BTE satışa başlamayıb: “Hansı ağıllı adam ona inanar ki, fabrik işçisi deyir, məktəblər açılacaq” - ŞÖBƏ MÜDİRİ

BTE satışa başlamayıb: “Hansı ağıllı adam ona inanar ki, fabrik işçisi deyir, məktəblər açılacaq” - ŞÖBƏ MÜDİRİ

"Bakı Tikiş Evi" (BTE) məktəbli formalarının satış mağazalarını hələ açmayıb.

Bu barədə Cebhe.info-ya açıqlamasında "Bakı Tikiş Evi"nin satış şöbəsinin müdiri Etibar Əzimov bildirib.

O deyib ki, fakrik özbaşına mağazalarını aça və ya forma tikə bilməz. Bunun üçün Təhsil Nazirliyinin və ya Nazirlər Kabineti yanında Operativ Qərargahın tədris müəssisələrinin açılması ilə bağlı qərarı olmalıdır:

“Belə bir qərar qəbul edilməyib və bizə bildirilməyib. Mağazalarımız da açılmayıb və nə vaxt açılacağı bilinmir. İbtidai siniflər üçün məktəblərin açılıb-açılmaması qərarını yalnız Operativ Qərargah və ya Təhsil Nazirliyi verə bilər. Ötən dəfə bu fikri də mənim adımdan yazıblar. Mən Operativ Qərargah və ya Təhsil Nazirliyi deyiləm. Kiməm ki, deyim ki, məktəblər açılacaq. Hansı ağıllı adam ona inanar ki, fabrik işçisi deyir ki, məktəblər açılacaq. Mən belə bir söz deyə bilmərəm. Buna nə ixtiyarım çatır, nə də mənə aidiyyəti var”.

Etibar Əzimov onu da əlavə edib ki, "Bakı Tikiş Evi"nin anbarlarında ötən il tikilən məktəbli geyimləri qalıb. Tədris müəssisələrinin açılmasına qərar verilən kimi yenidən məktəbləri formalarla təmin etmək üçün fəaliyyətə başlayacaqlar. İndiki halda fabrik gözləmə mövqeyindədir.

Alçina Amilqızı
Cebhe.info

Mənbə: cebhe.info