosial rifahın dəstəklənməsi siyasəti davam etdirilir

Azərbaycanda  məşğulluğun və sosial rifahın dəstəklənməsi siyasəti davam etdirilir

Əhalinin sosial müdafiəsinin gücləndirilməsi ölkə başçısının həyata keçirdiyi siyasətin mərkəzində dayanır

Dünya iqtisadiyyatını çökdürən, insanların maddi-rifah halına mənfi təsir göstərən koronavirus (KOVİD-19) pandemiyası yayılandan bəri dünya ölkələri ən müxtəlif formada mübarizə tədbirləri ortaya qoyublar. Heç şübhəsiz ki, başlıca məqsəd dövlətlərin dayanıqlı iqtisadiyyatını və insanların sağlamlığını təmin etməyə hesablanmış mübarizə tədbirləri qismən səmərə versə də hələ də bu istiqamətdə çalışmalar davam etməkdədir. Təcrübə göstərdi ki, bu cür hadisələrə qarşı düşünükmüş qabaqlayıcı tədbirlər həyata keçirən ölkələr daha az itkilərə məruz qalırlar. Fakt isə ondan ibarətdir ki, dövlətlər inkişaf səviyyəsindən, pandemiyaya yanaşma tərzindən asılı olaraq koronavirusa qarşı mübarizədə fərqli yanaşma metodlarını ortaya qoyublar. Qətiyyətlə demək olar ki, Azərbaycan hökuməti də pandemiyanın ilk günlərində qəbul etdiyi qərarlar və tətbiq etdiyi karantin rejimi nəticəsində vəziyyəti nəzarət altında saxlamağa nail olub. Prezdent İlham Əliyevin rəhbərliyi altında koronavirusa qarşı tələb olunan bütün tədbirlər həyata keçirilib. Hazırda da Azərbaycan dövləti əhalinin təhlükəsizliyi və sağlamlığının qorunması üçün effektiv, ən təxirəsalınmaz tədbirləri həyata keçirməkdə davam edir. Bu da olduqca təhlükəli virusdan Azərbaycan əhalisinin sağlamlığının qorunması, xalqımızın bu bəladan daha az itkilərlə xilas olması ilə bağlı görülən mühüm işlər uğurlu nəticələrini göstərməkdədir. Vaxtında atılan addımlar, verilən müdrik qərarlar, həyata keçirilən layihələr bir daha sübut edir ki, möhtərəm Prezidentimizin siyasətinin mərkəzində Azərbaycan vətəndaşı dayanır, xalqının rifahı onun üçün hər şeydən üstündür.

Məlumat üçün qeyd edək ki, Prezident İlham Əliyevin rəhbərliyi ilə ölkədə koronavirus (COVID-19) pandemiyasına qarşı genişmiqyaslı tədbirlər görülməklə, məşğulluğa və sosial rifaha dəstək məqsədilə fəal siyasət aparılır. Dövlət başçısının 19 mart 2020-ci il tarixli Sərəncamının icrası ilə bağlı təsdiqlənmiş Tədbirlər Planında məşğulluğa və sosial rifaha dəstək məqsədilə 4 istiqamət üzrə 12 tədbir əksini tapıb. 17 apreldə Azərbaycan Respublikasının Prezidenti tərəfindən elan edilən yeni dəstək tədbirləri ilə bu məqsədlər üçün 600 milyon manat vəsait ayrılıb. Ümumilikdə Tədbirlər Planı üzrə ayrılan vəsait təqribən 3,5 milyard manat təşkil edib. Dövlətin pandemiya dövründə həyata keçirdiyi tədbirlər yalnız bundan ibarət olmayıb, eyni zamanda iş yerlərinin və əməkhaqlarının qorunması məsələsi də prioritet təşkil edib. Konkret olaraq dövlət və qeyri-dövlət sektoru üzrə iş yerlərinin və işçilərin əməkhaqqı gəlirlərinin qorunması üçün məqsədyönlü tədbirlər görülüb. Nəticədə işçilərlə sahibkarlar arasında bağlanan əmək müqavilələrinin sayında azalma deyil, əksinə, artım baş verib. Rəsmi statistik məlumata görə, 1 yanvar 2020-ci ildən özəl sektorda əmək müqavilələrinin sayında 110 minədək, yəni 17 faizlik artım baş verib. Əmək müqaviləsi ilə özəl sektorda işləyən insanların sayı 751,3 minə çatıb. Əmək müqavilələrinin sayının artımı nəticəsində əməkhaqqı fondunda 8,24 faiz artım baş verib, o cümlədən özəl sektor üzrə bu artım 14 faizdən çox olub. Bundan başqa, 300 min muzdlu işçinin əmək haqlarının bir hissəsi maliyyələşdirilib və təqribən 300 min fərdi sahibkara dəstək verilib.

Dövlət həmçinin bu dövr ərzində əhalinin məşğulluq imkanlarının artırılması məsələsini də xüsusi diqqətdə saxlayıb. Belə ki, dövlət başçısının tapşırığına əsasən, ödənişli ictimai iş yerlərinin sayı 38 mindən 90 minə çatdırılıb, artıq 65 min insan əmək müqaviləsi ilə bu işlərə cəlb olunub. Prezident İlham Əliyevun tapşırığına əsasən Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən mütəmadi monitorinqlər aparılır, işçilərin işə davamiyyəti, xüsusilə işçilərin əməkhaqqı kartlarının özlərində olub-olmaması yoxlanılır. Şəffaflığın, ictimai nəzarətin təmin edilməsi üçün həm 190 manatlıq ödəniş, həm də ictimai işçilərin hər birinin siyahısı elektron portal vasitəsilə ictimaiyyətə açıqlanıb. Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən bildirilib ki, əhalinin sosial müdafiəsinin gücləndirilməsi ölkə başçısının həyata keçirdiyi siyasətin mərkəzində dayanır. Məhz yürüdülən siyasətin nəticəsidir ki, bu il əhaliyə ödənişlər ötən illə müqayisədə 450 milyon manat artıq olub. 2020-ci ilin 6 ayının göstəricilərinə görə, yaşa görə pensiyanın məbləği 307, ailə başçısının itirməyə görə isə 308 manata yüksəlib. Beləliklə, MDB ölkələri ilə müqayisədə ölkəmizdə pensiyanın alıcılıq qabiliyyətinə görə birinci yerə yüksəlib. Həyat keçirilən sosial siyasətin davamı olaraq ölkə parlamenti "Azərbaycan Respublikasının 2020-ci il dövlət büdcəsi haqqında" Qanununda dəyişiklik edilməsi barədə Azərbaycan Respublikası qanunu" təsdiq edib. Paralel olaraq "Sosial təminat və müdafiəni həyata keçirən müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) 2020-ci il büdcəsi haqqında" Azərbaycan Respublikasının Qanununda dəyişiklik edilib. Dəyişikliyi əsasən cari ilin əvvəlinə Dövlət Sosial Müdafiə Fondunun hesabında formalaşan 197,2 milyon manat sərbəst vəsaitin qalığının Fondun gəlirlərinə daxil edilməsi və xərclər üzrə yaranan 40,8 milyon manat qənaət olunmuş vəsait də nəzərə alınmaqla - cəmi 238 milyon manat vəsait hesabına dövlət büdcəsindən Fonda ayrılan transfertin məbləği 238 milyon manat azaldılır. Bu vəsait dövlət büdcəsi vasitəsilə pandemiya ilə əlaqədar sosial müdafiə və sosial təminat üzrə maliyyə dəstəyinin davam etdirilməsinə yönəldiləcək. Sadalanan faktlar bir daha deməyə əsas verir ki, Azərbaycanda koronavirus pandemiyasına qarşı düşünülmüş şəkildə mübarizə aparılır və effektli nəticələr əldə olunur. Bu istiqamətdə görülən tədbirlər isə Prezident İlham Əliyevin "Bizim dövlətimiz hər zaman vətəndaşın yanındadır" fikrinin bariz təzahürüdür.

 

Alim

Mənbə: olaylar.az