“Pandemiyanın yaratdığı əlavə xərclər var ki...” - Komitə sədri detalları açıqladı

“Pandemiyanın yaratdığı əlavə xərclər var ki...” - Komitə sədri detalları açıqladı

Pandemiya şəraitində neft məhsullarının qiymətinin aşağı düşəcəyi, büdcə gəlirlərinin təxminən 900 milyon manat azalacağı proqnozlaşdırılır. Bu ilin sonuna qədər vergi yığımlarında təxminən 685 milyon, gömrük rüsumlarından 270 milyon manat azalmanın olacağı gözlənilir. Belə bir şəraitdə cənab Prezident sosial xərclərin ixtisar edilməməsi ölkənin müdafiə və təhlükəsizlik qabiliyyətinin daha da artırılması, iqtisadi aktivliyin gücləndirilməsi ilə bağlı hökümət qarşısında mühüm vəzifələr qoydu.

Bu fikirləri Teleqraf.com-a açıqlamasında Milli Məclisin İqtisadi Siyasət, Sənaye və Sahibkarlıq komitəsinin sədri, millət vəkili Tahir Mirkişili bildirib.

O qeyd edib ki, bu vəzifələri icra etmək üçün bütövlükdə büdcəyə 1 milyard 400 milyon manata yaxın əlavə vəsait tələb olunub.

Millət vəkili vurğulayıb ki, Milli Məclisdə müzakirə edilən büdcənin dürüstləşməsində əsas məqsədlərdən biri də sosial xərclərin ixtisar edilməməsindən ibarətdir: “Əhalinin daha çox sosial və səhiyyə xidmətləri ilə əhatə olunması, ölkənin müdafiə və təhlükəsizlik potensialının daha da artırılması da burada öz əksini tapıb. Böhrandan çıxmaq üçün iqtisadi fəaliyyətin daha da aktivləşdirilməsi üçün bu maddələrin büdcədə öz əksini tapması nəzərdə tutulub”.

Komitə sədri bildirib ki, istənilən halda büdcənin gəlirlərinin qeyri-neft sektorundan azalan hissəsini Neft Fondundan əlavə 850 milyon manata transfer etməklə kompensasiya edilməsi nəzərdə tutulur.

Deputat bundan əlavə olaraq dövlət büdcəsi xərclərinin 600 milyon manata qədər artırmasının da proqnozlaşdırldığını vurğulayıb:

“Əhalinin sosial qayğı və sosial müdafiəsini təmin etmək dövlətin qarşıya qoyduğu məqsəddir. Pandemiyanın yaratdığı əlavə xərclər var ki, bunlar da yeni büdcə layihəsində nəzərdə tutulub. Səhiyyə xərclərinin təxminən 400 milyon manat artırılması bu sahədə qarşıya qoyulan vəzifələrin icrasını təmin edəcək. Çünki pandemiyanın nə vaxt bitəcəyi məlum deyil. Ona görə də, səhiyyənin gücləndirilməsi dolayısı ilə əhalinin sağlamlığının və sosial vəziyyətinin qorunmasına xidmət etmiş olacaq”.

Tahir Mirkişili sahibkarlara köməyin davam etdirilməsi üçün də büdcədən əlavə 100 milyon manat vəsaitin ayrılmasının nəzərdə tutulduğunu qeyd edib.

O bildirdib ki, Nazirlər Kabinetinin qərarı ilə sahibkarlıq subyektlərinə olan dəstəyin bir ay daha uzadılması ilə bağlı qərar verilib:

“Əməkhaqqı fondlarının, iqtisadi aktivliyin daha da artırılması üçün ölkədə investisiya xərclərinin saxlanılması üçün əlavə 230 milyon manatdan çox vəsait nəzərdə tutulub. Bütün bunlar isə indiki durumda qarşıya qoyulan məqsədlərə nail olmaq üçün büdcənin daha çevik olmasına şərait yaradacaq. Çünki qeyri-standart bir situasiya ilə qarşılaşmışıq. Belə bir situasiyada daha çevik olmaq, ehtiyatlarımızdan yararlanaraq xərclərə ciddi nəzarət etməklə qarşıya qoyulan məqsədə nail olmaq mümkündür”.

 

Mənbə: teleqraf.com