Sahil Babayev: “Davamlı iş yerlərinin 95 faizi tam şəkildə komplektləşdirilib”

Sahil Babayev: “Davamlı iş yerlərinin 95 faizi tam şəkildə komplektləşdirilib”

“Digər bir istiqamət olaraq, işsiz və qeyri-formal işləyən şəxslər üçün xüsusi olaraq yaradılan haqqıödənilən ictimai işlər proqramı idi”.

APA-nın məlumatına görə, bunu avqustun 6-da Azərbaycan Respublikasının Prezidenti İlham Əliyevin ölkəmizdə koronavirus pandemiyası ilə mübarizə sahəsində görülən tədbirlər və sosial-iqtisadi vəziyyətlə bağlı videoformatda keçirdiyi müşavirədə Əmək və Əhalinin Sosial Müdafiəsi naziri Sahil Babayev deyib.

Nazir bildirib ki, bu iş yerlərinin sayı da 90 minə qədər artırılıb: “Onlardan 38 mini davamlı iş yerləridir, 52 mini isə ikiaylıq iş yerləri idi. Bu proqram da uğurla icra olunur”.

S. Babayevin sözlərinə görə, davamlı iş yerlərinin 95 faizi, ikiaylıq iş yerlərinin isə 50 faizi tam şəkildə komplektləşdirilib: “Sizin tapşırığınızla, əlavə olaraq, özünüməşğulluq proqramının genişləndirilməsinə başlanıldı. Bu proqrama Dünya Bankı, BMT-nin İnkişaf Proqramı, Heydər Əliyev Fondunun “Regional İnkişaf” İctimai Birliyi, yerli banklarımız qoşuldu. Dövlət qurumlarımızdan İqtisadiyyat Nazirliyi yanında Kiçik və Orta Biznesin İnkişafı Agentliyi, “ASAN xidmət”in yanında ABAD, Qida Təhlükəsizliyi Agentliyi, Kənd Təsərrüfatı Nazirliyi, yəni çox geniş bir əhatə dairəsi yaradaraq kiçik və mikrosahibkarlığın, əhalinin məşğulluğunun təşkil edilməsi baxımından bu proqramın icrasına başlanmışdır”.

Mənbə: apa.az